Azərbaycanda bankların əhaliyə satdığı nağd ABŞ dolları onlardan alışı üstələməklə konvertasiya məzənnəsi son illərin ən aşağı həddinə düşüb.
Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, cari ilin ilk səkkiz ayında kommersiya bankları əhaliyə 1 milyard 261.48 milyon ABŞ dolları satdığı halda, onlardan 1 milyard 369.44 milyon dollar alıblar.
Bu da əhali tərəfdən banklara nağd dollarlıq 107.96 milyon dollarlıq axın deməkdir. İndiyə qədər apardığımız müşahidələrdə bankların əhaliyə satdığı nağd dollar onlardan alışı bir neçə aylıq üstələsə də bu ümumi olaraq 8 ayın sonunda üstələyə bilmirdi.
Məsələn, keçən ilin ilk səkkiz ayında banklar əhaliyə nağd 1 milyard 711.78 dollar satdığı halda onlardan cəmi 1 milyard 121.46 milyon alış həyata keçirmişdilər. Həmin vaxtı əksinə, banklardan əhaliyə doğru 590 milyon dollar axın qeydə alınmışdı.
Banklar tərəfindən alışların satışları üstələməsi məzənnələri də endirib. Məsələn, avqustda konvertasiyanın orta kursu 1.6975 dollar/manat olub.
Eyni hadisə nağd avroda da müşahidə edilib. Belə ki, banklar əhaliyə ilin ilk səkkiz ayında 114.71 milyon avro satdığı halda, onlardan 133.14 milyon avro alıblar. Bu da əhali ehtiyatından banklara doğru 18.43 milyon avroluq axın deməkdir. Ötən ilin eyni dövründə ABŞ dollarında olduğu kimi avroda da fərqli idi. Ötən ilin ilk səkkiz ayında kommersiya bankları əhaliyə 128.61 mln. avro satarkən, onlardan cəmi 84.69 mln. avro almışdılar ki, bu da banklardan əhaliyə doğru 43.92 mln. avroluq axın idi.
Azərbaycanda aprel ayından bu tərəfə valyuta hərracları ilə bağlı açıqlama yayımlanmır. Mərkəzi Bankın sədri Taleh Kazımov bununla bağlı bildirib ki, valyuta hərracları barədə məlumatlar hər ayın sonunda açıqlanacaq, rüblük nəticələr üzrə isə Dövlət Neft Fondu satış həcmlərini təqdim edəcək. O deyib: “Əgər məzənnə dəyişmirsə və ehtiyatlar sabit qalırsa, bu o deməkdir ki, bazarda tələb təklifi qarşılayır.”
“Hansısa hərracda 70 mln. dollar satış olanda qalmaqal edilir, 20 mln. dollar olanda isə heç bir reaksiya verilmir. Bu, ədalətsiz yanaşmadır.”
Baş bankir vurğulayıb ki, valyuta bazarında tələb və təklifin balansını müəyyən etmək üçün iki əsas göstərici var: sabit məzənnə və dəyişməyən ehtiyatlar. Bu iki göstərici tələb və təklif arasında tarazlığın mövcud olduğunu təsdiqləyir.
Azərbaycan Mərkəzi Bankının xarici valyutada olan ehtiyatları 2025-ci ilin iyulunda 0.3% artımla 11 mlrd. 191 mln. dollar təşkil edib. Bu da son ayda 37.3 mln. dollar artım deməkdir.
AMB-nin faiz-dəhlizinə dair son sentyabr iclasda bildirilib ki, cari ilin ötən dövründə həm nağd, həm də qeyri-nağd seqmentləri əhatə etməklə valyuta bazarında ümumi təklif tələbi üstələmişdir. Rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsinin son 12 ayda 1.5 faiz bəndi azalaraq 2025-ci ilin avqustunda 29.3%-ə enməsi məzənnə ilə bağlı gözləntilərin nikbin olduğunu göstərir. Valyuta bazarında tarazlığın əsas amili olan xarici sektor göstəriciləri əlverişli olaraq qalır. İlkin rəqəmlərə görə tədiyə balansının cari əməliyyatlar balansında 6 ay ərzində 2.3 mlrd. ABŞ dolları məbləğində və ya ÜDM-in 6.3%-i səviyyəsində müsbət saldo qeydə alınıb.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2025-ci ilin 7 ayında da xarici ticarət balansının müsbət saldosu 1.6 mlrd. ABŞ dolları təşkil edib. Mərkəzi Bankın 2025-ci və 2026-cı illərin yekunu üzrə tədiyə balansının cari hesabının profisitli olacağı ilə bağlı proqnozu dəyişməz qalır.