22 C
Baku
Thursday, April 18, 2024

Edison kimi olun! Məqsədlərinizə çatmağın ən etibarlı yolu

Uğurun sirləri haqqında oxuduğunuz zaman, şübhəsiz ki, Tomas Edisonun məşhur sitatına rast gəlmisiniz: “Dahi – 1% ilham və 99% əzmdir”. Deyirlər ki, dahi olmaq üçün Edison təxminən 3 min dəfə cəhd göstərib. Bir sözlə, qətiyyərli olmaq yaradıcılıqdan daha vacibdir. Uzunmüddətli hədəflərə çatmaq üçün ehtiras və əzm tələb olunur. Lakin Edisonun istifadə etdiyi strategiyanı da unutmaq lazım deyil. O, bir layihədən digərinə keçmək əvəzinə, daima ideyalarını uyğunlaşdırırdı, inkişaf etdirirdi. 

“Mən nəzəriyyəni qururdum və onun mümkünsüz olduğunu başa düşənə qədər işləyirdim, – deyə Tomas Edison 1890-cı ildə  Harper’s jurnalına verdiyi müsahibədə söyləyir. – Sonra dərhal başqa nəzəriyyəyə keçirdim”. 

Əslində ixtiraçı olmağa ehtiyac yoxdur. Proceedings of the National Academic of Sciences-in yeni araşdırması göstərir ki, hər birimiz bu cür düşüncə tərzindən faydalana bilər. Strateji düşüncə adlanan bu konstruksiya, mövcud metodlara tənqidi yanaşmağı, çətinliklərin öhdəsindən gəlməyi və düşüncə tərzini təkmilləşdirməyi nəzərdə tutur. Başqaları inadkarlıqla dolaşıq yolda irəlilədiyi zaman, strateji düşüncəli insanlar daha effektiv metodlar axtarırlar. “Bu bizə səylərimizi daha səmərəli şəkildə istiqamətləndirməyə kömək edir”, – deyə Sinqapur Universitetindən olan Patrisiya Çin söyləyir. 

Düşüncə tərzi haqında düşünmək

Patrisiyanın çıxardığı nəticə metakoqnitiv strategiyalara əsaslanır (bu, demək olar ki, düşünmək haqqında düşünmədir). Faydalı metakoqnitiv strategiya özündə məqasədə doğru irəliləməni izləmək, çatışmazlıqları müəyyən etmək və təkmilləşdirməli olan sahələri aşkarlamaq kimi addımları ehtiva edir. Tutaq ki, fransız dilini öyrənirsiniz. Metakoqnitiv strategiya sizə yeni sözlərin onları təkrar-tərkar oxumaqla deyil, özünüzü yoxlamaqla daha yaxşı öyrənə biləcəyinizi başa düşməyə kömək edəcəkdir. Bəlkədə dialoq qurmaqda çətinlik çəkəcəksiniz və dinləmə qabiliyyətinizi yaxşılaşdırmaq üçün fransiz filmlərinə daha çox vaxt ayırmalı olacaqsınız (bütün diqqəti yalnız qrammatika üzərində cəmləşdirmək əvəzinə). Eyni zamanda qarşınıza daha mürəkkəb vəzifələr qoya bilərsiniz – məsələn, yerli sakinlərlə söhbət açmaq. 

Metakoqnitiv strategiyalardan istifadə – intellekt səviyyəsinin göstəricisi deyil. “Bu strategiyalar  IQ –nu əvvəlcədən nəzərə alırlar”, – deyə İsveçrənin Lozannadakı Federal İnstitutundan olan Jan-Lui Berger söyləyir. Əvvəlki tədqiqatlar metakoqnitiv strategiyaların ayrı-ayrı sahələrdəki əhəmiyyətini nümayiş etdirirlər. Bəlkə insanlar istənilən məqsədə çatmaq üçün metakoqnitiv strategiyaları tətbiq etməyə meyllidirlər? Və elədirsə, daha çox insanı strateji düşünməyə öyrədə bilərikmi?

Bu suala cavab vermək üçün Patrisiya Çen və onun tədqiqat qrupu strateji düşüncə testini yaratdılar. Bunun üçün aşağıdakı ifadələri 1-dən (heç vaxt) 5-ə qədər (hər zaman) qiymətləndirməlisiniz:

  1. Bir işdə uğur əldə edə bilməyəndə özünüzdən soruşursunuz: “Özümə kömək etmək üçün nə edə bilərəm?”
  2. Bir işdə irəliləyiş olmayanda özünüzdən soruşursunuz: “Bunu fərqli, daha düzgün metodla etmək mümkündürmü?”
  3. Məyus olanda özünüzdən soruşursunuz: “Bunu daha yaxşı necə edə bilərəm?”
  4. Maneələrlə qarşılaşdıqda özünüzdən soruşursunuz: “Bu işin öhdəsindən gəlmək üçün nə edə bilərəm?”
  5. Bir şey alınmayanda özünüzdən soruşursunuz: “Özümə kömək etmək üçün nə edə bilərəm?”
  6. Hər hansısa iş mürəkkəb olduqda özünüzdən soruşursunuz: “Bunun öhdəsindən gəlmək üçün nə edə bilərəm?”

Nə qədər çox bal toplamısınızsa, bir o qədər strateji düşünməyə meyllisiniz. 

İlkin təcrübədə 365 tələbədən ibarət olan qrup bu testdən payız semestrinin ortalarında keçdi. Güman edilirdi ki, strateji düşüncə tərzi tələbələrə növbəti semestrdə daha yüksək qiymət almağa kömək edəcək. Yuxarıda qeyd etdiyimiz kimi, strateji düşüncə təkcə təhsil sahəsində deyil, eyni zamanda həyatınızın digər sahələri üçün də faydalıdır. Bunu sübut etmək üçün daha bir təcrübə keçirilmişdir. Nəticə eyni oldu – bu metod həqiqətən bir-biri ilə heç bir əlaqəsi olmayan bütün sahələrə öz təsirini göstərir. 

Son təcrübədə tədqiqatçılar strateji düşüncənin inkişaf etdirilə biləcəyini yoxladılar. Əgər bu mümkün olarsa, növbəti dəfə bu və ya digər problemlə qarşılaşdıqda, iştirakçıların davranışında nə dəyişəcək?

İlk növbədə, iştirakçılara strateji düşüncə haqqında ümumi məlumat verildi. Onlara yumurtanın ağı ilə sarısını bir-birindən ayırmaq tapşırıldı. Düzdür, siz bunun çox mənasız və asan olduğunu düşünə bilərsiniz, lakin hər şey göründüyü kimi deyil. “Biz istəyirdik ki, ortaya qoyduğumuz vəzifə iştirakçılar üçün yeni bir təcrübə olsun, çünki yalnız bu halda onların istifadə etdikləri metodların müxtəlifliyini izləmək mümkün olacaq”, – deyə Çen izah edir. 

Göründüyü kimi, bu məsələnin doğru həlli yolu yoxdur – iştirakçılar yumurtanı sındıra və ya onun qabığında kiçik dəlik açıb ağı və sarını biri-birindən ayıra bilərlər. “İnsanlar bu tapşırığı həll etmək üçün müxtəlif metodlardan istifadə edərək, yüksək yaradıcılıq nümayiş etdirdilər”, – Çen deyir. 

Əsl qətiyyət

Məqsədlərə çatmaqda strateji təfəkkürün rolundan əlavə, Patrisiya Çen bu ideyanın digər psixoloji konsepsiyalarla əlaqəsini də araşdırmışdır. Məsələn, o, “uğursuzluq məni ruhdan salmır” kimi ifadələrlə ölçülən “ehtiras və qətiyyət” əlaməti ilə müqayisə etdi. Qətiyyətin həyatın müxtəlif sahələrində inanılmaz dərəcədə vacib olduğu məlumdur, lakin Çen onun strateji düşüncə ilə o qədər də əlaqəli olmadığını təsbit etdi: həm strateji düşüncə, həm qətiyyət şəxsi müvəffəqiyyətə töhfə verir. 

Bu nəticələr araşdırmaya rəhbərlik edən Pensilvaniya Universitetinin psixoloqu Angela Dakvortu heyran etdi. “Mən bu işi sevirəm, – Angela söyləyir. – Mənim fikrimcə, əzm – uğursuzluqlara baxmayaraq, uzunmüddətli məqsədlərə yönəlmə qabiliyyətidir. Siz əzmkarlı ola bilərsiniz, amma uzunmüddətli hədəfinizə çatmaq üçün yeni və fərqli yollar axtarmasanız, uğur əldə edə bilməyəcəksiniz”. 

Əlbəttə ki, strateji düşüncə tərzinin fərqli kontekstlərdə necə işlədiyini başa düşmək lazımdır. “İndi bilirik ki, böyüklər strateji düşüncə meylləri baxımından bir-birindən fərqənirlər. Bu sonradan əldə edilə bilən bacarıqdır”, – Çen söyləyir. O, bunun məktəblərdə tədris edilməsinin lazım olduğunu düşünür. 

Patrisiyanın araşdırması bizə istifadə etdiyimiz yanaşmaların mükəmməl olmadığını xatırladır. Siz hər zaman axtarışda olmalısınız, Edison kimi təcrübələr aparmalısınız. Düzdür, dahi 1% ilham və 99% tərdən (əzmdən) ibarət ola bilər, lakin strateji düşüncə sizə tər və göz yaşlarını qənaət etməyə kömək edəcək. 

Son xəbərlər
Digər xəbərlər