Britaniyanın “Quacquarelli Symonds” şirkəti dünyanın ən yaxşı ali təhsil müəssisələrinin növbəti reytinqi olan “QS World University Rankings 2027″ni dərc edib. Reytinqdə ilk sıraları ənənəvi olaraq ABŞ və Böyük Britaniya universitetləri tutsa da, analitiklər Asiya və Yaxın Şərq universitetlərinin mövqelərinin əhəmiyyətli dərəcədə yaxşılaşdığını qeyd edirlər.
Birinci yeri artıq 15-ci dəfədir ki, Massaçusets Texnologiya İnstitutu (MIT) tutur. İkinci yeri Stenford Universiteti və London İmperial Kolleci bölüşür. Sonrakı pillələrdə Oksford Universiteti, Harvard Universiteti, Kembric Universiteti, Kaliforniya Texnologiya İnstitutu, Sürix Ali Texniki Məktəbi (ETH Zurich), London Universitet Kolleci və Sinqapur Milli Universiteti qərarlaşıb.
İlk 20-liyə Asiyanın bir sıra nüfuzlu ali məktəbləri də daxil olub. Bunlar arasında Honkonq Universiteti, Nanyanq Texnologiya Universiteti, Pekin Universiteti, Tsinxua Universiteti və Honkonq Çin Universiteti yer alır.
Hindistan universitetləri arasında ən yüksək nəticəni Dehli Texnologiya İnstitutu göstərib və 118-ci yeri tutub.
Yaxın Şərq universitetləri isə reytinqdə nəzərəçarpacaq irəliləyiş nümayiş etdiriblər. “QS” analitiklərinin qeyd etdiyi kimi, ərəb regionunun dörd aparıcı universiteti öz tarixlərində ən yüksək nəticələrə nail olub. Bunlar Kral Fəhd adına Neft və Minerallar Universiteti (63-cü yer), Kral Səud Universiteti (107-ci yer), Qətər Universiteti (109-cu yer) və Xəlifə Universitetidir (147-ci yer).
Reytinqə 33 Rusiya universiteti daxil edilib ki, bu da ötən ilki 40 universitetlə müqayisədə azdır. Rusiya ali məktəbləri arasında ən yüksək mövqeyi ənənəvi olaraq M. V. Lomonosov adına Moskva Dövlət Universiteti tutub. Universitet 115-ci yerdə qərarlaşıb.







