19 C
Baku
Sunday, May 5, 2024

Neyromarketinq nədir?

0

Neyromarketinq nədir?

Neyromarketinq – neyrofizioloji tədqiqatlar vasitəsilə müştəri davranışını öyrənmək və ona təsir etmək üçün yanaşmadır.

Müxtəlif araşdırmalar vasitəsilə insan beyninin duyğularını və reaksiyalarını oxumaq mümkündür. Bu, marketoloqlara maraqlıdır, çünki neyromarketinq sosial sorğulardan daha etibarlı və obyektivdir. Belə araşdırmaların köməyi ilə siz potensial alıcıların reklama, məhsulun dadına, qablaşdırılmasına və s. necə reaksiya verdiyini qiymətləndirə bilərsiniz.

Düzünü desək, neyromarketinq texnologiyaları baha olduğundan, yalnız şirkətlərin bir qismi ondan istifadə edə bilirlər (məsələn, Azərbaycanda fəaliyyət göstərən KFC).

Nüanslar

Neyromarketinq texnologiyalarına aşağıdakı tədqiqatlar daxildir:

– nəbzin, tənəffüsün, tərləmənin təhlili (emosional həyəcanı göstərir);

– göz hərəkətlərini izləmə (aye-tracking);

–  üz ifadələrini kameralar və elektromioqrafiyadan istifadə edərək izləmə;

– elektroensefaloqrafiya (başa elektrodlar yapışdırılır) və funksional maqnit rezonans tomoqrafiya (MRT, insan skanerə yerləşdirilir) beynin müəyyən stimullara reaksiyasını göstərir.

Tarix

Neyromarketinq 1990-cı illərdən inkişaf edir, terminin özü isə 2002-ci ildə yaranıb. Bununla belə, televizora baxan insanın beyin fəaliyyətinin öyrənilməsi hələ 1970-ci illərdə başlayıb.

Fakt

“Frito-Lay” şirkəti, “Cheetos” çipsinin istehsalçısı, izləyicilərin yeni reklamı necə qəbul edəcəyini öyrənmək üçün araşdırma aparıb. Süjetə görə, baş qəhrəman ağ paltarların olduğu paltaryuyan maşına parlaq narıncı çipsləri qoyaraq, onu təhqir edəndən qisas alır. Neyrotestlərin nəticəsi sorğulara uyğun gəlməyib: onların məlumatına görə, reklam izləyicilərin xoşuna gəlməyib, lakin tədqiqat həqiqəti göstərib: insanlar qəddar görünməmək üçün reklamın gülməli olduğunu boyunlarına almayıb.