Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasında (MBNP) Dünya Bankının (DB) Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molineus, Azərbaycan üzrə direktoru Naveed Hassan Naqvi və maliyyə sektoru üzrə baş mütəxəssisi, həmçinin Maliyyə Sektorunun Müasirləşdirilməsi Layihəsinin ikinci fazasının (FSMP2) rəhbəri Anjela Priqojinadan ibarət nümayəndə heyəti ilə görüş keçirilib. Görüş zamanı qarşılıqlı əməkdaşlıq çərçivəsində görülən işlərə toxunulub, perspektiv məsələlər müzakirə edilib.
MBNP-dən “APA-Economics”ə verilən məlumata görə, Palatanın İdarə Heyətinin sədri vəzifəsini icra edən İbrahim Alışov ölkədə həyata keçirilən kompleks islahatların davamı kimi maliyyə sektorunun sağlamlaşdırılması və maliyyə sabitliyinin təmin olunması istiqamətində görülmüş işlər barədə məlumat verərək bu islahatların beynəlxalq nüfuzlu qurumlar və reytinq agentlikləri tərəfindən müsbət qiymətləndirildiyini diqqətə çatdırıb. Belə ki, Azərbaycanın maliyyə bazarlarında hal-hazırda da davam edən pozitiv trendlər Beynəlxalq Valyuta Fondunun (IMF) son hesabatında müsbət qiymətləndirilib, “Fitch”, “Moody’s” və S&P kimi reytinq agentliklərinin Azərbaycan haqqında göstəricilərində müsbət dinamika müşahidə olunub.
Həmçinin, ölkədə makroiqtisadi sabitliyin təmin olunması istiqamətində həyata keçirilən genişmiqyaslı islahatlar barədə danışan İ. Alışov maliyyə bazarlarında dayanıqlı inkişafın mühüm ünsürlərindən biri kimi fiziki şəxslərin problemli kreditlərinin həll olunması istiqamətində ölkə başçısı tərəfindən imzalanmış “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərman, bu Fərman çərçivəsində sektorun sağlamlaşdırılması və effektivliyinin artırılması məqsədilə görülmüş işlər və bu işlər nəticəsində əldə olunmuş statistik nəticələr barədə məlumat verib.
Eyni zamanda, maliyyə bazarlarındakı sabitliyin nəzarətdə saxlanılması və beynəlxalq təcrübənin öyrənilərək Azərbaycanda tətbiq olunması məqsədilə Palatanın beynəlxalq maliyyə qurumları ilə intensiv əlaqələrin yaradılmasına xüsusi önəm verdiyi vurğulanıb. Belə ki, Palatanın Bazel Komitəsinin Bazel Konsultativ Qrupuna üzv qəbul edildiyi, 40-dan artıq beynəlxalq təşkilat və xarici dövlətin nəzarət orqanları ilə məhsuldar əməkdaşlığın həyata keçirildiyi, bu çərçivədə Azərbaycanın daşınar əmlakın yüklülüyünün dövlət reyestri sahəsində təkmil təcrübəsinin Gürcüstan tərəfindən öyrənilərək tətbiq edilməsi istiqamətində işlərin aparıldığı, o cümlədən Qırğızıstanın bu təcrübədən yararlanmaqda maraqlı olduğu diqqətə çatdırılıb.
Öz növbəsində, Sebastian Molineus Palatanın qlobal bazarlarda enerji daşıyıcılarının qiymətlərinin kəskin azalması nəticəsində maliyyə sektorundakı böhran fonunda yaradılmasına baxmayaraq, qısa müddət ərzində çox böyük uğurlar əldə etdiyini vurğulayaraq sektora yönəlmiş islahatların makroiqtisadi sabitliyin və maliyyə inklüzivliyinin təmin olunmasında çox böyük əhəmiyyəti olduğunu qeyd edib. S.Molineus, ümumilikdə, Palata tərəfindən həyata keçirilmiş tədbirlərin Dünya Bankı tərəfindən yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.