3 C
Baku
Saturday, December 14, 2024

Emil Rzayev: Bank BTB hər addımı ilə müasirləşən və seçilən bank olmaqdadır

Bank “BTB” ASC-nin İdarə Heyətinin Sədri Emil Rzayevin müsahibəsini təqdim edirik. Emil müəllim öz müsahibəsində bir sıra aktual məsələlərə toxunaraq Bank BTB-nin gələcək inkişaf planları barəsində danışdı. 

Hörmətli Emil müəllim, artıq 10 ildir ki, Bank BTB Azərbaycanın maliyyə bazarında fəaliyyət göstərir. Bu dövr ərzində inkişaf edən gənc bankınız hansı nailliyyətləri əldə edib və bu uğurun arxasında nələr dayanır? 

Düz qeyd etdiniz, həqiqətən də Bank BTB qısa zaman ərzində maliyyə bazarında özünə layiq yer tutub. Bankımız 10 il ərzində əsaslı şəkildə böyüyüb, filial şəbəkəmiz genişlənib, bankın aktivləri 15 dəfə artıb, yalnız son 5 il ərzində bank aktivlərinin artımı 150 faizə çatıb. Hazırda bankın əmanət portfeli 120 milyon manatdan çoxdur və bu göstərici artmaqda davam edir. Bu isə artan müştəri etimadının nəticəsi deməkdir.

Bundan əlavə, bankımız üçün ən dəyərli aktiv onun əməkdaşlarıdır. Əminliklə deyə bilərəm ki, halhazırda bankımızda illərin sınağından keçmiş, təcrübəli, işinə sadiq komanda mövcuddur. Bu isə öz növbəsində xidmət keyfiyyətinin yüksəldilməsi və müasir standartlara çatdırılması üçün tələb olunan əsas şərtdir.

Sirr deyil ki, keçdiyimiz bu yolda müəyyən çətinliklərlə üzləşmişik, lakin komandanın əzmkarlığı və peşəkarlığı sayəsində yaranmış problemlərin öhdəsindən bacarıqla gələ bilmişik. 

Yaradılmış sağlam mühit bu gün istənilən çətinliyin öhdəsindən gəlməyə şərait yaradır və bankın maliyyə göstəriciləri üzrə davamlı artımını təmin edir. 

Yaxın gələcəkdə Bank BTB müştərilərinə nə vəd edir və xidmət şəbəkəsinin inkişafını necə planlaşdırırsınız? 

Bankımız fəaliyyətə başladığı ilk dövrlərdə əsasən Bakı şəhərinin mərkəz hissəsində yerləşən, nisbətən kiçik ölçülü filiallarda xidmət göstərirdi. 2010-cu ildə 2 filialla fəaliyyətə başlayan Bank BTB-nin hazırda 17 xidmət nöqtəsi var. Sürətlə böyüyən bankımızın filial şəbəkəsinin infrastrukturu bizi qane etmirdi və bu səbəbdən xidmət şəbəkəsinin  korporativ standartlara uyğun filiallardan təşkil edilməsi və müştəri rahatlığını təmin edən avadanlıqlarla təchiz edilməsi bankımız üçün prioritet məsələyə çevrilib. Bu məsələnin vacibliyini dərk edərək son illərdə bankımızın bir sıra filialları əsaslı şəkildə rekonstruksiya olunub, müştərilərin əlçatanlığını təmin edən yeni ünvanlara köçürülüb. Bunlarla yanaşı, bankımız hazırda ölkənin böyük şəhərləri olan Sumqayıt və Gəncədə təmsil olunur. Regional filialların inkişaf perspektivlərinə çox böyük önəm veririk. Hesab edirəm ki, sahibkarlıq fəaliyyətinin daha yaxından dəstəklənməsi, onların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi bu sahənin inkişafı üçün zəruri amillərdən biridir. Yaxın gələcəkdə əhatə dairəmizi daha da genişləndirərək əhaliyə geniş çeşidli, keyfiyyətli və innovativ maliyyə xidmətləri göstərməyi planlaşdırırıq.

Hazırda filiallarımızda müştərilərin məmnunluğunu təmin etmək məqsədilə yenidənqurma işləri aparılır, müştəri xidməti üçün komfortlu şərait yaradılır, xidmət nöqtələrinə vahid standartlar tətbiq olunur. Bütün bu görülən işlər müştərilərimiz tərəfindən müsbət qarşılanır. Bu standartın inkişaf etdirilməsi və yaxın illərdə bütün filiallarımıza tətbiq edilməsi bizim üçün prioritet məsələlərdən biridir.

Eyni zamanda müştəri ehtiyaclarını nəzərə alaraq xidmət mərkəzlərinin əhali üzrə daha səmərəli yerləşdirilməsi, bir sıra filialların yeni ünvana köçürülməsi istiqamətində işlər aparılır. Hazırki strategiyamıza əsasən filiallarımız müştərilərin 10-15 dəqiqə ərzində rahat yetişməsinə imkan verən ünvanlarda yerləşdirilir. Bu məqsədlə 2017-ci ildə 2 filialın, 2018-ci ildə daha 2 filialın yeni ünvanlarda yenidən təşkili həyata keçirilmişdir. Hazırda daha 2 filialın yerdəyişməsi işlərinə başlanmış və yaxın aylarda filialların yeni ünvanlarda fəaliyyət göstərməsi planlaşdırılır. 

Anladığım kimi Bank BTB böyüyüb daha yüksək zirvələrə hədəflənib. Bu məqsədlə daxili proseslərdə, xidmət üsullarında, əməkdaşlara münasibətdə hər hansı dəyişikliklər gözlənilirmi? 

Dövrün tələbi rəqəmsal həllər və müştəri məmnuniyyətidir. Bu prinsipləri rəhbər tutaraq bankımız təşkilati strukturunu yeniləmiş, daha müştəri yönümlü olmuşdur. Müştərilərə xidmət prosesində iştirak edən strukturların vəzifə öhdəlikləri, səlahiyyət bölgüləri bu prinsiplərə uyğun adaptasiya olunmuşdur. Bununla da, qərarvermə proseslərinin çevikliyi təmin olunaraq müraciətlərin baxılması və qərarların verilməsi asanlaşdırılmışdır.

Əlbəttə, bank inkişafa meyl göstərirsə əməkdaşların da motivasiyası təmin olunmalıdır. Bankımızda tətbiq olunan motivasiya proqramı müəyyən hədəflərin yerinə yetirilməsinə yönəlmiş şəkildə təşkil olunmuşdur. Motivasiya proqramına əsasən hər bir əməkdaşın vəzifəsinə uyğun müəyyən edilmiş fərdi hədəflər icrasına əsasən mükafatlandırılır.  Təqdim etdiyimiz motivasiya sistemi çox praktik və şəffafdır. Buna görə də, əməkdaşlarımız hədəflərinə çatdıqları zaman nə əldə edəcəklərini yaxşı başa düşürlər və karyera yüksəlişi şanslarını görürlər. 

Bacarıqlarını inkişaf etdirən, daha peşəkarlıq uğrunda çalışan, daha məsuliyyətli əməkdaşların karyerasının yüksəldilməsi üçün bankımızda hər cür şərait yaradılır.

Maliyyə bazarında yüksək rəqabətliliyi nəzərə alaraq yaxın gələcəkdə fəaliyyətinizi hansı müştəri seqmentinə yönəltməyi planlaşdırırsınız?

Bank BTB son illərdə demək olar ki, bütün istiqamətlərdə təkliflərə açıq bir brend kimi bazara daxil olub. Əlbəttə ki, bu inteqrasiya dərhal baş vermir. İlk növbədə, biz müştərilərlə ünsiyyət vasitələrini inkişaf etdiririk, onların istəklərinin qarşılanması üzərində çalışırıq. Qeyd edim ki, bu istiqamətdə apardığımız uğurlu yanaşmanın nəticəsidir ki, artıq etibarlı müştəri bazası əldə edə bilmişik. 

Qarşıdakı illərdə korporativ bankçılıq əməliyyatlarında və pərakəndə bankçılıq xidmətləri sahəsində də fəaliyyətimizi genişləndirməyi, həmçinin mikro, kiçik və orta bizneslərə, o cümlədən, bu biznesin tərkib hissəsi hesab edilən ailə təsərrüfatlarına dolğun maliyyə xidmətlərinin göstərilməsini hədəfləmişik.

İndidən məlumat verim ki, 2020-ci ilin sonunadək kredit portfelimizdə ciddi artımlar olacaq. 

Fikirlərinizdən aydın olur ki, yaxın illərdə bankın əsaslı böyüməsi gözlənilir. Bunu  hansı vasitələrlə təşkil etməyi planlaşdırırsız?

Bilirsiniz, son onilliklər ərzində biz dünyada biznes mühitinin, ardınca isə öyrəşdiyimiz həyat tərzinin sürətlə dəyişdiyini müşahidə edirik. Texnologiyaların inkişafı gündəlik həyatımızı sürətlə dəyişdiyi üçün alışdığımız biznes modelləri yenidən müəyyən etməyə məcbur edir. Biz də, Bank BTB olaraq dəyişikliklərə tez reaksiya verməyi, daha rahat üsullarla biznes fəaliyyətimizi genişləndirməyi hədəfləmişik. Bunlarla yanaşı, işlərimizi yeni rəqəmsal həllərin yaradılması və bütün bank xidmətlərinin ölkə üzrə əlçatanlığını təmin etmək istiqamətində qururuq. 

İlk olaraq, istiqamətimiz müştəri yönümlü proseslərin sadələşdirilməsindən ibarət olacaq. Çünki, gördüyümüz hər bir işin mərkəzində məhz müştərilərimiz dayanır. Hazırda üzərində çalışdığımız layihələrin yekununda müştərilər filiala gəlmək, növbədə vaxt itirmək, digər növbələrə yönləndirilmək və təkrar filiala dönmək məcburiyyətində qalmayacaqlar. Bankın təklif edəcəyi onlayn xidmətlər vasitəsilə müştərilər kompüter, mobil telefon və s. texniki qurğularla internetə daxil olmaqla, həmçinin, filialda növbəyə yazılmaqla və ya müstəqil şəkildə istədikləri əməliyyatları asanlıqla icra edə biləcəklər. 

Bildiyimiz kimi müasir bankçılıq təhlükəsiz əməliyyatlar, etibarlı tərəfdaşlıq üzərində qurulub. Bank BTB bu istiqamətdə müştərilərinə nə vəd edir?

Qeyd edim ki, rəqəmsallaşma müştərilərin elektron vasitələrlə məsafədən audentifikasiyasının aparılmasını, fərdi olaraq onların ehtiyaclarının və problemlərinin həlli kimi yeni vəzifələrin icrasını, eyni zamanda yarana biləcək risklərin idarə olunması sistemlərinin qurulmasını tələb edir. Məhz bu yenilikləri tətbiq edən təşkilatlar müasir dünyada rəqabət üstünlüyü əldə edəcəklər. 

Belə desək, əvvəlki illərdə bankımızda bu istiqamətdə qurulmuş işlər arzu olunan səviyyədə deyildi, risklərin idarə olunması əsasən intuitiv qərarlara əsaslanırdı. Bank BTB olaraq son illərdə biz də bu mövzunu diqqətlə təhlil etmişik və strategiyamızda artıq nələri etməli olduğumuzu aydın müəyyən etmişik. Ən əsası isə xidmət sürətinə xələl gətirmədən yarana biləcək risklərin vaxtında müəyyən olunması və qarşısının alınması üzrə tədbirlərin icrasını nəzərdə tutmuşuq. Bu məqsədlə hazırda bankımızda çox təcrübəli 15 əməkdaşdan ibarət Risk departamenti formalaşdırılıb. Hər bir risk istiqaməti üzrə risklərin qiymətləndirilməsi və nəzarətə götürülməsi üzrə işlər icra edilir. Mərhələli şəkildə risk nəzarəti sistemlərinin avtomatlaşdırılması, sistemli təhlükəsizlik alətlərinin işə salınması bankımızın növbəti hədəfidir. 

Bəs müştəri xidməti keyfiyyətinin artırılması üçün hansısa layihələriniz varmı? Müştərilər yaxınlarda Bank BTB-dən hansı yenilikləri gözləyə bilərlər? 

Müzakirəmizin əvvəlində qeyd etdiyim kimi müştəri xidməti keyfiyyətinin artırılması ilə bağlı bankımız yarandığı gündən mühüm işlər görüb və bu istiqamətdə işlər davam etməkdədir. Müraciət və şikayətlərə reaksiyamız sürətlənib, zamanın tələblərinə uyğunlaşdırılıb. Bütün proseslərimizi optimallaşdırırıq ki, müştərilərimizi daha tez eşidək və sürətli reaksiya verək. Bunlarla yanaşı, xidmət keyfiyyətinin artırılması ilə bağlı filiallarımızın şəraitinin yaxşılaşdırılmasını həyata keçiririk. Müştərilərimizi tam yenilənmiş, müasir texnologiyalarla təchiz olunmuş, sürətli xidmətə zəmin yaradan rahat filiallarda qarşılamalıyıq. 

Müştəri məmnuniyyətinin artırılması məqsədilə ön ofis əməkdaşlarımızın istifadə etdiyi proqram təminatını yeniləyirik. Bankın alternativ xidmət kanalları, o cümlədən, BTB Mobil Bank tətbiqi, ödəniş terminalları və bankomat şəbəkəsində təqdim olunan məhsul və xidmətlərin keyfiyyətinin daha da artırılması üçün investisiyalar edirik.

2019-cu ilin üçüncü rübün nəticələrinə nəzər salsaq Bank BTB cari ili hansı nəticələrlə başa vurmağı planlaşdırıb?

Qısaca deyim ki, bankımızın maliyyə göstəriciləri kifayət qədər yaxşıdır və bu göstəricilər artmaqda davam edir. Bununla belə, son dövrlərdə yeni inkişaf layihələri üzrə xərclərin artmasına baxmayaraq gəlirlərimizin davamlı artımını müşahidə edirik. Hesab edirəm ki, bu artım reallaşmış layihələrdən əldə etdiyimiz müsbət nəticələrdir.

Ötən ilin analoji dövrü ilə müqayisədə 2019-cu ilin ilk 9 ayı ərzində bankın xalis mənfəəti 2 dəfəyədək, kredit portfeli 15%, depozit portfeli isə 8% artmışdır. Bankın kredit portfelinin 50%-i real sektora ayrılan kreditlər təşkil edir ki, bu göstəricinin daha da artırılması gözlənilir. Maliyyə hədəflərinin formalaşdırılması zamanı əsas məqsəd gəlirlərin diversifiksiyasının təmin edilməsi və bankın dayanıqlı inkişafının dəstəklənməsidir. Növbəti illər üçün iddialı planlarımız formalaşıb və mən inanıram ki, peşəkar komandamız sayəsində bütün qoyulan hədəflərə müvəffəqiyyətlə nail olacağıq. 

 

Son olaraq oxucularımıza nə demək istərdiniz?

 

Son olaraq qeyd etmək istərdim ki, Bank BTB yeniliklərə açıq, innovasiyalara dəstək olan bir bank kimi yeni inkişaf strategiyası ilə maliyyə sektorunda dayanıqlı bazar mövqeyini möhkəmləndirməyə iddialıdır. Bütün müştərilərimizə bildirmək istərdim ki, bankımızın xidmət nöqtələri çevik, gülərüz, mehriban kollektivi ilə daim xidmətinizdədir.

Son xəbərlər
Digər xəbərlər