“Bloomberg”in verdiyi məlumata görə, 2020-ci ilin birinci yarısında qlobal birləşmə və satınalma (M&A) həcmi 2019-cu ilin eyni dövrü ilə müqayisədə iki dəfə azalıb. Banker.az xəbər verir ki, agentliyin hesablamalarına görə, 2020-ci ilin ilk altı ayında M&A təxminən 1 trilyon dollar təşkil edib ki, bu da 2012-ci ildən bəri ən aşağı səviyyədir.
M&A əməliyyatlarında ən əhəmiyyətli azalma Amerikada müşahidə edilib – 69%. Maliyyə sektoruna gəldikdə, burada vəziyyət müəyyən dərəcədə yaxşı hesab oluna bilər. Belə ki, broker “Aon” 30 milyard dollara rəqibi “Willis Towers Watson”u, “Morgan Stanley” isə 13 milyard dollara “E*Trade Financial” brokerini satın alıb.
Avropa, Yaxın Şərq və Afrikada əməliyyatların həcmi 32% azalıb. Xüsusilə, “Advent International” və “Civen” arasında bağlanan müqaviləni qeyd etmək lazımdır, çünki bu müqavilə daha böyük azalmanın qarşısını almışdır. Yaxın Şərq regionunda Birləşmiş Ərəb Əmirlikləri fəal hərəkət edib: beynəlxalq şirkətlərlə müqavilə bağlayaraq, boru kəməri şəbəkəsindəki payını 10,1 milyard dollara satıb.
Asiya-Sakit Okean regionunda göstəricilər daha nikbin olub. Belə ki, burada M&A müqavilələrin həcmi cəmi 7% azalıb. Texnologiyalar, media və telekommunikasiya sahəsində hətta 13% artım müşahidə edilib. Bunun əsas səbəbkarı Asiyanın ən zəngin adamı Mukeş Ambani olub. Sqahibkar “Jio” adlı rəqəmsal platformanın səhmlərini 15 milyard dollara satıb.