Məlumat verdiyimiz kimi, Vergilər Məcəlləsinə edilən son dəyişikliklər içərisində elektron ticarətlə bağlı yeniliklər də var.
Bu yeniliyə görə, Vergilər Nazirliyində hesab edirlər ki, bu cür yanaşma yerli istehsalçılar və ticarətçilərə qarşı ədalətli addım olacaq və hər sifariş ediləcək malın dəyərinin 18%-i ƏDV kimi tutulacaq.
Dəyişikliyə əsasən Vergi Məcəlləsinin 168.1.5-ci, 169.1-ci və 169.3-cü maddələrinə edilən əlavə və dəyişikliklər virtual məkanda ƏDV-nin tətbiqini tənzimləyir.
Azərbaycan Respublikasının hüdudlarından kənarda otel xidmətlərininvə aviabiletlərin sifarişi üzrə xidmətlər istisna olmaqla, bu məkanda iş və xidmət təqdim edildikdə və ya lotereya, digər yarış və müsabiqə keçirildikdə vergi tutulan əməliyyatın yeri kimi xidmətlərin alıçısının və lotereya, yarış və müsabiqənin iştirakçısını olduğu yer müəyyən olunur və həmin dövlətdə də ƏDV tətbiq olunur.
Eləcə də bax: Hər bir şirkətin Biznes Analitikasına investisiya etməli olduğunu göstərən 10 səbəb
İşin və xidmətin alıcısı, lotereya, digər yarış və müsabiqənin iştirakçısı vergi ödəyicisi olduqda ƏDV-ni həmin şəxs özü hesablayır və büdcəyə ödədikdən sonra Vergi Məcəlləsinin tələblərinə riayət etmək şərti ilə ödənilmiş məbləğini əvəzləşdirə bilir. İşin və xidmətin alıcısı, lotereya, digər yarış və müsabiqənin iştirakçısı vergi ödəyicisi olmadıqda isə ödənişi aparan yerli bank və ya xarici bankın respublikadakı filialı ƏDV-ni hesablayaraq alıcının vəsaiti hesabına büdcəyə ödəyir, tutulmuş ƏDV isə bank və ya filial tərəfindən əvəzləşdirilmir.
Artıq yanvarın 1-dən qanun qüvvəyə minib.
Müşahidələrimiz göstərir ki, yeni dəyişiklik xarici mağzalardan alış-veriş edən istifadəçilər, İT sahəsində çalışan şəxslər tərəfindən ciddi narazılıqla qarşılanır.
Həmçinin, e-ticarətlə bağlı yeni vergi siyasətində bəzi anlaşılmaz məqamlar var.
Vergilər Nazirliyi bu istiqamətdə Xeberler.az-ın suallarını cavablandırıb.
E-ticarətin vergiyə cəlb edilməsi bağlı maraqlı məqamları təqdim edirik:
-İstifadəçilər virtual məkanda həm xidmət, həm də məhsul alır. 18 faiz vergi konkert olaraq hansı növ məhsul və ya xidmətlərə şamil edilir?
–Vergi Məcəlləsinin 1 yanvar 2017-ci il tarixdən qüvvəyə minən elektron ticarət qaydasında qeyri-rezidentlərdən iş və xidmət alınarkən ƏDV-nin hesablanması ilə bağlı müddəalarına əsasən, vergi orqanlarında uçotda olmayan şəxslər tərəfindən qeyri-rezidentdən elektron ticarət qaydasında işlərin və xidmətlərin alınmasına görə onlara ödənilən məbləğdən ödəməni həyata keçirən yerli bank, xarici bankın Azərbaycan Respublikasındakı filialı və poçt rabitəsinin milli operatoru vergini hesablayaraq alıcının hesabından tutur və dövlət büdcəsinə ödəyir. Bu qayda elektron ticarət qaydasında qeyri-rezidentdən alınan mallara şamil edilmir.
-Xidmət və məhsul saytları necə müəyyən ediləcək? Məsələn, Google həm xidmət, həm də məhsul satır. Bu kimi məsələləri nazirlik necə müəyyən edəcək?
– Elektron ticarət qaydasında alınan iş (xidmət) və mallar banklar tərəfindən aparılan əməliyyatlar üzrə texniki məlumatlara əsasən müəyyənləşdiriləcək.
-Amazon, e-Bay kimi platformalardan alınan məhsullardan, PayPal üzərindən həyata keçirilən xidmətlər üçün də 18 faiz ƏDV tutulacaqmı?
– Azərbaycan Respublikasının rezidentləri tərəfindən PayPal və qeyri-rezidentlərə məxsus digər elektron pul kisələrində yaradılmış hesaba köçürülən vəsaitdən ödəməni həyata keçirən yerli bank, xarici bankın Azərbaycan Respublikasındakı filialı və ya poçt rabitəsinin milli operatoru tərəfindən 10 faiz dərəcə ilə vergi hesablanır və alıcının hesabından tutumaqla dövlət büdcəsinə ödənilir. Vergi orqanlarında uçotda olmayan şəxsin qeyri-rezidentə məxsus elektron pul kisəsində yaradılmış hesabı vasitəsilə digər şəxslərdən elektron ticarət qaydasında iş və xidmət alışı üzrə apardığı əməliyyatlardan 18 faiz dərəcə ilə vergilərin hesablanması Vergi Məcəlləsində nəzərdə tutulmayıb.
– Azərbaycanda fəaliyyət göstərən beynəlxalq şirkətlərin (məsələn, Uber) xidmətinə görə də 18 faiz vergi şamil ediləcək?
– Uber taksi xidmətinin alıcıları və taksi xidmətini göstərən şəxslərin Azərbaycan Respublikasının ərazisində yerləşdiyi üçün həmin xidmətlərə görə qeyri-rezidentə köçürülən tam məbləğə 18 faiz dərəcə ilə ƏDV hesablanmaqla alıcının hesabından tutulur və dövlət büdcəsinə ödənilir.
-10%-lik ƏDV xarici elektron pul kisələrinə ödəniş edərkən tətbiq olunacaqmı?
– Azərbaycan Respublikasının rezidentləri tərəfindən qeyri-rezident şəxslərə məxsus elektron pul kisələrində yaradılmış hesaba köçürülən vəsaitdən ödəməni həyata keçirən yerli bank, xarici bankın Azərbaycan Respublikasındakı filialı və ya poçt rabitəsinin milli operatoru tərəfindən ƏDV hesablanmadan yalnız 10 faiz dərəcə ilə ödəmə mənbəyində vergi hesablanır və alıcının hesabından tutumaqla dövlət büdcəsinə ödənilir. Xarici banklara məxsus plastik kartlar vasitəsilə elektron ticarət qaydasında iş və xidmət alınan zaman aparılan ödənişlərdən verginin tutulması Vergi Məcəlləsində nəzərdə tutulmayıb.
Xeberler.az