14 C
Baku
Thursday, March 28, 2024

Ekspert: Artıq pensiya üçün yığdığınız pul “öz-özünə” artacaq

Ekspert: “Pensiya kapitalında 10 min manat vəsait varsa və illik inflyasiya 6 faizdirsə, o zaman həmin məbləğə 600 manat əlavə olunacaq”

 “Sığortaolunanların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdiriləcək”. Bu, dövlət başçısının təsdiqlədiyi “Əmək pensiyaları haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunda öz əksini tapıb.

Yenilik ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli Sputnik Azərbaycan-a deyib ki, hazırda əmək pensiyasının sığorta hissəsi və fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə 1 dəfə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilir: “Dəyişikliyə görə, sığortaolunanların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə 1 dəfə istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq indeksləşdiriləcək. Təxminən 3-5 faiz arasında indeksləşmə gözlənilir”.

“Bu yenilik vətəndaşların xeyrinədir. Çünki 2006-cı ildən bu sistemə keçilib və artıq bəzi vətəndaşların fərdi hesabında minlərlə manat vəsait toplanıb. Bunların da hər il 3-5 faiz indeksləşməsi olsa, bu, çox müsbət nəticəyə gətirib çıxarda bilər. Yəni, təqaüdə çıxana qədər vətəndaşın topladığı vəsaitdə ciddi artım müşahidə oluna bilər. Beləliklə, vətəndaşların pensiyaya çıxarkən daha yüksək təqaüd almaları ehtimalı yaranacaq” – deyə ekspert bildirib.

Onun sözlərinə görə, ilk dəfə tətbiq olunmasına baxmayaraq, bu, indiyədək yığılmış kapitalların da üzərinə əlavə faizlərin gəlməsinə səbəb olacaq: “Sanki vətəndaş Dövlət Sosial Müdafiə Fonduna yığdığı vəsaiti banka qoymuş kimi olacaq. Yəni banklar depozitlərə necə faiz verirlərsə, fərdi hesabda yığılmış vəsaitin üzərinə də əlavə vəsait gələcək”.

İqtisadçı-ekspert Vüqar Bayramov da “Facebook” səhifəsində yazıb: “Ötən il əmək pensiyasının sığorta hissəsi və fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalının qeyri-rəsmi məşğulluq səviyyəsini nəzərə alaraq ölkə üzrə orta aylıq nominal əməkhaqqıdakı artım faizinə deyil, illik inflyasiya səviyyəsinə uyğunlaşdırılmasını təklif etmişdik. Eyni zamanda rəsmi illik inflyasiya dərəcəsinin hesablanması mexanizm və metodologiyasının təkmilləşdirilməsini vacib hesab edirik. Belə ki, bəzi illərdə, xüsusən də məzənnədə dəyişiklik baş verən zaman inflyasiya səviyyəsi daha yüksək olur. Nəticədə, əmək pensiyasının sığorta hissəsi və fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı belə inflyasiya dərəcəsinə indeksasiya oluna bilmirdi”.

“29.1-1. Sığortaolunanların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir”.

Mövcud 29.1-ci maddəyə görə isə əmək pensiyasının sığorta hissəsi və fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir.

Dövlət başçısının təsdiqlədiyi qanun 2019-cu il oktyabrın 1-dən qüvvəyə minəcək.



©Sputnik Azərbaycan

Son xəbərlər
Digər xəbərlər