24 C
Baku
Monday, April 29, 2024

Dünya qiymətlərinin funksiyaları və ona təsir edən amillər

Dünya qiymətləri – dünya bazarında satılan məhsulların beynəlxalq dəyərinin pulla ifadəsidir. Inkişaf etmiş məhsul istehsalı şəraitində dünya qiymətinin əsasında məhsul istehsalının beynəlxalq qiyməti durur. Dünya qiyməti rəqabət mühitində formalaşır.

Dünya bazarında məhsul istehsalı üzrə milli dəyər və qiymətlərin müxtəlif olması onlar arasında rəqabətin yaranmasına səbəb olur, bunun nəticəsində də beynəlxalq qiymətlər, həmçinin beynəlxalq istehsal qiymətləri və ona uyğun dünya qiymətləri formalaşır. Bununla yanaşı dünya qiymətləri dünya bazarının iqtisadi rəqabət konyunkturası ilə müəyyən olunan beynəlxalq dəyərlə (beynəlxalq istehsal qiymətləri) üst-üstə düşməyə bilər.

Dünya qiymətləri əsas satıcı, alıcı və ya əsas beynəlxalq ticarətin əsas mərkəzilərinin məhsullarının qiymətində öz əksini tapır. O, dünya bazarında sərbəst konvertasiya olunan valyuta ilə iri və müntəzəm məhsul alğı-satqısı əsasında müəyyən olunur. Məsələn, maşın, təchizat, texnologiya qiymətləri müstəsna olaraq iqtisadi inkişaf etmiş ölkələrin istehsalçılarının qiymətləridir, enerjidaşıyıcıları, metallar isə beynəlxalq ticarət birjalarında formalaşa bilər. Beynəlxalq ticarət müqavilələri dünya qiymətləri əsasında müəyyən olunur. Lakin bu əməliyyatların əsas xüsusiyyəti oxşar məhsullara çoxsaylı müxtəlif dünya qiymətlərinin olmasıdır. Bu, dünya qiymətlərinin səviyyəsinə müxtəlif amillərin (ödəniş valyutası, hesablaşma şərtləri, məhsul tədarükünün xarakteri, dövlət müəssisəsi və s.) təsir etməsi ilə bağlıdır.

1. Ümumi iqtisadi amillər: iqtisadi tsikl, məcmu tələb və təklif, inflyasiya. Bu amillər məhsulun növü və onun istehsal şəraitindən asılı olmayaraq fəaliyyətdədirlər.

2. Konkret iqtisadi amillər: xərclər, mənfəət, vergi və yığımlar, istehlak xüsusiyyətləri (keyfiyyət, etibarlılıq, xarici görünüş, prestij), əvəzedici əmtəələri nəzərə almaqla əmtəə olan tələb və təklif. Bu amillər konkret məhsulun xüsusiyyətləri, onun istehsal və satış şəraiti ilə müəyyən edilir.

3. Spesifik amillər: mövsümilik, istismar xərcləri, komplektlik, zəmanət və xidmət şərtləri. Bu amillər anacaq müəyyən əmtəə və xidmətlər üçün keçərlidir.

4. Xüsusi amillər: dövlət tənzimlənməsi, valyuta məzənnəsi. Bu amillər xüsusi mexanizmlərin və iqtisadi alətlərin fəaliyyəti ilə əlaqədardır.

5. Xarici amillər: siyasi, hərbi, dini, etnik və s.

Dünya bazar qiymətlərinin növ və səviyyəsi eləcə də, dünya təsərrüfat subyektlərinin yararlandıqları qiymət informasiyası mənbələrindən də asılıdır. Sorğu, preyskurant, birja kotirovkaları , beynəlxalq ticarət və hərrac qiymətləri, təkliflərin və ticarət müqavilələrinin hesablaşma qiymətləri və statistik qiymətlər fərqləndirilir. Dünya qiymətləri haqqında informasiya illik məcmuə, soraq kitabçası, sahəvi jurnal və kommersiya bülletenlərində dərc olunur.

Dünya qiymətlərinin bir-biri ilə qarşılıqlı asılılıqda olan müxtəlif funksiyaları mövcuddur ki, onlardan əsasları aşağıdakılardır:

  • Indikativ – konkret zaman müddətində iqtisadi vəziyyəti qiymətləndirməyə imkan verir;
  • Kommunikativ – bazar subyektləri arasında əlaqəni həyata keçirir;
  • Distribütiv – bazar subyektləri arasında gəlirlərin bölgüsünə şərait yaradır;
  • Stimullaşdırıcı – dövlətlərin və ya şirkətlərin ixrac-idxal siyasətlərində dəyişikliklərə səbəb olur;
  • Təmizləyici – məhsulları istehlakçıların tələblərinə cavab verməyən şirkətlərin bazardan getməsinə səbəb olur;
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər