Azərbaycanda əhalinin “yastıq altından” banklara nağd dollar axının həcmi son iki ilin ən yüksək həddinə yüksəlib.
Banker.az xəbər verir ki, banklar 2025-ci ilin ilk yeddi ayında əhalidən ümumilikdə nağd 1 milyard 156.7 mln. ABŞ dolları satıblar. Bu satışlar keçən ilin analoji dövründə qeydə alınmış 1 mlrd. 753.8 mln. dollardan 34 faiz azdır.
İlk yeddi ayın sonuna olan nəticəyə əsasən yerli banklar əhalidən nağd 1 mlrd. 177.8 mln. dollar alıblar ki, bu da 2024-cü ilin analoji dövründən 2% yuxarıdır.
Ümumi yeddi ay üzrə əhalidən banklara nağd dollar axını 21.11 mln. dollar olub. Bu keçən ilin eyni dövründə 595.5 mln. dollardan əks axın idi. Bunun səbəbi maydan (adətən bu belə olur) başlayaraq əhalidən alınan nağd valyutanın onlara olan satışları üstələməsidir. Ölkədə aparılan monitorinqlər göstərirdi ki, sabit məzənnə 1.70 dollar/manatda qalsa da, bir sıra hallarda bank və ecchange-lər bunu 1.70-dən belə aşağı satırlar. Bu adətən banklarda əhali tərəfindən təklifin bol olduğu halda baş tutur.
May-iyul ayları ərzində banklara əhali tərəfindən dollar axının həcmi ümumilikdə 239.75 dollar olub. Bu 2022-ci ildə qeydə alınmış 264.01 mln. dollardan sonra qeydə alınan ən yuxarı rəqəmdir.
Azərbaycanda aprel ayından bu tərəfə valyuta hərracları ilə bağlı açıqlama yayımlanmır. Mərkəzi Bankın sədri Taleh Kazımov bununla bağlı bildirib ki, valyuta hərracları barədə məlumatlar hər ayın sonunda açıqlanacaq, rüblük nəticələr üzrə isə Dövlət Neft Fondu satış həcmlərini təqdim edəcək. O deyib: “Əgər məzənnə dəyişmirsə və ehtiyatlar sabit qalırsa, bu o deməkdir ki, bazarda tələb təklifi qarşılayır.”
“Hansısa hərracda 70 mln. dollar satış olanda qalmaqal edilir, 20 mln. dollar olanda isə heç bir reaksiya verilmir. Bu, ədalətsiz yanaşmadır.”
Baş bankir vurğulayıb ki, valyuta bazarında tələb və təklifin balansını müəyyən etmək üçün iki əsas göstərici var: sabit məzənnə və dəyişməyən ehtiyatlar. Bu iki göstərici tələb və təklif arasında tarazlığın mövcud olduğunu təsdiqləyir.
Azərbaycan Mərkəzi Bankının xarici valyutada olan ehtiyatları 2025-ci ilin iyulunda 0.3% artımla 11 mlrd. 191 mln. dollar təşkil edib. Bu da son ayda 37.3 mln. dollar artım deməkdir.
AMB-nin faiz-dəhlizinə dair son iclasda bildirilib ki, cari ilin ötən dövründə nağd və qeyri-nağd seqmentlər əhatə olunmaqla ümumilikdə valyuta bazarında təklif tələbi üstələyib. Rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsinin azalmaqda davam etməsi məzənnə ilə bağlı gözləntilərin nikbin olduğunu göstərir. Valyuta bazarında tarazlığın fundamentində dayanan xarici sektor göstəriciləri əlverişli olaraq qalır. 2025-ci ilin 6 ayında da xarici ticarət balansında 1.4 mlrd. ABŞ dolları məbləğində müsbət saldo qeydə alınıb. Mərkəzi Bankın 2025-ci və 2026-cı illərin yekunu üzrə tədiyə balansının cari hesabının profisitli olacağı ilə bağlı proqnozu dəyişməz qalır.