20 C
Baku
Thursday, May 2, 2024

Elman Rüstəmov Dünya Bankının regional direktorunu qəbul edib

Azərbaycanda səfərdə olan Dünya Bankının (DB) Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molineus ilə Mərkəzi Bankın sədri Elman Rüstəmov arasında görüş keçirilmişdir. Banker.az AMB-yə istinadən xəbər verir ki, örüşdə DB-nin Ölkə ofisinin rəhbəri Sara Maykl da iştirak etmişdir.

Görüş zamanı Mərkəzi Bankın sədri E.Rüstəmov ölkəmizin DB ilə uzunmüddətli əməkdaşlığının ölkəmizin sosial-iqtisadi inkişafında əhəmiyyətini vurğuladı. Sonra ölkədə mövcud iqtisadi vəziyyətdən, o cümlədən maliyyə sektorunda görülən işlərdən danışaraq bildirdi ki, 2020-ci ildə qlobal bazarlarda baş verən mürəkkəb proseslər, neftin qiymətində volatillik, pandemiyanın ölkə iqtisadiyyatı üçün yaratdığı çətinliklər, eyni zamanda Ermənistanın Azərbaycana qarşı təcavüzünün qarşısının alınması istiqamətində aparılan müharibəyə baxmayaraq 2020-ci il ölkəmiz üçün bütövlükdə uğurlu il olmuş, makroiqtisadi sabitlik qorunmuş və iqtisadi azalma minimal olmuşdur.

E.Rüstəmov ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən ölkədə yeni nəsil islahatlara start verildiyini, növbəti 10 il üçün milli prioritetlərin müəyyən edildiyini qeyd etdi. Bildirdi ki, bu islahatlar məzmununa görə məqsədyönlü və konkret strateji hədəflərin reallaşmasına, ölkədə dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyatın formalaşmasına, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyətin qurulmasına, rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanının yaradılmasına və Azərbaycanın təmiz ətraf mühit və “yaşıl artım” ölkəsinə çevrilməsinə yönəlmişdir. Qeyd olundu ki, ölkədə islahatların həyata keçirilməsində beynəlxalq təşkilatlarla, xüsusilə DB ilə əməkdaşlıq daima mühüm rol oynamışdır və əminlik ifadə olunmuşdur ki, DB strateji tərəfdaş kimi bu islahatlarda da Azərbaycana dəstək göstərəcəkdir.

Cənab Molineus öz növbəsində DB-nin Azərbaycan ilə əməkdaşlığının yüksək səviyyədə olduğunu qeyd etdi. Bildirdi ki, 2020-ci il həqiqətən həyata keçirilmiş islahatlar və ölkə iqtisadiyyatı üçün yaranmış təhdidlərlə mübarizə baxımından uğurla yekunlaşmışdır. Müharibədən sonra Azərbaycanın elan etdiyi regional əməkdaşlıq təşəbbüsləri ölkə iqtisadiyyatının inkişaf potensialını daha da genişləndirir. S.Molineus ölkədə DB-nin dəstəyi ilə həyata keçirilən layihələrin statusu barədə məlumat verərək Azərbaycan iqtisadiyyatında həyata keçirilən islahatlara DB tərəfindən tam dəstək veriləcəyini ifadə etdi. O, bildirdi ki, ölkənin yeni iqtisadi inkişaf strategiyasının hazırlanması olduqca mühüm addımdır və ölkə Prezidentinin rəhbərliyi altında müəyyən edilmiş milli prioritetlər əsasında hazırlanacaq strategiyanın ölkə iqtisadiyyatının inkişafına töhfə verəcəkdir. Qeyd etdi ki, sözügedən strategiyanın hazırlanmasında və islahatların həyata keçirilməsində DB bütün lazımi dəstəyi göstərməyə hazırdır.

Görüşdə Mərkəzi Bank ilə DB arasında mövcud əməkdaşlıq istiqamətləri, hazırda DB-nin dəstəyi ilə maliyyə sektorunda həyata keçirilən layihələr və əməkdaşlığın gələcək inkişaf perspektivləri barədə də fikir mübadiləsi aparıldı.

Son xəbərlər
 ⁠
Digər xəbərlər