9 C
Baku
Sunday, November 17, 2024

Ərdoğan-Putin danışıqları hansı səbəbdən “taxıl sazişi”nə kömək etmədi?

Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında aparılan danışıqlarda taxıl müqaviləsi məsələsinə prinsipial olaraq yeni heç nə daxil edilməyib. Rusiya öz tələblərində israrlıdır, xüsusən də ölkə daxilində diplomatik razılaşmalara güclü müqavimət olduğuna görə. Niyə Türkiyənin təkidinə baxmayaraq, Rusiya taxıl müqaviləsini uzatmaq istəməyib? 

Sentyabrın 4-də Soçidə Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında üç saatlıq danışıqlar baş tutub. Əsas mövzulardan biri də taxıl sazişi olub.

Yekun konfransda Vladimir Putin vurğulayıb ki, Rusiya sövdələşməni “yenidən canlandırmağa” hazırdır, lakin yalnız qeyd olunan bütün tələblər yerinə yetirildikdən sonra, çünki Qərb ölkələri “taxıl sazişinin həyata keçirilməsini əngəlləməyə davam edirlər”.

Türkiyə tərəfinin fikrincə, hazırda Qara dəniz taxıl müqaviləsinə effektiv alternativ yoxdur. Türkiyə taxıl müqaviləsinin bərpası üçün yeni təkliflər paketi hazırlayıb və Rusiya taxılını un şəklində yoxsul ölkələrə tədarük etməyə razılaşıb.

Söhbət nədən gedir?

Rusiya, Ukrayna, Türkiyə və BMT arasında 2022-ci il iyulun 22-də taxıl ixracı sazişi bağlanıb. Sazişin məqsədi Ukrayna taxılının və digər kənd təsərrüfatı məhsullarının 2022-ci ilin fevralında Rusiyanın Ukraynada müharibəyə başlamasından sonra keçidi çətinləşən dəniz dəhlizləri ilə təhlükəsiz tədarük edilməsi olub.

Həmçinin İstanbulda Rusiya ilə BMT arasında Rusiya kənd təsərrüfatı məhsullarının və gübrələrinin dünya bazarına çıxarılmasının təşviqinə dair memorandum imzalanıb. Sənədə əsasən, BMT ölkədən ərzaq və gübrə ixracına qoyulan məhdudiyyətlərin aradan qaldırılması üçün səy göstərməyi öhdəsinə götürür. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun sözlərinə görə, üç il müddətinə nəzərdə tutulan bu saziş “ABŞ və Aİ-nin maliyyə, sığorta və logistika sahələrində yaratdığı maneələri aradan qaldırmaq, bu məhsullar üçün məhdudlaşdırıcı şərtlərdən xüsusi istisnalara nail olmaq üçün nəzərdə tutulur”.

Taxıl müqaviləsi Rusiyanın təşəbbüsü ilə iyulun 18-dən dayandırılıb. Bundan sonra Rusiya və Ukrayna rəqib ölkənin limanlarına gedən yük gəmilərinə qarşı təhdidlər mübadiləsi aparıblar. Avqustun 8-də Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevin su yolu ilə taxıl ixracına icazə verilməsə, Rusiyanı Qara dənizdə gəmisiz qoymaqla hədələyib və avqustun 10-da Ukrayna Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələri yaradıldığını elan edib.

Digər tərəfdən, Afrika bundan faydalanacaq. Mövcud razılaşma ilə bağlı əsas şikayətlərdən biri odur ki, Qara dəniz vasitəsilə daşınan buğdanın yarısından çoxu (bütün taxıl daşımalarının 51%-ni təşkil edir) ehtiyacı olan ölkələrə yox, Qərb ölkələrinə gedir.

“70%-dən çoxu varlı ölkələrə, ilk növbədə Avropa İttifaqı ölkələrinə yönləndirilir”, – Putin məlumatlara istinad edib.

Avropa Komissiyası Rusiyanı taxıl mqaviləsini bərpa etməyə çağırıb. AK-nın vitse-prezidenti Valdis Dombrovskis “Rusiya taxıldan silah kimi istifadə edir” fikrini irəli sürüb. BMT eyni zamanda taxıl və digər malların ixracı üçün alternativ ixrac marşrutları təqdim etməklə Kiyevə kömək etməyə davam edir. Avropa ölkələrində, ilk növbədə, Polşa və Rumıniyada yaradılmış “həmrəylik dəhlizləri” vasitəsilə 44.4 milyon ton taxıl, toxum, yağlı bitkilər və digər malların ixracı mümkün olub. Bu, Rusiya ilə taxıl müqaviləsinin şərtlərinə uyğun olaraq ixracın həcmindən çoxdur.

Təşkilat bildirib ki, saziş BMT-yə Əfqanıstan, Efiopiya, Keniya, Somali, Sudan və Yəməndə ehtiyacı olanlara kömək etmək üçün 725 min tondan çox buğda ixrac etməyə kömək edib və bu həcmin yarıdan çoxu Ukrayna məhsullarıdır.

Nəticənin olmaması da bir nəticədir

Müqavilənin müddətinin uzadılması yalnız Rusiya prezidentinin müəyyən etdiyi şərtlər yerinə yetirildiyi halda (“Rosselxozbank”ın SWIFT sisteminə yenidən qoşulması, Tolyatti-Odessa ammonyak boru kəmərinin fəaliyyətinin bərpası və ölkəyə kənd təsərrüfatı avadanlıqlarının tədarükünə qoyulan məhdudiyyətlərin aradan qaldırılması) mümkündür.

Türkiyə və BMT artıq etiraf ediblər ki, onların həyata keçirilməsinə nail olmaq qeyri-realdır.  Buna görə də, mütəxəssislərin fikrincə, tərəflərin bir-birinə heç bir güzəştə getməməsi Qara dənizdə münaqişənin kəskinləşməsinə gətirib çıxaracaq. Və bu, Rusiya üçün heç də yaxşı olmayacaq.

Son xəbərlər
Digər xəbərlər