10 C
Baku
Thursday, December 12, 2024

Elçin Kərimov Avstriyada təhsil haqqında

Müsahibimiz: Avstriyanın Kufstein Universitetinin məzunu Elçin Kərimovdur:

Çox sağ olun ki, xaricdə oxuyan çox saylı azərbaycanlı tələbələrdən biri kimi məndən müsahibə götürməyi qərar almısınız. Özüm haqqında qısa onu deyə bilərəm ki, 1987-ci ildə Bakı şəhərində doğulmuşam və 1993-2004-cü illərdə Binəqədi rayonu 283 saylı orta məktəbdə təhsil almışam. Orta təhsilimi bitirdikdən sonra Azərbaycan Dövlət İqtisad Universitetinə (ADİU) qəbul olmuşam. Universiteti bitirdikdən sonra öncə hərbi xidmət, sonralar isə Azərbaycandakı müxtəlif şirkətlərdə işləmişəm. 2012-ci ildə xaricdə magistratura pilləsi üzrə təhsil almaq üçün Avstriya Respublikasına gəlmişəm. 2012-2014 illərdə adı çəkilən ölkədəki Kufstein Tətbiqi Elmlər Univesitetinin Beynəlxalq Biznes Təhsili fakultəsinin Marketinq bölümünu bitirmişəm. Hal-hazırda Avstriyada bir neçə tələbə yoldaşımla start-up layihəsi üzərində çalışıram.

Elçin bəy, ilk öncə Azərbaycandakı təhsiliniz barədə ümumi məlumat verərdiniz?

Azərbaycanda təhsilim: Azərbaycanda ali təhsilimi 2004-2008-ci illərdə qeyd etdiyim kimi Azərbaycan Dövlət İqtisad Universitetində, ümumi iqtisadiyyat (uçot-iqtisad) fakultəsində almışam. Deməzdim ki, ADİU-da təhsil aldığım müddətdə çox mühüm biliklər qazanmışam, amma qeyd etməliyəm ki, bu müddət gələcək təhsilimə dair planlar qurmaqda mənə yardımçı olub. Misal üçün tələbəlik dönəmində öz üzərimdə işləməyə, xüsusən gələcək təhsilimlə əlaqədar ingilis dilini təkmilləşdirməyə kifayət qədər zamanım olub, eyni zamanda ümumi iqtisad təhsili gələcəkdə daha konkret hansı sahədə ixtisaslaşmağımda mənə yardımçı olub.

Marketinq sahəsi üzrə təhsil almaq qərarınız nə ilə əlaqədar idi? Marketinqdə sizi cəlb edən nədir? Və bu sahənin Azərbaycanda perspektivinə inanırsınızmı?

Düzünü desəm, marketinq sahəsini mən sonralar kəşf etmişəm. Baxmayaraq ki, ADİU ixtisasım daha çox mühasibatlıqla bağlı olub, hələ orta məktəbdə oxuduğum vaxtlarda biznesin təşkili, sahibkarlıq fəaliyyəti, innovasiyaların tətbiqi və s. kimi sahələrə böyük marağım olub. Daima adını çəkdiyim sahələrdə yeni biliklər qazanmağa cəhd etmişəm. Sonralar məni maraqlandıran bütün sahələrin marketinqdə cəmləşdiyini görəndən sonra bu sahədə ixtisaslaşmaq qərarına gəldim. Azərbaycana gəldikdə, qeyd etməliyəm ki, marketinq sahəsi ilkin inkişaf mərhələsindədir, bu sahəyə daha çox gənclər maraq göstərir. Düşünürəm ki, Azərbaycanda marketinq sahəsində daha da böyük imkanlar var.

Universitet seçimi edərkən əsas olaraq hansı amillərə görə qərar verdiniz? Bu universitetin digər universitetlərdən əsas üstünlükləri hansılardır?

Universitet seçimi: Universitet seçimimdə əsas meyar kimi biznes sahəsində daha praktik və ingilis dilli təhsil verən universitetləri nəzərdə tutmuşdum. Bundan başqa, Avstriyada həyat səviyyəsinin yüksək olması seçimimə təsir edən amillərdən olub. Avstriyaya getməmişdən əvvəl 4 il işlədim və pul yığdım. Sonra sözü gedən ölkəyə təhsil almağa yollandım və maddi məsələlər də universitet seçimimə əsas təsir edən amillərdən biri olub. Qeyd edim ki, Avstriyaya ilk gəldiyim ildə təhsil haqqı çox cüzi idi, təxminən Azərbaycanda ADİU-ya illik ödədiyim təhsil haqqının yarısı qədər. Hal- hazırda isə həmin bitirdiyim universitet yeni tələbələr üçün təhsil haqqını təxminən 10 dəfəyə qədər qaldırıb. Məzunu olduğum Kufstein Tətbiqi Elmlər Universitetinin digər universitetlərdən əsas fərqi onun daha çox praktiki, xüsusən biznes yönümlü olmasıdır. Təhsilim müddətində əsas ixtisas fənnlərimizin hamısı real şirkətlərdə, istehsalat sahələrində qısa müddətli təcrübə günləri ilə müşahidə olunurdu. Misal üçün, ilk marketinq sahəsində fənnimiz xidmət sahəsinin marketinqi idi və bizi 5 nəfərlik qruplar şəklində 3 ay müddətinə McDonald’s, Hilton Hotel, Kala Alm Gasthause (Alp dağlarında kiçik ailə hotelçilik biznesidir) təcrübəyə göndərdilər. Hər ay biz öyrəndiklərimiz və universitetdə tədris olunan müvafiq fənn üzrə müxtəlif esseler və təqdimatlar hazırlayırdıq. Bundan əlavə, hər bir qrupda tələbələrin sayının az olması da (hər fakultə üzrə 20 nəfər) universiteti digər universitetlərdən daha cəlbedici edir. Praktiki təhsil haqqında ətraflı bütün məlumatlar sənəd qəbulu zamanı universitetin rəsmi internet səhifəsində qeyd olunmuşdu.

İmtahanlar: Universitetə qəbul prosesi standartdır, amma bir çox universitetlərin qəbul prosesindən fərqli olaraq gələcək tələbələr universitetin rəsmi internet səhifəsindəki online formları doldura və lazım olan sənədlərin notarial qaydada təsdiq olunmuş nüsxələrini poçt vasitəsiylə universitetə göndərmədən skan olunmuş formatda formlara daxil edə bilərlər. Qeyd edim ki, təhsilləri ingiliscə olmayan tələbələr beynəlxalq ingilis dili sertifikatlarından hər hansı birini (İELTS/TOEFL və s.) universitetə təqdim etməlidirlər. Sənədlərin ilkin araşdırmasından uğurla keçən tələbələr Skype vasitəsi ilə təxmini 45 dəqiqəlik müsahibə bölümünə dəvət olunurlar. Müsahibə zamanı universitetin 3 müəllimi gələcək tələbədən onun universitetə təqdim etdiyi CV və motivasiya məktubu haqqında suallar soruşur və həmçinin ümumi iqtisadi biliyə dair suallar verir. Xaricdən Kufstein Tətbiqi Elmlər Universitetinə oxumağa gələn tələbələr universitetdə  ümumi riyaziyyat və məntiq üzrə test imtahanından da keçmək məcburiyyətindədirlər. Çünki Avstriya Respublikası qanunları bunu hər bir yerli universitetdən tələb edir.

Təhsil haqqına gəldikdə isə, bir illik (2 semester) təhsil haqqı təxminən 745 EUR təşkil edirdi və bu məbləğdən 16 EUR tələbə cəmiyyətinə üzvlük kimi ödənilirdi. Avstriya yüksək həyat şəraitinə görə bahalı ölkə olmasına baxmayaraq, tələbələr üçün ictimai nəqliyyat, bəzi iaşə obyektləri, hətta konsertlər belə yarı qiymətinədir. Bundan əlavə, ölkə qanunlarına əsasən magistratura pilləsi üzrə təhsil alan xarici tələbələr həftədə 20 saat olmaq şərti ilə ayda maksimum 80 saat işləmək hüququna sahibdirlər. Təbii işləyən tələbə öz aylıq məsrəflərinin böyük bir hissəsini qarşılayır və hətta dövlət tərəfindən ildə bir dəfə olmaqla məşğulluq idarəsindən illik təhsil haqqının 80 %-i qədər grant alır. Təssüflə qeyd edim ki, hal-hazırda bitirdiyim universitetim yeni tələbələrdən təxminən 10000 EUR-a yaxın təhsil haqqı tələb edir. Lakin buna baxmayaraq universitet tərəfindən verilən praktiki təhsilin bu məbləğə uyğun olduğunu düşünürəm.

Yuxarıda qeyd etdiyim kimi, universitetin özündə təhsil prosesi çox maraqlıdır, lakin bu heç də o demək deyil ki, semester imtahanları sadədir. Avstriya Respublikasında tətbiqi elmlər üzrə ixtisaslaşmış bu tip universitetlərdə semester imtahanları sanki Azərbaycandakı orta məktəb qiymətləndirmə sistemini xatırladır. Sonuncu 4-cü semesteri nəzərə almasaq, hər semesterdə təxmini 10 fənn tədris olunur və ilk iki semester tədris olunan fənnlərin tam yarısından tələbə imtahan vermək məcburiyyətindədir. Yerdə qalan fənnlərdən isə tələbə ya esse təqdim etməli və ya bütün auditoriya qarşısında powerpoint təqdimatı etməlidir. İmtahanlar isə təbii ki çətinlik dərəcəsinə görə fənndən fənnə görə dəyişir, amma tələbələri ən çox narahat edən səbəb bir fənndən 3 dəfə kəsilməkdir. Universitetin qanunlarına əsasən bir fənndən tələbə maksimum 3 dəfə kəsirə qala bilər və bu limit keçildiyi zaman tələbə universitetdən xaric olunur. Çox təssüfki, bizim qrupun 20 nəfərlə təhsil proqramına başlamasına baxmayaraq 3 nəfər bu proqramı kəsir limitini keçdiyinə görə davam etdirə bilmədi. Sonralar isə daha 5 tələbə diplom işi müdafiəsindən kəsilərək növbəti dönəm diplom işi müdafiəsinə qaldı. Universitetin imtahanlarla bağlı belə bir siyasəti Avropa Birliyi xaricindən gəlmiş, tələbə vizası əsasında Avstriyada oxuyan tələbələr üzərinə böyük məsuliyyət qoyur, həmdə tələbələri imtahanlara daha ciddi hazırlaşmağa məcbur edir.

Qeyd edim ki, Avstriya və digər alman dilli ölkələrdə təhsil alıb, sonradan bu ölkələrdə qalıb işləmək üçün alman dilini öyrənmək şərtdir. Və bu baxımdan təhsil aldığım universitet aylıq çox cüzi məbləğə xarici tələbələr üçün alman dili kursları təşkil edirdi.

Əcnəbi ölkədə marketinq sahəsi üzrə diploma sahib olmaqla özünüz üçün hansı iş perspektivlərinin olduğunu düşünürsünüz? Azərbaycanda bu sahə üzrə əldə edilən biliklər arasında hansı fərqlərin olduğunu düşünürsünüz?

İlk öncə ondan başlayaq ki, iqtisadi cəhətdən inkişaf etmiş istənilən ölkədə müəyyən təhsil sahəsi üzrə biliyə yiyələnmək fərd üçün gələcəkdə həm təhsil aldığı xarici ölkədə, həmdəki Azərbaycanda müəyyən perspektivler açır. Marketinq sahəsi üzrə təhsilə gəldikdə isə, xüsusən Avropada bu sahəyə maraq yüksəkdir. Hal-hazırda ixtisaslı işçi qüvvəsi baxımından tələbat yüksələn xəttlə artır, bundan əlavə həm dövlət, həm özəl fondlar tərəfindən biznes mühitində innovasiyalara böyük dəstək var. Təbii bütün irili xırdalı şirkətlərdə marketinq departamentləri vardır və daima yeni ideyalar uğrunda mübarizə gedir. Artıq inkişaf etmiş ölkələrdəki şirkətlərin bir devizi var: hər bir biznes fəaliyyətinin əsas məqsədi müştəri cəlb etməkdir, şirkətlər bu işi yalnız marketinq və innovasiya vasitəsilə görə bilərlər, məhz marketinq və innovasiya nəticə yaradır, qalan bütün şeylər isə xərcdir. Belə bir şəraitdə marketoloqlara daimi tələbat vardır.

Azərbaycana gəldikdə, yuxarıda qeyd etdiyim kimi, marketinq sahəsi indilərdə inkişafa başlayıb. Bu sahədə olan əsas problemlərdən biri hələ yerli şirkətlərimizin marketinq fəaliyyətinə ciddi vəsait ayırmamasıdır. Digər problemlər arasında, ixtisaslı kadrların az olması və bazarda xarici marketinq xidməti göstərən professional oyunçuların olmamasıdır. Təbii bütün sadaladığım problemlərin yaranmasında Azərbaycan bazarının kiçik olması da mühüm rol oynayır. Hesab edirəm ki, istənilən halda xarici təhsil və təcrübənin Azərbaycanda iştirakı vacibdir. Təəssüf ki, praktiki baxımdan xaricdə əldə edilən marketinq təcrübəsini də birbaşa, bütünlüklə, Azərbaycanda tətbiq etmək olmur. Məsələn, Avropada müştəri sadiqliyini artırmaq üçün şirkətlər daha çox korporativ sosial məsuliyyət proqramlarina və ya sosial marketinqə üstünlük verirlər. Azərbaycanda isə cəmiyyətə xeyirli olan belə marketinq vasitələrinə çox az diqqət var. Digər əsas fərq isə, qərbdə marketinq biliyi və praktikası müştərilərin təkrar alış etməsi üçün onların dəyişən istehlak ehtiyyaclarına uyğun məhsul və ya xidmət təklif etmək üzərində qurulub və daima təhsil müddətində tələbələrə müştəri məmnuniyyətinin əhəmiyyəti və müştəriyə özəl məhsul və ya xidmətlərin əhəmiyyəti təkrarən vurğulanır. Təəssüf ki, Azərbaycanda böyük əksəriyyət marketinqə satışı artırmaq üçün vasitə kimi yanaşır. Bundan əlavə, sıravi Azərbaycan istehlakçısı marketinq eşidəndə reklam başa düşür. Əslində isə marketinq məhsul və ya xidmətin yaradılması prosesindən başlayaraq, həmin məhsul və ya xidmətin müştərilərlə ünsiyyətini təşkil etmək (kommunikasiya), müştərilərə çatdırmaq, sıravi istehlakçıların və bütünlükdə cəmiyyətin xeyrinə olacaq təklifləri təşkil edən fəaliyyətdir. Hesab edirəmki, ölkədaxili şirkətlər arasında rəqabətin artması və xarici təcrübəyə malik kadrların iştirakı Marketinq sahəsinin Azərbaycanda inkişafına böyük təkan verə bilər. Bundan əlavə, Azərbaycan şirkətlərinin daha çox ixracatı artırmaq planları da ölkəmizdə marketinqin gələcək illərdə sürətli inkişafına zəmin yarada bilər.

Elçin bəy, təhsil alarkən və ya xarici ölkəyə getməmişdən öncə sizdə geri dönməmək və ya elə xarici ölkələrin birində qalıb işləmək istəyi olubmu?

Təbii ilk vaxtlar ölkəyə geri dönməyi arzulayırdım, xususən yerli dili (Almanca) hələ bilmədiyim zamanlarda, amma zamanla hər şey qaydasına düşdü. Təhsilimin son ilində Avstriyadakı bir neçə şirkətdən iş təklifləri gəldi. Özümü daha fərqli bir işdə sınamaq üçün, tələbə yoldaşlarımla bərabər bir start-up üzərində işləməya başladım. Qısa zamanda bir neçə start-up yarışmasına qatıldıq və qalib gəldik. Hal-hazırda öz biznes ideyamız üzərində işləyirik.

Hələ təhsil aldığım müddətdə, Azərbaycanda son çalışdığım bankdan təhsilimi başa vurduqdan sonra geri qayıdıb, işləmək təklifi almışam. Bundan əlavə, məni şəxsən tanıyanlar tərəfindən bir neçə iş təklifləri almışam. Düşünürəmki, hələ bir müddət təhsil aldığım ölkədə qalıb işləyim və daha çox təcrübə qazanım.

Sonda, marketinq üzrə təhsil almaq istəyən şəxslərə nə məsləhət görərdiniz?

Əvvəla marketinq üzrə təhsil almaq istəyən şəxslərə əsas təklifim onların İngilis dilini öyrənməsidir. Marketinqə dair ədəbiyyatların mütləq əksəriyyəti və həmçinin aylıq çıxan araşdırmalar bu dildədir. İkinci məsləhətim isə, belə şəxslərin daimi öz üzərində işləməsidir. Çünki marketinq elə bir sahədir ki, o, az qala hər ay dəyişilir, daima daha yeni məlumat tələb edir. Bundan əlavə, marketinqə maraq göstərən gənclər daha çox müxtəlif iqtisadi və sosial problemlərin həllinə dair yaradıcı düşünməyə özlərini sövq etməlidirlər. Marketinq sahəsinə maraq göstərib bu sahə üzrə ixtisaslaşan güclü kadrların olması ölkə iqtisadiyyatının inkişafına yalnız müsbət təsir göstərə bilər. Bu səbəbdən bu sahəyə maraq göstərən hər bir gəncə bu yolda uğurlar arzulayıram.

Son xəbərlər
Digər xəbərlər