8 C
Baku
Friday, March 29, 2024

❝OPEC və Rusiya gələn il üçün eyni səhvləri etməyəcəklər❞

Koronavirusun həm ölkəmizdə, həm də dünyada tüğyan etməsi iqtisadi məsələlərlə bağlı narahatlığı artırmaqdadır. İqtisadiyyatımızın nəbzi hesab olunan neft qiymətləri 30 noyabr tarixində keçiriləcək OPEC konfransını diqqət mərkəzinə gətirir. Hənin konfransda qəbul olunacaq qərar növbəti 4-5 kritik ay ərzində neftin qiymətlərinə birbaşa təsir göstərəcək. Əsas suallar budur ki, OPEC təşkilatı aprel ayında qəbul etdiyi qərarı qüvvədə saxlayacaq? İstehsalı artıracaq? Yoxsa daha da azaldacaq?

Suallara aydınlıq gətirməyə çalışmazdan öncə mövcud vəziyyətə və rəqəmlərə diqqət yetirək:

Dövr ərzində gündəlik ortalama neft istehlakı

  • 2020-ci ilin II rübü — 85.3 milyon barel
  • 2020-ci ilin II rübü — 94.1 milyon barel
  • 2020-ci ilin oktyabr ayı — 95.3 milyon barel

Gördüyümüz kimi, 2020-ci ilin II rübündən sonra istehlak tədricən artmaqdadır. Bəs istehlakın artım tempinin 2020-2021-ci illərdə hansı səviyyədə olacağı proqnozlaşdırılır?

İl ərzində gündəlik ortalama neft istehlakı

  • 2019 (faktiki) — 100.5 milyon barel
  • 2020 (proqnoz) — 92.9 milyon barel
  • 2021 (proqnoz) — 98.8 milyon barel

2020-ci il ərzində gündəlik ortalama neft istehlakı 2019-cu ilə nisbətən 7,6 milyon barel azdır. Nəzərə alsaq ki, 2020-ci ilin II rübü ərzində azalma təqribən 15 milyon barel olmuşdur və neft qiymətləri faktiki olaraq çökmüşdür, o halda III rüb və oktyabr ayı ərzində olan artımlar məhz OPEC+ tərəfindən 06 iyun, 2020-ci il tarixdə qəbul olunan qərara əsasən hasilatın azalması sayəsində olmuşdur. Həmin qərarı xatırlayaq:

Dövr Gündəlik azalma

  • 01 may – 30 iyun 2020 — 9.7 milyon barel*
  • 01 iyul – 31 dekabr 2020 – 7.7 milyon barel
  • 01 yanvar 2021 – 30 Aprel 2022 (16 ay) — 5.8 milyon barel

* İlkin olaraq, 01 may – 30 iyun tarixlərində hasilatın gündəlik 10 milyon barel azaldılması nəzərdə tutulmuşdu. Bu azalmada Meksikanın payı gündəlik 400 min barel idi. Meksika əvvəlcə heç bir azalmaya razılaşmasa da, sonra gündəlik 100 min barel azalmanı reallışdıracağını bildirdi. Bu səbəbdən azalma gündəlik 9.7 milyon barel olmuşdur.

Gördüyümüz kimi, hasilatın azalması 2020-ci il ərzində azalan tələblə uyğundur. Yəni, azalan tələbi kompensasiya edə bilir. Lakin, qərara əsasən 01 yanvar 2021-ci il tarixdən etibarən istehsalın nisbətən (gündəlik 1.9 milyon barel) artırılması gözlənilir. Əslində, dünya iqtisadiyyatında pandemiyaya görə qapanmalardan çəkinmə fikri hazırda üstünlük təşkil etsə də, virusun yayılma tempi bu fikri dəyişə bilər. Burada müsbət amil isə peyvəndin vurulmasıdır. Lakin, peyvəndləmə tempinin səviyyəsi, təsiri və peyvəndin nə dərəcədə fiziki olaraq qısa müddətdə tələbi ödəməsini zaman göstərəcək. Yəni, bu məsələ tam aydın deyil. Bu amilləri 2021-ci ilin yanvar-mart aylarının dünya neft bazarında gərgin keçəcəyi məsələsini ortaya çıxarır. Hər bir halda, hazırda dünyanın maliyyə bazarları, birjaları peyvənd amilini əmtəə (o cümlədən neftin qiyməti) və qiymətli kağızların qiymətlərində nəzərə almaqdadırlar. Yəni, bazarlar müsbət əhvaldadır. Bu o deməkdir ki, peyvəndlə bağlı hər hansı neqativ xəbər dünya maliyyə bazarlarına və iqtisadiyyatlara ciddi zərbə vurar (məhz bu amili yaxın aylarda unutmayaq).

İndiyə qədər qeyd etdiyim rəqəmlər ABŞ Enerji İnformasiya Agentliyinin son rəqəm və proqnozlarıdır.

Önəmli bir neft karteli kimi OPEC-in neft bazarı ilə bağlı öz qiymətləndirmələrini aparmasını nəzərə alaraq, 30 noyabrda keçiriləcək iclasa OPEC-in hansı əhvalda getməsini müəyyənləşdirmək üçün OPEC-in öz rəqəm və proqnozlarına diqqət yetirək.

OPEC 2020-ci il ərzində gündəlik neft istehlakının 9.75 milyon barel azalaraq gündəlik 90 milyon barelin azacıq üzərində olacağını proqnozlaşdırır. Qeyd edim ki, keçən ay verdikləri proqnozda isə gündəlik istehlakın ortalama azalmasının 9.47 milyon barel olacağı qeyd olunurdu. Yəni,  noyabr ayında verdikləri proqnozda gündəlik ortalama neft istehlakının təqribən 300 000 barel azalacağını bildirirlər. Yəni, əhvali-ruhiyyə (sentiment) neqativə doğrudur ki, bu da iclas zamanı müsbət yanaşmaların (hasilatı artırmaqla bağlı) üstünlük təşkil etməsinə imkan verməyəcək. OPEC oktyabr ayında verdiyi proqnozlarda 2021-ci il üzrə gündəlik ortalama neft istehlakının 96.84 milyon barel, noyabr ayında (iclasdan öncə son) verdiyi proqnozlarda isə bu rəqəmin 96.26 milyon barel olacağını qeyd etmişdir. (istehlakla bağlı 2021-ci il üzrə rəqəmlərini burada da azaltmışlar).

Lakin, 30 noyabrda keçiriləcək iclasda gündəlik neft hasilatının 2 milyon barel artırılacağı ilə bağlı fikirlər də səslənir. Belə bir düşüncə var. Amma, əlavə olaraq qeyd olunur ki, əgər bu qərar bazarlarda neftin qiymətinə kəskin mənfi təsir edərsə, təcili olaraq, həmin qərarın ləğv olunacağı ilə bağlı da əlavə şərt olacaq. Bəs bu 2 milyon haradan meydana çıxır? Nə üçün məhz 2 milyon?

Rəqəmləri müqayisə etdikdə görürük ki, gündəlik ortalama neft istehlakı ilə bağlı OPEC-in proqnozları ilə ABŞ Enerji İnformasiya Agentliyinin proqnozları arasında -2 milyon barelə yaxın fərq mövcuddur. Yəni, OPEC-in proqnozları daha konservativ və nisbətən pessimistdir. Müxtəlif proqnozları təhlil edən OPEC burada müəyyən riskə də getməyi düşünə bilər. Çünki, gündəlik neft istehlakında kəsintilər xüsusilə bəzi ölkələr üçün kifayət qədər yüksəkdir. Baxmayaraq ki, bu azalmalar qiymətləri yüksəltdiyi üçün kompensasiya olunur.

İkinci daha inandırıcı variant isə budur ki, yuxarıdakı cədvəldən gördüyümüz kimi, hazırda gündəlik neft istehlakında azalma aprel ayında qəbul olunan qərara əsasən 7.7 milyon bareldir. 01 yanvardan etibarən isə bu rəqəm 5.8 milyon (gündəlik istehsal 1ş9 milyon barel artırılacaq) olacaq. Yəni, ortaya 2 variant çıxır. Ya OPEC bu ilin aprel ayında qəbul etdiyi qərarı tam qüvvədə saxlayacaq (bu halda yanvar ayından etibarən gündəlik istehsal 1.9 milyon barel artırılır), ya da qərar qəbul edəcək ki, gündəlik 7.7 milyon barel azalma 2021-ci ilin yanvar-aprel aylarında da qüvvədə qalacaq. Bu isə neft qiymətlərinə kifayət qədər ciddi müsbət təsir göstərər. Burada bir amma var. Əgər pandemiya iqtisadiyyatları qapatmasa.

Deməli, hər bir halda kulislərdə hallanan 2 milyon barel məsələsi bu amillərlə bağlıdır. Burada üçüncü variant da budur ki, bu rəqəmi gündəlik 1 milyon barelə qədər azaldaraq ortaq məxrəcə gələ bilərlər (gündəlik azalma 6.7 milyon).

Bütün variantlar istisna deyil. Düşünürəm ki, OPEC+ ölkələrinin ciddi riskə gedəcəyi də bir neçə qeyd edəcəyim amil səbəbindən inandırıcı deyil. Əvvəla, neftin qiymətlərinə mənfi təsir edəcək amillər onsuz da qalmaqdadır. Dünyada gündəlik ən çox neft istehlak edən 4 ölkə və Avropa Birliyinin (ABŞ, Avropa Birliyi, Çin, Hindistan, Yaponiya) gündəlik qlobal istehlakda payı 55% ətrafındadır. Çin istisna olmaqla, digər 3 ölkə və Avropa Birliyində isə pandemiya hələlik tüğyan etməkdədir. Bütün bunları, xüsusilə pandemiyanın bu qədər tüğyan etdiyi bir dövrü nəzərə alaraq OPEC+ ölkələrinin ciddi bir riskə getməsi və yüksək həcmdə hasilat artıracağı məntiqli görünmür. Qiymətlərin 45-55 dollar intervalında qalması həm istehsalçı, həm də istehlakçı ölkələr üçün daha uyğundur.

Neftin qiymətlərinə gəlincə. Bu ilin mart ayında neftin qiymətləri 20 dollar və daha aşağı olarkən yeni neft qiymətlərinin formalaşdığını və bu formalaşan yeni qiymətlərin Brent markalı neft üçün 45 dollar ətrafında olacağını qeyd etmişdim. 2020-ci ilin sonuna isə bu rəqəmin 45-55 dollar intervalında olmasını proqnozlaşdırmışdım. Fikirlərimdə qalıram. 2021-ci il ərzində neftin qiymətləri ilə bağlı şəxsi düşüncələrim isə budur ki, 2020-ci il ərzində OPEC və Rusiya buraxdıqları səhvləri 2021-ci ildə təkrar etməyəcəklər. Bu sahədə populist və bazarda manipulyasiyalara yönəlik fikirlər olmayacaq. Çünki, bazar səhvləri və populizmi bağışlamır, cəzası isə sərt olur. Qiymətlərin 2021-ci il ərzində 50 dollar və üzərində olma ehtimalı yüksəkdir (bir daha vurğulayıram ki, il ərzində ortalama gündəlik qiymət). Əlbəttə, pandemiyanın yayılma tempi, peyvəndlə bağlı həyata keçirilən işlər, iqtisadiyyatların bağlanıb-bağlanmaması amilləri xüsusilə 2021-ci ilin yanvar-aprel aylarında neft bazarında volatillik, qiymətlərin isə kəskin oynamasını da şərtləndirə bilər. Amma, öncəki fikirlərimdə də qeyd etdiyim kimi. Neft bazarında çətin dövr ən geci 2021-ci ilin may ayına qədər olacaq.

Müəllif: Elman Sadıqov,iqtisadçı-ekspert

Son xəbərlər
Digər xəbərlər