2 C
Baku
Saturday, December 14, 2024

Ekspertdən inflyasiya xəbərdarlığı: Xoşagəlməz problemlər yarana bilər

Ekspert: “Hazırda dünyada əksər maliyyə institutları düşünür ki, bazarlarda böyük “balonlar” formalaşır və bu, gələcəkdə yeni bir böhranın başlanğıcı ola bilər”

“Hazırda dünyada əksər maliyyə institutları düşünür ki, bazarlarda böyük “balonlar” formalaşır və bu, gələcəkdə yeni bir böhranın başlanğıcı ola bilər. Maliyyə institutları monetar siyasətin sərtləşdirilməsi istiqamətində addımlar ata bilərlər”.

Bunu iqtisadçı-ekspert Rəşad Həsənov açıqlamasında deyib.

Onun fikrincə, burada Avropa Mərkəzi Bankı öncüllərdən biridir: “Eyni zamanda, ABŞ Mərkəzi Bankı (FED) aktivlərin azaldılması, faiz dərəcələrinin yüksəldilməsi ilə bağlı müəyyən açıqlamalar verib və bu, digər banklara da sirayət edə bilər. Məsələn, hazırda xüsusilə, inkişaf etmiş ölkələrdə borclanma faizləri kifayət qədər aşağıdır. Hətta bəzi banklar mənfi uçot dərəcəsi siyasətini həyata keçirməklə borclanma prosesini sürətləndirməyə və eyni zamanda, bunun vasitəsilə iqtisadi aktivliyi artırmağa istiqamətlənmiş bir siyasət həyata keçirirlər. Amma bəzi hallarda son nəticədə inflyasiya proqnozları istənilən səviyyəyə çatmır. Bu isə paralel olaraq maliyyə “balonları”nın formalaşmasına gətirib çıxardır”.

Onun sözlərinə görə, qlobal səviyyədə strategiyanın dəyişdirilməsi istiqamətində qərarlar qəbul edilərsə, bu, borclanma faizlərini yüksəldəcək: “Borclanma faizlərinin yüksəlməsi əsasən inkişaf etməkdə olan ölkələrə təsir edəcək. Çünki bu ölkələr müəyyən inkişaf proqramlarını daha çox borc vəsaitləri hesabına həyata keçirirlər. Borc faizləri yüksələcəksə, nəticədə borclanma xərclərini artırmaqla inkişaf etmiş ölkələrin borc yükünü artıra bilər. Bu ölkələr ehtiyatlı qərarlar qəbul etməyə, daha az borclanmaya meyillənəcəklər. Bu, nəticədə iqtisadi böyüməni zəiflədə bilər”.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və maliyyə institutları kafedrasının professoru, Rusiya və Azərbaycanın iqtisad elmləri doktoru Elnur Sadıqov isə Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, Beynəlxalq Valyuta Fondu (BVF) kredit faizlərini artırarsa, nəticədə bu, gənc inkişaf etməkdə olan ölkələrin maliyyə ehtiyatlarında gərginlik yaradacaq: “Eyni zamanda, yaxın dövr üçün nəzərdə tutulan layihələrin maliyyələşdirilməsində problemlər meydana çıxacaq. Gənc dövlətlərin əksəriyyəti BVF-dən qısa müddətli maliyyə ehtiyatlarını almaq üçün əlavə faizlər ödəməli olacaqlar. Bu, isə öz növbəsində həmin dövlətlərin tədiyyə balansında problem yaratmaqla yanaşı, kredit borclarının vaxtında ödənməməsinə gətirib çıxardacaq. Çünki bu gün dünya ölkələrinin əksəriyyəti daxili və xarici borclar problemi ilə üz-üzə qalıb. Borcların geri qaytarılması mexanizmi tam şəkildə həyata keçirilməyib. Yaxın Şərq ölkələrində yaranmış gərginlik, o cümlədən bu ölkələrin neft ixracındakı problemləri, hasilat sənayesinin aşağı düşməsi də bu proseslərə birbaşa təsir göstərib”.

“Bu, ölkələri məcbur edəcək ki, özləri daxildə vəsait axtarıb stimul müəyyənləşdirsinlər, amma bunu zaman göstərəcək. Çünki ölkələrin daxilində stimul yaradan vəsaitlər olsaydı, heç onlar Dünya Bankından da kredit götürmək istəməzdilər. Məsləhət görürük ki, gənc dövlətlərin BVF-dən ala biləcəkləri kredit tranşlarında faiz dərəcələrinin artırılması yox, onların aşağı salınması istiqamətində işlər aparılsın” – deyə o bildirib.

İqtisadçı-ekspert Cəfər İbrahimli Sputnik-ə açıqlamasında deyib ki, 2008-ci ildə başlayan böhrandan çıxmaq üçün Mərkəzi Banklar dövriyyəyə girərək banklara likvidlik veriblər: “Bu izafi vəsaitlər iqtisadiyyatlarda inflyasiya və digər xoşagəlməz problemlər yarada bilər. Hazırda Mərkəzi Bankların apardığı siyasətin nəticəsi inkişaf etməkdə olan ölkələr üçün mənfi təsir göstərə bilər. Yəni, vəsaitlər daha yüksək faiz təklif edən və minimum riskə sahib olan ABŞ və Avropa iqtisadiyyatlarında qalmağı tərcih edə biləcək”.

Qeyd edək ki, BVF inkişaf etməkdə olan ölkələrə dünyada yumşaq monetar şərtlər davam etdiyi müddətdə öz maliyyə vəziyyətlərini düzəltməyə çağırıb. “Report” “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, bu açıqlama ilə BVF-nin icraçı direktorunun müavini Tao Janq çıxış edib.

Janq bildirib ki, qlobal maliyyə bazarlarında faizlər aşağı səviyyədə qaldıqca, inkişaf etməkdə olan ölkələr hazırda mövcud olan ucuz maliyyələşmə şərtlərindən istifadə etməlidir. Çünki borc bazarında normallaşma başladıqda maliyyələşmənin maya dəyəri artacaq və borc almaq çətinləşəcək.

Fond rəsmisi qeyd edib ki, inkişaf etməkdə olan bir çox ölkənin valyutada yüksək borcları var. İnkişaf etmiş ölkələrin mərkəzi bankları sərt monetar siyasətə keçdikcə dolların məzənnəsi yüksələcək. Belə ki, FED tədricən faizləri artırmağa davam edəcək, Avropa Mərkəzi Bankı isə monetar ekspansiyanı azaldacaq.

Son xəbərlər
Digər xəbərlər