15 C
Baku
Sunday, May 5, 2024

Energetika naziri GECF-in Baş katibi və “Nebras Power” şirkətinin baş icraçı direktoru ilə görüşüb

Energetika naziri Pərviz Şahbazov Qaz İxrac edən Ölkələr Forumunun (GECF) tədbirləri çərçivəsində Dohada bir sıra görüşlər keçirib.

Banker.az bu barədə Energetika Nazirliyinə istinadən xəbər verir.

GECF-in Baş katibi Məhəmməd Hamel ilə görüşdə qlobal qaz bazarındakı hazırkı tendensiyalar, Azərbaycan və GECF arasında əməkdaşlığın mövcud vəziyyəti və perspektivlər nəzərdən keçirilib. Energetika naziri bildirib ki, Azərbaycan 21-ci əsrin ən nəhəng layihələrindən birini – Cənub Qaz Dəhlizini reallaşdırıb. Bu dəhliz vasitəsilə Avropa bazarına daxil olub və istehlakçıların etibarını qazanıb. Nazir Cənub Qaz Dəhlizinin genişləndirilməsi perspektivlərinə də toxunaraq, bu məqsədlə zəruri addımlar və Azərbaycanın qaz ehtiyatlarından bəhs edib. Bildirilib ki, dəhlizin əsas resurs mənbəyi olan “Şahdəniz” yatağından indiyə kimi 160 milyard kubmetrə yaxın qaz hasil edilib və bu yatağın ehtiyatları isə 1 trilyon kubmetrdən çoxdur. 

Baş katib Məhəmməd Hamel isə deyib ki, təbii qaz növbəti onilliklərdə enerji keçidi prosesində həlledici rol oynayacaq. Təbii qaz enerji yoxsulluğu, enerji təhlükəsizliyi və ətraf mühitlə bağlı məsələlərin həllini təmin edir. Bu aspektdə Forum çərçivəsində qaz sektoruna dəstəyi təmin edən əməkdaşlığın vacibliyi qeyd edilib. 

Nazir, həmçinin “Nebras Power” şirkətinin baş icraçı direktoru Xalid Məhəmməd Jolo ilə görüşüb. Görüşdə qoyuluş gücü 550 MVt-dək olan qaz-turbin, eləcə də Laçın və Kəlbəcər rayonları ərazisində 100 MVt-lıq gücdə külək elektrik stansiyalarının tikintisi layihələri üzrə əməkdaşlıq məsələləri müzakirə edilib. Həmçinin işğaldan azad olunmuş ərazilərdə  nəzərdə tutulan bərpa olunan enerji layihələri və Xəzər dənizinin Azərbaycan sektorunda külək enerjisi potensialının reallaşdırılması ilə bağlı planlara dair fikir mübadiləsi aparılıb. “Nebras Power” şirkəti ilə birgə planların Qətərlə enerji əməkdaşlığının inkişafı və enerji sektoruna investisiyaların cəlbi üçün fürsətlər yaratdığı qeyd edilib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər