10 C
Baku
Friday, December 13, 2024

Dünya Bankı: Uçot dərəcəsinin artırılması təşviş və xaosa səbəb ola bilər

Dünya Bankı (DB) ABŞ Federal Ehtiyat Sisteminə (FES) sentyabrın 17-də keçiriləcək növbəti iclasında uçot dərəcəsini artırmamağı tövsiyə edib. “Financial Times”ın verdiyi xəbərə görə, DB-nin baş iqtisadçısı Kauşik Basu bildirib ki, FES-in sentyabrda uçot dərəcəsini artırma mərhələsinə başlaması inkişaf etməkdə olan ölkələrin maliyyə bazarlarında “təşviş və xaos” yarada bilər. O, faizlərin artırılması prosesinin qlobal iqtisadiyyata mənfi təsiri edəcəyini vurğulayıb.

Baş iqtisadçı qeyd edib ki, öz-özündə faizlərin artırılması böyük böhrana səbəb olmayacaq, lakin müəyyən qeyri-sabitlik yaradacaq. K.Basu hesab edir ki, ABŞ-da uçot dərəcəsinin artırılması inkişaf etməkdə olan ölkələrdə kapital üçün təhlükə yaradacaq və bu ölkələrdən ABŞ-a kapital axınına, yəni, “şok” təsirinə səbəb olacaq. İqtisadçının fikrincə, faizlərin artırılması son zamanlar beynəlxalq maliyyə bazarlarında yaranan bədbin əhvali-ruhiyyəni bir qədər də gücləndirəcək.

“Report”un analitik qrupu hesab edir ki, FES-in sentyabrın 17-də uçot dərəcəsini artırması Azərbaycan iqtisadiyyatına da mənfi təsir edəcək. Çünki, faizlərin artırılması əsas ticarət tərəfdaşımız olan Rusiya və Türkiyənin milli valyutalarını kəskin zəiflədəcək. Bu da manata təzyiqi gücləndirəcək. Bundan başqa, uçot dərəcəsinin yüksəlməsi dolların mövqelərini gücləndirəcək və neftin daha da ucuzlaşmasına səbəb olacaq.

Son xəbərlər
Digər xəbərlər