Dünya Bankı (DB) Özbəkistanda 23 layihənin həyata keçirilməsinə 4.1 milyard dollar yatırır.
Bu barədə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Dünya Bankının vitse-prezidenti Anna Berdenin görüşündə deyilib.
Qeyd olunub ki, bu vəsait energetika, nəqliyyat, su təchizatı, səhiyyə, təhsil, kənd təsərrüfatı və digər sahələrdə aparılan islahatlara yönəldiləcək. Bildirilib ki, Dünya Bankının layihələr portfeli ümumiyyətlə 7 milyard dolları əhatə edir.
A.Berde deyib ki, bank Özbəkistanın iqtisadiyyatına və sosial sahənin inkişafına yardımı bundan sonra da davam edəcək.
Görüşdə Özbəkistanla Dünya Bankı arasında tərəfdaşlıq münasibətlərinin konkret istiqamətləri də müəyyənləşdirilib. Belə ki, tərəflər kənd yerlərində sahibkarlığı inkişaf etdirməklə kasıblığın azaldılması, qadınlara və gənclərə işgüzar mühitin yaradılması, ali təhsil və səhiyyə sahələrində islahatlar aparılması, regionların sənayeləşdirilməsi, ortahəcmli şəhərlərin inkişaf layihələrinin davam etdirilməsi, ölkədə inkişafın innovasiya modelinə keçirilməsi, korrupsiya ilə mübarizə tədbirlərinin davam etdirilməsi, dövlətin inkişaf institutlarının potensialının yüksəldilməsi sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub.