Müxtəlif ölkələrin milli bankları Avropa İttifaqında siyasi qeyri-sabitliyin hökm sürməsi və avrozonada iqtisadi artımın zəif olması səbəbindən ehtiyatlanaraq avroya yatırımları azaldırlar.
Banker.az saytının Financial Times nəşrinə istinadən xəbər verir ki, İsveçrənin HSBC bankı və Central Banking Publications nəşrinin 80 ölkənin milli banklarından olan və ümumilikdə 6 trilyon avro aktivləri idarə edən nümayəndələr arasında apardığı araşdırma bu faktı sübut edir.
Bəzi ölkələrin Mərkəzi bankları tamamilə avro ilə olan aktivlərindən imtina edib, digərləri isə bu aktivləri minimuma endirib (söhbətin məhz olaraq hansı ölkələrdən getdiyi nəşr tərəfindən açıqlanmır). İnkişafda olan ölkələrin Mərkəzi bankları avroya etibar azalan banklar sırasında fəallıq nümayiş etdirir.
Sorğuda iştirak edən bank nümayəndələrinin əksəriyyəti bu valyutaya olan inamın azalmasına əsas səbəb olaraq Avropa İttifaqında siyasi qeyri-sabitliyin hökm sürməsini qeyd edib.
Qeyd edək ki, 2017-ci ildə Almaniya və Fransa da daxil olmaqla bir neçə ölkədə seçkilər baş tutacaq. Bank nümayəndələri həmçinin avrozonada iqtisadi artımın ləng olmasından ciddi şəkildə narahat olduğunu bildirib.