9 C
Baku
Thursday, December 12, 2024

Elman Rüstəmov Milli Məclisin iclasında ipoteka kreditləri məsələsinə toxunub

Milli Məclisdə Azərbaycanın 2015-ci il üçün büdcə zərfinin plenar müzakirəsində Azərbaycan Mərkəzi Bankının İdarə heyətinin sədri Elman Rüstəmov bildirib ki, ölkədə ümumi ipoteka portfeli 1 milyard manat təşkil edir.
Elman Rüstəmovun sözlərinə görə, 1 milyard manatın təxminən 600 mln. manatı Azərbaycan İpoteka Fondunun xətti ilə verilib. “Bu məbləğə dövlətin ayırdığı vəsaitlər, eləcə də fondun özünün vəsaitləri də daxildir. Bankların öz vəsaitləri hesabına isə ümumilikdə 400 mln. manat həcmində ipoteka krediti verilib” – deyən Elman Rüstəmov əlavə edib ki, ipoteka kreditləşməsi hesabına indiyədək 15 400 ailə mənzil sahibi olub.
Elman Rüstəmov yeni ipoteka strategiyasının bəzi detallarını da açıqlayıb. “Bunlardan birincisi, güzəştli ipotekanın dövlətin himayəsində qalması və bu vəsaitin gələcəkdə optimallaşdırılmasıdır. İkinci əsas prinsip isə kommersiya kreditləşməsinin daha da liberallaşdırılması və bu işin bankların üzərinə qoyulması, banklar üçün yeni təklif kanalları, yeni uzunmüddətli vəsait kanallarının yaradılmasıdır. Bu isə maliyyə bazarlarının digər seqmentlərinin, xüsusilə də, pensiya fondlarının, sığorta fondlarının vasitəsilə baş verir. Digər tərəfdən isə, Alman modeli deyilən ipotekanı irəli sürürük. Bu ipoteka əhalinin öz yığımları hesabına baş verir. Bu modelə görə xüsusi bir təsisat yaradılır. Əhali müəyyən məbləğə qədər bu vəsaiti toplayır. Nəzərdə tutulan məbləğ formalaşandan sonra əhali həmin bankdan ipoteka krediti əldə edə bilir. Hesab edirəm ki, bu model Azərbaycanda çox yararlı ola bilər”, – deyə E. Rüstəmov izah edib.
Son xəbərlər
Digər xəbərlər