-1 C
Baku
Sunday, December 15, 2024

Due diligence (kompleks hüquqi qiymətləndirmə) nədir?

0

Have a Question?

Due diligence (kompleks hüquqi qiymətləndirmə) – nizamnamə kapitalına daxil olmağı planlaşdıran investorun və ya maliyyə hesabatlarının düzgünlüyünün təhlilini almaq istəyən sahibkarın təşəbbüsü ilə şirkətin kompleks müstəqil qiymətləndirilməsi prosedurudur.

Yoxlama proseduru sahibkar / alıcı tərəfindən müstəqil olaraq həyata keçirilə, eyni zamanda bu işə məsləhətçilər və sahə mütəxəssisləri cəlb oluna bilər. Proseduru həyata keçirməzdən əvvəl tərəflər məxfi məlumatların yayılmaması haqqında müqavilə bağlayırlar.

Şirkətlər birləşmə, aktivlərin əldə edilməsi və böyük investisiya layihələrinin kreditləşməsi zamanı kompleks hüquqi qiymətləndirməyə əl atırlar. Kredit verən banklar isə böyük borcların yenidən qurulmasını həyata keçirmək üçün “due diligence” alətindən istifadə edirlər. Bundan əlavə, kompleks hüquqi qiymətləndirmə startapların əldə edilməsi və qiymətləndirilməsi zamanı tətbiq olunur.

Kompleks hüquqi qiymətləndirmənin əsas vəzifəsi investor / sahibkar üçün riskləri minimuma endirməkdir

Nüanslar

“Due diligence” prosesi zamanı mütəxəssislər şirkətin maliyyə-təsərrüfat fəaliyyətini təhlil edirlər, onun təsis edilməsi sənədlərini araşdırırlar, layihənin risklərini, cari dəyərini, iş modelini, maliyyə göstəricilərini və ümumilikdə mövcud olan bütün məlumatların etibarlılığını qiymətləndirirlər.

Kompleks hüquqi qiymətləndirmənin iki növü var: “soft due diligence” və “hard due diligence”. Mütəxəssislərin sözlərinə görə, “soft due diligence” əsasən insanlar və korporativ mədəniyyətə, “hard due diligence” isə biznes göstəricilərinə yönəlir.

“Soft due diligence” zamanı kadr təhlili aparılır, korporativ mədəniyyət, menecment və işçilərin motivasiya sistemi, istehlakçıların rəyi araşdırılır. “Yumşaq” yoxlama prosesində rəhbərlik və işçilər arasındakı əlaqələri qiymətləndirmək üçün sosial şəbəkələrin təhlili həyata keçirilir, eyni zamanda tədarükçü haqqında anonim sorğular aparılır.

“Hard due diligence” əsasən biznes nəticələrə, şirkətin strategiyalarına və əqli mülkiyyətə diqqət yetirir. “Sərt” yoxlama zamanı maliyyə sənədləri, real gəlir və xərclər, marketinq planları, kapital qoyuluşu, təşkilatın əmlakı və maliyyə vəziyyəti, mülkiyyətin hüquqi aspektləri, qeyri-maddi aktivlərin istifadəsi, o cümlədən müqavilələrin icrası nəzərdən keçirilir.

Faktlar

Kompleks hüquqi qiymətləndirmə proseduru bir neçə həftədən bir ilə qədər davam edə bilər (şirkətin böyüklüyündən və araşdırmanın növündən asılıdır).