Ermənistan 2022-2024-cü illər ərzində idxal etdiyi silah-sursatın 43 faizini Hindistandan alıb.
Bu barədə Stokholmda yerləşən Sülh Problemlərinin Təhlili Beynəlxalq İnstitutunun hesabatında məlumat verilib.
Sənəddə 2016-2018-ci illər arasında bu göstəricinin sıfır həddinə yaxın olduğu açıqlanıb.
Bu arada, Hindistanın Müdafiə Nazirliyinin açıqlamasına görə, son illərdə Ermənistana silah və hərbi texnika tədarükü üzrə müqavilələrin ümumi həcmi 600 milyon dollara çatıb.
Hesabat sənədində hazırda Hindistanın Ermənistana silah satışında Rusiyanı da üstələdiyi xüsusilə qeyd edilib.
Ötən il Hindistan tərəfi iki ölkə arasındakı münasibətlərin tarixində ilk dəfə olaraq Ermənistana hərbi attaşe təyin edib. Ümumilikdə isə bu dövlətin xarici ölkələrdəki Səfirliklərində hərbi nümayəndələrin sayının artırılması nəzərdə tutulub.
Sənədin daha bir maraqlı məqamı isə Hindistan tərəfinin Rusiyadan silah idxal edən ölkələrə hərbi təyinatlı məhsulların tədarükündə rəsmi Moskvanı üstələmək niyyətində olduğu ilə bağlıdır.