17 C
Baku
Sunday, May 26, 2024

EIB Orta Dəhlizə dəstək çərçivəsində bu il Qazaxıstanla sazişlər imzalayacaq

Avropa İnvestisiya Bankı (EIB) nəqliyyat sektorunun inkişafı üçün 2024-cü ilin sonuna qədər Qazaxıstanın Nəqliyyat Nazirliyi və İnkişaf Bankı ilə maliyyə sazişləri imzalamağı planlaşdırır.

Bunu “Daryo” nəşrinə müsahibəsində EIB-nin vitse-prezidenti Tereza Çervinska deyib.

O vurğulayıb ki, 2024-cü ilin yanvar ayının sonunda Avropa İttifaqı-Mərkəzi Asiya İnvestor Forumunda “EIB Global” Qazaxıstan və Qazaxıstan İnkişaf Bankı, eləcə də Qırğızıstan və Özbəkistanla Mərkəzi Asiyada dayanıqlı nəqliyyatın inkişafı üçün 1,47 milyard avro dəyərində layihələrin birgə maliyyələşdirilməsi üzrə anlaşma memorandumları imzalayıb.

“EIB diqqətini Orta Dəhlizlə (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) bağlı əməliyyatlara yönəldir. Anlaşma memorandumları EIB-in Avropa İttifaqı-Mərkəzi Asiya nəqliyyat dəhlizinə 1,5 milyard avroluq öhdəliyini əhatə edən gələcək əməkdaşlığımızın yaxşı nümunələridir. Ümid edirik ki, Qazaxıstanın Nəqliyyat Nazirliyi və İnkişaf Bankı ilə müvafiq maliyyələşdirmə sazişləri bu ilin sonuna qədər imzalanacaq”, – T.Çervinska bildirib.

Onun sözlərinə görə, üç ölkə ilə imzalanmış memorandumlar dayanıqlı nəqliyyat layihələrinə 3 milyard avro məbləğində ümumi dəstək verməklə əlavə vəsaiti səfərbər etməyə imkan verəcək: “EIB Beynəlxalq Transxəzər Nəqliyyat Dəhlizini Avropa və Mərkəzi Asiyanı birləşdirən ağıllı, sürətli və müasir multimodal marşruta çevirmək üçün uzunmüddətli məqsədə doğru çalışır ki, bu da rəqabətqabiliyyətli, davamlı və etibarlı olacaqdır. Bu investisiyalar ticarəti və rəqabəti gücləndirmək, həmçinin Avropa və Mərkəzi Asiya arasında nəqliyyat marşrutlarını şaxələndirmək üçün lazımdır. Artan iqtisadi qarşılıqlı asılılıq Qazaxıstanda və bütövlükdə Mərkəzi Asiya regionunda sülh və firavanlığa töhfə verəcək”.

T.Çervinska qeyd edib ki, son 10 il ərzində EIB-in nəqliyyat kreditləri qlobal miqyasda orta hesabla ildə 11 milyard avro təşkil edib ki, bu da bankın ümumi kreditləşdirməsinin təxminən 18 %-ni təşkil edir: “Avropa İttifaqı ilə Qazaxıstan arasında nəqliyyat əlaqələrinin yaxşılaşdırılması böyük potensiala malikdir, çünki bu, ticarət-iqtisadi əməkdaşlığa və sabitliyə töhfə verəcək”.

Xatırladaq ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan ərazisindən keçərək Türkiyə və Avropa ölkələrinə qədər uzanan beynəlxalq nəqliyyat dəhlizidir.

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər