Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan şənbə günü bildirib ki, 2025-ci ildə faiz dərəcələrinin daha da aşağı salınması gözlənilir. Bu həftə Mərkəzi Bank əsas faiz dərəcəsini 250 baza bəndi azaldaraq 47.5%-ə endirib.
Banker.az xəbər verir ki, Türkiyə Mərkəzi Bankı, ölkə lidernin əvvəllər dəstəklədiyi qeyri-ənənəvi iqtisadi siyasətləri və ucuz pul siyasətini tərsinə çevirən 18 aylıq sərtləşmə səylərindən sonra bir həftəlik repo dərəcəsini azaldıb. Ərdoğan indi bu proqramı dəstəkləməkdədir.
Ölkə başçısı partiyasının üzvlərinə bildirib ki, iqtisadiyyat proqramnın prioriteti inflyasiyanı azaltmaqdır.
“Pul siyasəti ilə yanaşı, istifadəmizdə olan digər alətlərdən də istifadə edərək, ümid edirəm ki, inflyasiyanı tələb olunan səviyyəyə endirəcəyik,” deyə Ərdoğan deyib.
“O faiz dərəcələrini mütləq aşağı salacağıq. 2025 bu baxımdan tarixi bir il olacaq… Faiz dərəcələri azaldılacaq ki, inflyasiya da azalsın. Biz bu addımı atacağıq. Bu artıq bizim üçün qaçılmazdır.”
Faiz dərəcələrini əvvəllər “ən böyük düşməni” adlandıran Ərdoğan keçən ay qeyd etmişdi ki, faiz dərəcəsi azaldıqca inflyasiya da azalacaq.
Mərkəzi Bank daha əvvəl elan etmişdi ki, gələn il planlaşdırılan pul siyasəti iclaslarının sayı 2024-cü ildəki 12-dən 8-ə endiriləcək.
Reuters-in median proqnozuna görə, Mərkəzi Bankın 2025-ci ilin sonuna qədər faiz dərəcələrini təxminən 28.5%-ə qədər endirəcəyi gözlənilir. Proqnozlar isə 25%-dən 33%-ə qədər dəyişir.