2025-ci ildə valyuta bazarında təklif tələbi üstələdiyi üçün burada ümumilikdə vəziyyət stabildir. 2025-ci ilin yanvar-noyabr aylarında mübadilə şöbələri tərəfindən nağd xarici valyutanın alışı satışını 393 mln. ABŞ dolları üstələyib.
Bunu Azərbaycan Mərkəzi Bankının faiz dəhlizinə dair dekabr bəyanatında bildirilir.
Rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsinin son 12 ayda 2.1 faiz bəndi azalaraq noyabrda 29%-ə enməsi məzənnə ilə bağlı gözləntilərin nikbin olduğunu göstərir. Bu şəraitdə 2025-ci ilin 11 ayında Mərkəzi Bankın valyuta ehtiyatları 4.3% artaraq 11.4 mlrd. ABŞ dollarına çatıb.
Valyuta bazarında tarazlığın əsas amili olan xarici sektor göstəriciləri əlverişli olaraq qalır. 9 ayda tədiyə balansının cari əməliyyatlar balansında (CƏB) 3 mlrd. ABŞ dolları və ya ÜDM-in 5.4%-i məbləğində profisit formalaşıb. CƏB-in profisiti əsasən xarici ticarət və təkrar gəlirlər balanslarının profisitindən irəli gəlib.
Təkrar gəlirlər balansının əsas komponenti olan pul baratları üzrə xalis daxilolmaların dinamikası ötən ilə nəzərən müsbətdir. Mərkəzi Bankın 2025 və 2026-cı illərin sonuna cari əməliyyatlar hesabının profisitli olacağı ilə bağlı proqnozu dəyişməz qalır.






