10 C
Baku
Friday, December 13, 2024

Dünyanın sürətlə qütbləşməsi digər ölkələrə necə təsir edəcək? [BLOQ]

HAZIRDA DÜNYANIN iqtisadi xəritəsinin dəyişməsinə səbəb olacaq proseslər gedir. Brexit, bütün sürəti və gərginliyi ilə davam edən ABŞ-Çin ticarət müharibəsi, dərinləşmə ehtimalı olan ABŞ-Avropa arasında ticarət müharibəsi, ABŞ-İran gərginliyinin artması, Yaponiya-Cənubi Koreya arasında həmin ölkələrin ticarət saldolarına ciddi təsir edəcək gərginlik və sair baş verən proseslərin bir nəticəsi olacaq: yeni ticarət qaydaları və ya düzəni.

Bəs bu amilin ortaya çıxmasını şərtləndirən əsas məsələ nədir?

Sovet İttifaqı dağıldıqdan sonra dünya bir qütblü dünyaya çevrildi. Xüsusilə iqtisadi cəhətdən ABŞ əlçatmaz hesab olunurdu. Lakin, 2000-ci illərin əvvəllərindən etibarən Avropa Birliyi və Çinin iqtisadi göstəriciləri ABŞ-ın iqtisadi göstəricilərinə çatmağa başladı. Avropa Birliyi genişlənir, böyüyür, sıralarına yeni ölkələr qatılır, Çin isə iqtisadi cəhətdən sürətlə böyüyürdü. Beynəlxalq Maliyyə Fondunun (BMF) proqnozuna görə 2019-cu ilin nəticələrinə görə ABŞ-ın ÜDM-si 21.4 trilyon, Avropa Birliyinin ÜDM-si 18.7 trilyon dollar, Çinin ÜDM-si 14.2 trilyon ABŞ dolları olacaq. (Məlumat üçün qeyd edim ki, ÜDM hesablamalarını, statistika və proqnozlarını 3 müxtəlif beynəlxalq təşkilat aparır: BMF, Dünya Bankı, BMT. Burada BMF-nin statistikasından istifadə olunub). Burada bir haşiyə çıxım: Əslində biz ənənəvi olaraq, Almaniya, Fransa, İtaliyaya daha çox ayrıca dövlətlər kimi baxır, onların iqtisadi göstəricilərini həmin ölkələr üzrə təhlil edirik. Əslində, Avropa Birliyinin (AB) iqtisadi quruluşu və konyukturasını bilən iqtisadçılar və siyasətçilər tərəfindən bu yanaşma artıq qəbul olunmamaqdadır. Hətta bu kimi hallarda qeyd edirlər ki, onda ABŞ-ın Kaliforniya, Texas və digər ştatlarının iqtisadi göstəricilərini ayrıca təhlil edək. (Qeyd edim ki, həmin ştatların hər birinin ayrıca statistik göstəriciləri də aparılır, dərc olunur, lakin diqqət mərkəzində yalnız ABŞ-ın iqtisadi göstəriciləri olur). ABŞ özü də Avropaya bir birlik kimi yanaşır, münasibət göstərir, rəqabət aparır. Həm siyasi, həm də iqtisadi tərəfdən. Son 3-4 il ərzində ifadə etdiyim kimi, AB əslində ortaya müvəffəqiyyətli bir şəkildə həm vahid iqtisadi, həm də vahid siyasi mövqe ortaya qoya bilir (Suriya, Rusiya və İran məsələləri daxil olmaqla). Çin ilə bağlı dəfələrlə qeyd olunduğu üçün təkrarlamadan qeyd edim ki, Çinin siyasi kursu ABŞ siyasi kursu ilə getdikcə daha çox toqquşur. Bütün bunlar onu göstərir ki, biz tədricən bir deyil, üç qütblü dünyanın şahidi olmaqdayıq. Bu 3 qütblü dünyanın hər 3 qütbünün maraqları ciddi bir şəkildə toqquşmağa başlayıb. Çünki, hər üçü öz iqtisadiyyatını daha da böyütməli və genişləndirməlidir. Lakin, bu böyümə və genişlənmə öncə (ABŞ-SSRİ arasındakı soyuq müharibə dövründə) digər gerçəklik və maraqlar üzərində bağlanmış ittifaq, müqavilə və ticarət qaydaları ilə davam edə bilməz. Bu isə son nəticədə həm də de-qlobalizasiya proseslərinin başlanmasına rəvac verdi və bu proses artıq gedir. Faktiki olaraq, hazırda Ümumdünya Ticarət Təşkilatının (ÜTM) qaydaları və nüfuzu beynəlxalq ticarətdə işləmir.

 

ABŞ-Çin ticarət müharibəsinin nəticələri də özünü göstərməkdədir. Avqust ayında Çinin ixracı keçən ilin müvafiq dövrünə nisbətən 1%, idxal 5.6%, ABŞ-a ixrac isə 16.1% enib. Əslində idxalın da bu qədər kəskin enməsi ciddi siqnaldır. Xüsusilə ayrı-ayrı iqtisadi sektorlar üzrə mənfi iqtisadi tendensiyalar Avropa Birliyində də müşahidə edilməkdədir.

Nəhayət, Brexit məsələsi. Əvvəllər ifadə etdiyim kimi, Brexit məsələsi bir aysberqdir. Biz bu aysberqin çox cüzi hissəsini görürük və həmin gördüyümüzə uyğun fikir bildiririk. Lakin, bu aysberq təsadüfən formalaşan bir aysberq deyildir, iqtisadi güc mərkəzlərini yenidən formalaşdırmağa çalışan qüvvələrin ciddi mübarizəsidir. Zaman keçdikcə bu aysberqin daha çox hissəsi görünməyə başlayır. Təkcə bizim üçün yox, həm də Böyük Britaniyanın özü üçün. Böyük Britaniyanın bir çox siyasətçiləri etiraf edirlər ki, ciddi bir şəkildə iqtisadçıları dinləmədən, dərin təhlillər etmədən, senari analizləri həyata keçirmədən qəbul etdikləri referendum qərarı ciddi səhv olmuşdur. Elə Britaniya cəmiyyəti də referendumda AB-dən çıxmaqla bağlı səs verərkən məlumatsız olmuşdur. İndi isə xüsusilə razılıqsız Brexitlə bağlı ciddi müqavimət formalaşmış və gedişat oktyabr ayında özünün pik nöqtəsinə çatacaqdır. 2.8 trilyon ABŞ dolları həcmində ÜDM-si olan Britaniyanın AB-ni tərk etməsi və ABŞ-la iqtisadi cəhətdən bir ittifaq yaratması 2 böyük qüvvə, ABŞ və Avropa Birliyi arasında güc balansına ciddi təsir edəcək faktordur. Bünövrəsi 1956-ci ildə qoyulmuş Avropa Birliyinin yaranmasının əsas səbəbi Avropanın təhlükəsizliyi olmuşdur. Britaniyanın çıxması bu amilə nə dərəcədə təsir göstərə biləcək məsələsi sual altındadır. Lakin, iqtisadi cəhətdən hər 2 tərəfə, xüsusilə Britaniyanın özünə ciddi mənfi təsir edəcəyi ilə bağlı şübhələr qalmayıb.

Bəs son nəticə nə olacaq?

Son nəticə bu 3 qütb, bu 3 iqtisadi güc mərkəzi davamlı inkişaf və böyüməni təmin etmək məqsədilə öz nüfuz dairələrini genişləndirməyə məcbur olacaqlar. Çin bu istiqamətdə ciddi addımlarını atır. “Bir kəmər, bir yol” layihəsi və sair digər layihələr vasitəsilə. Elə Avropa Birliyi də digər layihələrin təşəbbüskarıdır. Yaponiya ilə genişləndirilməsi nəzərdə tutulan ticarət əlaqələri və bağlanan ticarət müqavilələri kimi layihələr buna misaldır. ABŞ isə əvvəlki kimi öz nüfuz dairəsini genişləndirməkdə davam etmək istəyir. Bu proseslər digər ölkələrə ciddi təsir edəcək. Mənfi, yoxsa müsbət? Müzakirələrə açıq və geniş sualdır. Bilinən odur ki, bu iqtisadi mərkəzlərin öz iqtisadiyyatlarını daha çox digər ölkələrə öz nüfuzlarını yaymaqla genişləndirəcəklərini nəzərə alsaq, o halda bu sualın cavabı hər bir ölkənin öz maraqlarını nə dərəcədə hesablayıb, nə dərəcədə nəzərə ala bilmələrindən asılı olacaq.   

MÜƏLLİF
Elman Sadıqov

Son xəbərlər
Digər xəbərlər