2021-ci il varlanmaq üçün əla il idi. Xüsusilə milyarderlər üçün. Forbes jurnalının hesablamalarına görə, 2021-ci il yanvarın 1-dən dekabrın 10-dən dünyada 2 660 milyarderdən 1800-ü daha da varlı olub. Onların bəziləri sərvətini yüz milyonlarla, bəziləri isə milyardlarla artırıb.
Bununla yanaşı, bir kiçik milyarderlər qrupu var ki, onlar il ərzində milyardlarla dollar qazana bilib və dünyanın ən çox varlanan insanları reytinqinə daxil olub. İlk onluğa daxil olan milyarderlər sərvətini 2021-ci ildə $458 milyard artırıb. Bu, 2021-ci il yanvarın 1-dən dekabrın 10-dək olan dövrdə bütün milyarderlərin sərvətindəki ümumi artımın ($1.6 trilyon) dörddə birindən çoxdur.
Dünyanın ən varlı 10 milyarderindən altısı ABŞ-da yaşayır. Onların hamını texnologiya sənayesinin və ya əlaqəli sahələrin nümayəndəsidir. 2021-ci ildə Amerikanın ən varlı milyarderlərinin ümumi sərvəti $304 milyard artıb.
10 ən zəngin milyarderin reytinqinə (10 dekabr 2021-ci il tarixinə olan məlumat) Hindistan, Fransa, Çin və Honkonqdan olan iş adamları da daxildir.
1. İlon Mask: +$109.8 milyard
Ölkə: ABŞ
Sərvəti: $265.4 milyard
2021-ci ildə artım: +$109.8 milyard
Tesla və SpaceX-in rəhbəri İlon Maskın çılğın ili haqqında başqa nə demək olar? Kaliforniyadakı malikanələrin satışı, pop-ulduz Qrayms ilə ayrılıq, siyasətçilərlə mübahisələr və təqaüdə çıxmaq barədə fikirlər – bütün bunlar onun bir ilinə sığıb.
2021-ci ilin noyabrında iş adamı sərvəti 300 milyard dollar olaraq qiymətləndirilən tarixdə ilk şəxs olub. Lakin bu, uzun sürməyib. Mask Twitter-də bəzi səhmlərinin satışı ilə bağlı sorğu dərc etdikdən sonra Tesla-nın qiymətli kağızları sürətlə ucuzlaşmağa başlayıb.
Buna baxmayaraq, 2021-ci ildə Mask ən çox varlanmış milyarderlər reytinqində birinci yeri tutub. Ardıcıl ikinci ildir ki, onun sərvəti təxminən $110 milyard artır.
2. Qautam Adani: +$52.5 milyard
Ölkə: Hindistan
Sərvəti: $81.1 milyard
2021-ci ildə artım: +$52.5 milyard
İnvestorlar sayəsində 2021-ci ildə Hindistanın BSE SENSEX indeksi 23% yüksəlib. Nəticədə Forbes-a görə, dünyanın ən çox varlanan 10 milyarderi reytinqində ikinci yeri Adani tutub. Onun Adani Group konqlomeratı infrastrukturun inkişafı, xammal təchizatı, enerji istehsalı və daşınmaz əmlak satışı ilə məşğuldur.
2021-ci ildə Adani Gas publik şirkətinin səhmlərinin dəyəri 400%, Adani Transmission enerji şirkətinin səhmlərinin qiyməti 330%, Adani Enterprises holdinqinin səhmlərinin qiyməti isə 250% artıb.
3. Larri Peyc: +$49.1 milyard
Ölkə: ABŞ
Sərvəti: $126.3 milyard
2021-ci ildə artım: +$49.1 milyard
2021-ci il ərzində Google-un ana şirkəti Alphabet-in səhmləri 71% artıb. “GOOGL tikeri altında olan səhmlər, şübhəsiz ki, investorlar arasında çox populyardır. Dünyanın ən böyük şirkətlərinin səhmləri arasında ən az mübahisə doğuran onlardır”, – deyə JPMorgan maliyyə holdinqinin analitiki Daq Anmut söyləyib. Bu, 1998-ci ildə tələbə yoldaşı Serqey Brin ilə Google-u yaradan Larri Peyc üçün yaxşı xəbərdir. Peyc hələ də Alphabet-in əsas səhmdarlarından və idarə heyətinin üzvlərindən biridir.
4. Larri Ellison: +$47.5 milyard
Ölkə: ABŞ
Sərvəti: $135.7 milyard
2021-ci ildə artım: +$47.5 milyard
2021-ci ildə Oracle-ın təsisçisi, sədri və baş texnologiya direktoru Larri Ellisonun varlanmasına iki amil kömək edib. Birincisi, proqram təminatının istehsalçısı Oracle-ın səhmləri 61% artıb.
İkincisi, Ellison Tesla səhmlərinin artımından qazanc əldə edib. 2018-ci ildə milyarder elektromobil istehsalçısının 3 milyon səhmini alıb. O vaxtdan bəri Ellison həm də şirkətin direktorlar şurasında işləməyə başlayıb. İş adamı 10 dekabr 2021-ci il tarixinə olan məlumata görə, Tesla səhmlərinin təxminən 1.5%-nə sahibdir.
5. Serqey Brin: +$46.7 milyard
Ölkə: ABŞ
Sərvəti: $121.7 milyard
2021-ci ildə artım: +$ 46.7 milyard
Google-un ikinci qurucusu 2019-cu ildə Peyclə birlikdə şirkətdən ayrıldıqdan sonra gözdən qaçıb. Bununla belə, Brin hələ də Alphabet-in direktorlar şurasının üzvüdür. O, yeni nəsil nəhəng dirijabl istehsalçısı LTA Research and Exploration-un inkişafı ilə məşğuldur.
Brin həmçinin bəzi ailə üzvlərinə təsir edən Parkinson xəstəliyi ilə bağlı araşdırmaları maliyyələşdirir. May ayında o, 2017-ci ildə bəri ilk dəfə öz səhmlərini Alphabet-ə satıb. Bununla belə, milyarder sərvətini bir neçə on milyard dollar artırmaq üçün kifayət qədər səhm saxlayıb.
6. Bernar Arno: +$43 milyard
Ölkə: Fransa
Sərvəti: $193.9 milyard
2021-ci ildə artım: +$43 milyard
2021-ci ildə fransız milyarder LVMH şirkətlər qrupunun səhmlərinin dəyərinin kəskin artması fonunda qısa müddətdə dünyanın ən varlı adamı olub. Lakin sonra Ceff Bezos və İlon Mask tezliklə onu geridə qoyub. Hazırda Arno dünyanın ən varlı adamları reytinqində üçüncüdür. Qeyd edək ki, LVMH şirkətlər qrupuna həm də Louis Vuitton dəb evi, Moët şampan markası, Hennessy konyak evi, eləcə də Fendi, Christian Dior və Givenchy geyim markaları məxsusdur.
7. Stiv Balmer: +$32.3 milyard
Ölkə: ABŞ
Sərvəti: $107.5 milyard
2021-ci ildə artım: +$32.3 milyard
Balmerin basketbol klubu “Los-Anceles Klippers” keçən illə müqayisədə 20% artsa da, milyarderin on milyardlarla dollar sərvət sahibi olmasının əsas səbəbi bu deyil.
Stiv Balmer Microsoft-un 30-cu işçisi olub və 200-2014-cü illərdə korporasiyada baş direktor vəzifəsində çalışıb. 2021-ci ildə Microsoft-un səhmləri 57% artıb, çünki investorlar onun inkişaf tempini bəyənib.
9. Zhanq Yiminq: +$31.7 milyard
Ölkə: Çin
Sərvət: $59.4 milyard
2021-ci ildə artım: +$31.7 milyard
2012-ci ildə Zhanq Yiminq bütün dünyada məşhur olan TikTok tətbiqini inkişaf etdirən ByteDance şirkətini qurub. Məhz TikTok sayəsində çinli iş adamı həmyerliləri üçün çətin bir ildə dünyanın 10 ən varlı milyarderi sırasına daxil olub.
2021-ci ildə Çinin ən varlı iş adamlarının çoxu öz şirkətlərində rəhbər vəzifələrindən getməyə məcbur olublar və ÇXR hakimiyyətinin nəzarəti gücləndirmək qərarına görə milyardlarla dollar itiriblər. Cari ilin may ayında Zhanq ByteDance-ın baş direktoru, noyabrında isə direktorlar şurasının sədri vəzifəsindən istefa verib.
9. Robin Zhenq: +$26.8 milyard
Ölkə: Honkonq
Sərvəti: $57.6 milyard
2021-ci ildə artım: +$26.8 milyard
Elektrikli avtomobillər üçün böyük litium-ion batareyaları təchizatçılarından biri olan Contemporary Amperex Technology (CATL) şirkətinin səhmləri 58% bahalaşıb.
2011-ci ildə qurulan bu şirkət Çinin sürətlə inkişaf edən elektrik avtomobil sənayesində liderlərdən biridir. CATL bu yaxınlarda litium-ion batareyalarının istehsalını genişləndirmək üçün 9 milyard dollar toplamaq niyyətində olduğunu açıqladı.
10. Bill Qeyts: +$18.9 milyard
Ölkə: ABŞ
Sərvəti: $139.2 milyard
2021-ci ildə artım: +$18.9 milyard
Bu il Bill Qeyts üçün olduqca çətin olsa da, maliyyə cəhətdən uğurlu keçib. Ümumilikdə, 2021-ci il yanvarın 1-dən bu günə qədər milyarder 19 milyard dollar qazanıb. Bu, Microsoft və Republic Services səhmlərinin daxil olduğu investisiya portfelinin yüksək gəlirinə borcludur.