Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun (IISS, Böyük Britaniya) məlumatına görə, 2023-cü ildə dünyada ən azı 183 regional münaqişə baş verib. Bu, son 30 ilin ən yüksək göstəricisidir.
Tədqiqatçılar Çin və Tayvan arasında münaqişənin başlaması, eləcə də Yaxın Şərqdə müharibənin genişlənməsi risklərinə diqqət çəkirlər. Qeyd olunur ki, bütün dünyada sərhəd toqquşmaları baş verir. Rusiya-Ukrayna münaqişəsi davam edir, Azərbaycan Qarabağ əazisi üzərində nəzarəti geri qaytarıb, Rusiya ilə Gürcüstan arasında gərginlik qalmaqdadır, Əlcəzair və Mərakeş arasında münasibətlər müasir dövrdə heç vaxt olmadığı qədər pisdir. Pakistanda daxili terrorizm daha da pisləşib, həmçinin Hindistanla münasibətlər təhlükəli nöqtəyə çatıb.
Ötən illə müqayisədə münaqişələrin qurbanlarının sayı 14%, zorakılıq hallarının sayı 28% artıb. Beynəlxalq Qızıl Xaç Komitəsinin məlumatına görə, dünyada yerli və ya regional üstünlük təşkil edən 459 silahlı qrup var. Onlar 195 milyon insana tam və ya qismən nəzarət edirlər. Münaqişə tərəfləri arasında fikir ayrılıqları iqlim böhranı ilə daha da kəskinləşir.
Təşkilat daxilində ölkələr arasında yaranan gərginlik səbəbindən BMT-nin təsiri zəifləyib. Böyük dövlətlər Təhlükəsizlik Şurasında bir-birinin qətnamələrinə veto qoyur və Qəzza zolağında müharibə kimi məsələlərdə ümumi qərara gələ bilmir.