16 C
Baku
Thursday, May 2, 2024

Əmtəəsiz əməliyyatlara görə maliyyə sanksiyası tətbiq ediləcək

Vergi Məcəlləsində 1 yanvar 2024-cü ildən qüvvəyə minən dəyişikliklərdən biri də əmtəəsiz əməliyyatlarla bağlıdır.

Banker.az Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, yeniliyi  Bakı Karyera Mərkəzinin direktoru, vergi eksperti Təhməz Qaçayev şərh edir.

Əmtəəsiz əməliyyatlarla bağlı Vergi Məcəlləsində həm redaktə xarakterli, həm də maliyyə sanksiyası ilə bağlı dəyişikliklər edilib. Məcəllənin yeni redaksiyada verilən 13.2.81-ci maddəsində göstərilib ki, əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə və ya bu cür məqsəd olmadan aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət (gəlir) əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlardır.

Yeni redaksiyaya əsasən, vergi ödəyicisinin bu cür əməliyyatı bilərəkdən və yaxud bilməyərəkdən həyata keçirdiyi hər bir hal əmtəəsiz əməliyyat olaraq qəbul edilir.

Bununla yanaşı, Vergi Məcəlləsinə əmtəəsiz əməliyyatlarla bağlı yeni maddə əlavə edilib. Məcəllənin 58.15-1-ci maddəsinə əsasən, vergi nəzarəti tədbirləri ilə əmtəəsiz əməliyyatlar çərçivəsində riskli vergi ödəyicisi olması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə aşağıdakı maliyyə sanksiyaları tətbiq edilir:

– təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə aparılmış əmtəəsiz əməliyyatın məbləğinin 10 faizi miqdarında;

– təqvim ili ərzində belə hallara ikinci dəfə yol verdikdə aparılmış əmtəəsiz əməliyyatın məbləğinin 20 faizi miqdarında;

– təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə aparılmış əmtəəsiz əməliyyatın məbləğinin 40 faizi miqdarında.

Misal: Vergi nəzarəti tədbirləri çərçivəsində vergi ödəyicisinin təqvim ili ərzində ilk dəfə 20.000 manatlıq əmtəəsiz əməliyyat aşkar edilib. Bu halda ona 2.000 manat maliyyə sanksiyası tətbiq ediləcək:

20000 x 10% = 2000 manat.

Son xəbərlər
 ⁠
Digər xəbərlər