27 C
Baku
Wednesday, April 24, 2024

Ekspertdən bədbin proqnoz: “Yanvarın sonunda neft 30 dollardan da aşağı düşə bilər”

Dünya birjalarında neft ucuzlaşaraq 33 dollara düşüb.  “Brent” markalı neftin bir barrelinin qiyməti 33.75 dollar təşkil edir. WTI markalı neftin qiyməti də yaxşı heç nə vəd etmir. Belə ki, bu növ neftin bir barrelinin qiyməti 33,20 dollarda qərarlaşıb. London birjasında dünən keçirilmiş hərraclarda “AzeriLight” markalı neftin bir barelinin qiyməti 1,79 dollar və ya 5% azalaraq 34 dollar təşkil edib.

Qeyd edək ki, neftin qiymətinin 33 dollara düşməsi 2004-cü ilin aprelindən bəri ən aşağı qiymət hesab olunur.
Bəs, görəsən, neftin qiymətində müşahidə olunan ucuzlaşma tendensiyası daha nə qədər davam edəcək? Ucuzlaşma təsir edən amillər hansılardır? Neft daha da ucuzlaşsa Azərbaycan bəzi ictimai xadimlərin təklif etdiyi kimi neft hasilatını dayandıra bilərmi?
“Yeni Müsavat”ın suallarını cavablandıran Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban bildirdi ki, artıq dünya təcrübəsi onu göstərdi ki, münaqişələr neftin qiymətinə təsir edə bilmir:
“İranla Səudiyyə Ərəbistanı münaqişəsi onu göstərdi ki, artıq bu hadisələr nə neftin qiymətini saxlaya, nə də artıra bildi. Digər tərəfdən Yaxın Şərqdə , Suriyadakı konflikt yaranıb. Orada müharibə yeni bir vüsət alıb. Həm Mosul ətrafında baş verənlər, həm Rusiya aviasiyasının zərbələri, Türkiyənin konfliktə daxil olması –bunlar heç biri neftin qiymətinə təsir etmir. Lakin əvvəllər birjalar bu münaqişələrə qaşrı həssas idi, belə hadisələr neftin bahalaşmasına mühüm rol oynayırdı. 10 il öncəki dövrə nəzər salsaq, 2003-2004-cü illərdə Amerika qoşunları İraqda böyük əməliyyatlar keçirirdilər, Səddam rejimi devrilmişdi, İraqda böyük hərbi əməliyyatlar gedirdi və neftin qiyməti 23-24 dollardan birdən birə 10 dollar artdı.  O zaman münaqişələr neftin qiymətini artırırdı. İndi isə belə deyil. Neftin ucuzlaşmasında katalizator rolunu oynayan bir nömrəli amil dünya iqtisadiyyatı ilə bağlı gələn xəbərlərdir, o cümlədən  Çin iqtisadiyyatının  neqativ göstəricilərlə bağlı açıqlamalarıdır. Digər tərəfdən ötən gün Amerika fond birjasında enmələr müşahidə olunur. Artıq bu dalğa gələn həftə Avropaya keçəcək. Beləliklə, bu neqativ iqtisadi göstəricilər neftin qiymətinə mənfi təsir edən amillər rolunda çıxış edir. Həmçinin 2015-ci ilin 4-cü rübünün yekunları ilə bağlı ölkələr bir-bir açıqlamalar verəcəklər. Bu isə yanvar ayının üçüncü ongünlüyündə olacaq. Bu açıqlamalar neftin qiymətinə daha çox təsir edəcək. Ola bilər ki, bu açıqlamalardan sonra neftin qiyməti 30 dollardan da aşağı düşsün”.
Ekspert bildirdi ki, qarşıdakı dövrdə İran neftinin də bazara çıxması gündəmdə olacaq: “İran nefti ilə bağlı müqavilələr imzalanacaq, real İran nefti bazara çıxacaq. Yəni, bu da ucuzlaşma tendensiyasının  davam etməsinə səbəb olacaq”.
Neftin məqsədli şəkildə ucuzlaşdırılmasına gəlincə, İlham Şaban bildirdi ki, dünya bazarında bu proses konkret hansısa dövlətin əlində deyil: “Bu qrup şəklində atılan bir addım deyil ki, gəlin neftin qiymətni ucuzlaşdıraq. Bu dünya iqtisadiyyatında gedən prosesdir və neftin qiymətinin ucuzlaşması da buna adekvatdır. Əgər hazırda əksər ölkələrdə neftə olan tələbat azalıbsa, təbii ki, o idxalı azaldacaq. Dünya iqtisadiyyatı artıq elə bir mərhələyə çatıb ki, əvvəlki qədər neftə tələbat yoxdur. Sistem tamam dəyişib”.
Azərbaycanın neft hasilatını dayandırmasına gəlincə, ekspert bildirdi ki, neft 10 dollar da olsa hasilat dayandırılmayacaq: “ Tutaq ki, neftin 1 barelinin qiyməti $25 oldu.Əvvəla bu göstərici 20 də ola bilər, ancaq bu, o demək deyil ki, orta rüblük (ödənişlər rüblük əsasla aparlılır), illik qiymət bu həddədir. Yəni qısamüddətli qiymət enmələrini heç kəs inkar etmir, ancaq bu neftin orta qiymətinə təsir edəcək imkanda olmur.
Tutaq ki, neftin aylıq qiyməti 25 dollar oldu. AÇG-dən hazırda gündəlik 625 min barel neft hasil edilir. Yəni ayda konsorsiumun $484,4 mln gəliri deməkdir.Və bu vəsaitin də təqribən $300 mln-a yaxını Azərbaycanın mənfəəti təşkil edir. Bundan əlavə, digər müqavilələrdən $10 mln ətrafında mənfəət əldə edilir. Və bütün bunlar SOCAR-ın əməliyyatları xaricində əldə edilən gəlirlərdir. SOCAR isə Novorossiyskdən ixrac hesabına da mənfəət əldə edir, çünki onun hasilatının 1 bareli $16 ətrafında, ixracı xərcləri isə tankerə yükləmə ilə birlikdə $4-dan çox deyil”.
İlham Şabanın sözlərinə görə, hasilat dayandırıldıqdan sonra onun bərpası daha çətin, vaxt və maliyyə tələb edən bir prosesdir: “Hasilatın platformalarda və yataqlardakı quyularda isə dayandırılması isə bilirsiniz nə deməkdir? Onları yenidən işə salmaq üçün ən azı 50-60 gün vaxt gərəkdir. Bu təkcə kommersiya itkisi deyil, həm də onların işə salınması üçün əlavə istismar xərcləridir…Ona görə də bəyanatar öz yerində, ancaq onların praktika ilə uzlaşmasını da nəzərə almaq gərəkdir. İkincisi isə axı yaddan çıxartmaq lazım deyil ki, 1998-ci ildə Azərbaycan nefti təzə-təzə dünya bazarlarına “ayaq açanda” Novorossiyskdən Urals markası adı altında satılan Azərbaycan neftinin bareli 9 dollara da bazara çıxarılırdı, həmin il neftin orta illik satış qiyməti isə cəmi 14 dollar olmuşdu…Bunlar uzaq olmayan iqtisadi tariximizin reallıqlarıdır. Hazırki şəraitdə 5 ildən sonra da Azərbaycanın dünya bazarına çıxaracaq neftə bərabər məhsulu yoxdur. Nə sənaye nə də kənd təsərrüfatı sahəsində elə bir məhsulumuz yoxdur. Yeganə real məhsulumuz neftdir. Neftin qiyməti isə ucuzlaşa da bilər, bahalaşa da bilər. Önəmli olan orta illik qiymətdir”.
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər