Daimi qulluq tələb edən 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə, əlil şəxsə baxan və onunla birlikdə yaşayan valideynlərdən (o cümlədən övladlığa götürən şəxslərdən) birinin – himayəçinin və ya qəyyumun hər hansı muzdlu işdən aylıq gəlirindən vergi tutulması 200 manat məbləğində azaldılır.
Banker.az Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, Vergi Məcəlləsinin 102.3-cü maddəsinə əsasən, bu güzəşt hüququ aşağıda qeyd olunan sənədlərin birinin təqdim edildiyi andan tətbiq edilir və yalnız əsas iş yerində (əmək kitabçası olduğu yerdə) həyata keçirilir:
– himayədə olma faktı barədə məhkəmə orqanlarının qərarı;
– ər və arvaddan birinin güzəştdən istifadə edib-etməməsi barədə onların əmək kitabçasının olduğu işəgötürənin arayışı;
– uşağın doğum haqqında şəhadətnaməsinin surəti:
– birgə yaşamaq haqqında mənzil-kommunal istismar sahəsinin, yaxud icra hakimiyyəti nümayəndəliyinin arayışları;
– Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun yerli qurumunun arayışı;
– övladlığa götürmə barədə məhkəmə qərarının surəti.