Ermənistan mayın 25-də İrəvan vaxtı ilə saat 22:35-də Yer orbitinə ilk peykini buraxıb, Banker.az xəbər verir ki, bu barədə ölkənin Baş naziri Nikol Paşinyan məlumat verib.
Paşinyanın sözlərinə görə, bu, “Geocosmos” dövlət müəssisəsi ilə İspaniyanın “Satlantis” şirkətinin əməkdaşlığı sayəsində həyata keçirilib. Qurğu “SpaceX Falcon 9” raketi ilə göndərilib. Baş nazir izah edib ki, peyklə bağlı bütün qərarlar gizli saxlanılıb.
“Ermənistan kosmik fəaliyyət dövrünə qədəm qoyur”, – Paşinyan bildirib.
O əlavə edib ki, 2023-cü ilin sonuna kimi Ermənistanda peyk idarəetmə mərkəzi yaradılacaq, onun ətrafında mütəxəssislər komandası formalaşacaq. Buraxılan qurğu ilə çəkilmiş fotoşəkillər sərhəd nəzarəti, fövqəladə halların qarşısının alınması və aradan qaldırılması, ətraf mühitin mühafizəsi üçün istifadə olunacaq.