“Rossiya-1” kanalının “60 dəqiqə” adlı verilişində Paşinyan növbəti debatda növbəti dəfə uğursuz lider olduğunu bir daha sübut etmiş oldu. Münhendəki debat barədə yazdığım fikirlərdə Paşinyanın xarici siyasətdə çox uğursuz, məntiqsiz və qətiyyətsiz xarakterini və diplomatiyadan uzaq olduğunu həmin debatı təhlil edərək faktlarla qeyd etmişdim. Dünənki debata keçməzdən öncə ön söz…
Əvvəla, əgər Paşinyanın ətrafında azacıq da olsa ağıl və məntiq sahibi olan şəxslər var idisə, Münhendəki debatdan sonra Paşinyana Azərbaycan Prezidenti ilə hər hansı debata və ya eyni verilişə çıxmağı məsləhət görməzdilər. Növbəti dəfə Paşinyan ölkəmizin Prezidentinin fonunda həqiqətən sönük və aciz göründü. Paşinyan həmin debatda özünün həm dil biliyi, məntiqsizliyi, qətiyyətsizliyi, mövzudan kənar sərsəm fikir və ifadələri, həm də bir neçə dəfə ciddi səhvlərə yol verməsi ilə yanaşı yenə də qorxaq, narahat, panika dolu sifət çizgiləri ilə yadda qaldı.
İndi isə, dünənki debatda bir neçə diqqət çəkən məqamlara toxunaq.
Əvvəla Paşinyan havadarlarına özünün onlar üçün nə qədər uğursuz bir seçim olmasını bir daha sübut etdi. Səbəblər:
– Bu təhlildə konkret olaraq “60 dəqiqə” verilişində Paşinyanın yenə də çaşaraq “azərbaycanlılar hərbi…sonra isə duruxaraq yaşayış məntəqələrini bombardman edir” (əslində düzünü dedi, azərbaycanlılar ermənilərdən fərqli olaraq hərbi mövqeləri vururlar) deməsi (Münhendə də çaşaraq düzünü demişdi: Qarabağ Azərbaycanındır.), yenə də mövzudan kənar sərsəmləməsi (şəriət qanunları və sair kimi primitiv çayxana söhbəti hətta aparıcıları da çaşdırdı), dilinin dəfələrlə topuq vurması, ifadələri və sözləri tapmaq üçün saniyələrlə düşünməsi, üz ifadəsi, xalqına özünü qətiyyətli lider kimi sırımağa çalışan siyasətçinin qətiyyətsizliyi və acizanə kömək istəməsi, 2 ilə yaxın müddətdə hər cür danışıqlardan qaçaraq “torpağınızı istəyirsinizsə gəlin alın”, “bəxtimiz gətirib ki, azərbaycanlılar kimi qorxaq qonşumuz var” deyən siyasətçinin cəmi 3 gün çəkən döyüşlərdən sonra sülh, danışıqlar, kompromisdən danışması, atəşin dayandırılmasına səsləməsi, dayılardan, əmilərdən kömək dilənməsi necə də ikrah və nifrət doğururdu. Amma, mən bu haqda deyil, Paşinyanın özünü lider kimi sırıdığı erməni milləti üçün necə uğursuz bir siyasətçi olması haqqında qısaca fikirlərimi və təhlilimi diqqətə çatdıracam.
– Hər bir lider özünün strategiyasında ana xətt seçir və öz siyasətini həmin xətt üzərində quraraq davam etdirir. Hakimiyyətə gələrkən özünü sülh göyərçini kimi təqdim edən Paşinyan qısa müddət ərzində daha çox Azərbaycan torpaqlarını işğal etmək (Tərtər, Bərdə, hətta Yevlax daxil olmaqla bir neçə rayonu “Böyük Ermənistan”a daxil edəcəyini və həyasızcasına Gəncəni də növbəti mərhələyə saxlayacağını bildirirdi) niyyətini ortaya qoydu. Bu niyyəti qəbul etdikləri rəsmi doktrinalarda da əks etdirirdi. Bu da azmış kimi, arvadı işğal etdikləri ərazidə silahla nişan alaraq kameralara poz verir. Sülh tərəfdarının əlində göyərçin, çiçək olur, hədəfə tuşlanan silah yox. Sözlə hərəkətlərin ziddiyyəti Paşinyanın siyasətinə və fikirlərinə inam və etibarı sıfıra endirdi.
– Paşinyan tamamilə yanlış strategiya seçdi. Bu strategiya isə populizmdən doğan yanlışlıq idi. Daxili siyasətdə hakimiyyətə gəlməsinə yol açan populizmin xarici siyasətdə də uğur qazanacağına ümid etməsi Paşinyanın ən böyük səhvi oldu. Davamlı olaraq, Azərbaycanı aşağılamağa çalışmaq, təhqirlərlə, məntiqsiz və mənasız fikirlərlə qarşı tərəfi özündən çıxararaq səhvə sövq etməyə çalışmaq səhv düşüncə idi. Məhz bu hərəkətlər bir siyasətçi kimi özünün nüfuz və ciddiliyini itirməsinə gətirdi. Diplomatiyada yalan danışa bilərsiniz. Qəbul olunan çərçivələrdə danışılan yalan qəbul olunar. Amma, həyasızcasına bütün dünyanı ağılsız yerinə qoymaqla danışılan yalanın bədəlini ödətdirərlər. Bu missiyanı yerinə yetirməyə haqqı olan ölkə isə əlbəttə ilk növbədə Azərbaycandır.
– Münhendə olan debatı təhlil edən yazımda Paşinyanın Tiqran dövrünə, Böyük Roma imperiyası dövrünə qayıtması, o dövrdəki sərhədlərdən (əslində bunun tarixi əsası olmasa da) danışması ciddi siyasi səhv idi. Müasir dövrdə hər hansı ölkənin sərhədlərinin dəyişdirilməsi və bunun tanınması dünyada geridönməz təhlükəli presedent yaradar. Roma İmperiyası dövründəki sərhədlərə qayıtmağı vurğulayan bir siyasətçini isə nəindi ciddi, heç ağlı başında olan normal bir siyasətçi kimi də qəbul etməzlər. Dünyaya ciddi təhlükə gətirə biləcək fikirləri səsləndirən Paşinyan etdiyi səhvin mahiyyətini bəlkə bu gün də anlamamaqdadır.
– Paşinyan öz üzərində işləməyən siyasətçidir. Son bir neçə gündə Paşinyanın hakimiyyətə gəldikdən sonra etdiyi çıxışlara, müsahibələrə bir daha baxdım. Daxili siyasətini özü bilər. Amma xarici siyasətdə hakimiyyətdə olduğu 2 ilə yaxın müddət ərzində öz tərzində, hərəkətlərində, davranışlarında, xarici dil biliklərində (məcburən çox danışdığı üçün rus dilində yarım addımlıq bir irəliləmə var) bircə daşı da daş üstünə qoymadı, özünü bir siyasətçi kimi təkmilləşdirmədi. Sadəcə xarakteri və yanaşma tərzi dəyişdi. Daha aqressiv, həyasız və müharibə tərəfdarı olan siyasətçiyə çevrildi. Bu son fikri isə təkcə mən yox, həm də amerikalı analitik qeyd edir.
– Paşinyan dünənki verilişdə bir daha ağır məğlubiyyətə uğradı. Bunu rus rəsmilərindən də deyən oldu, analitiklərdən də. Mənim üçün həmin veriliş Qarabağdakı bu günki vəziyyətin 2 liderin timsalında nümayişi idi. “60 dəqiqə” verilişində İlham Əliyev və Nikol Paşinyan. Qarabağda Azərbaycan və Ermənistan orduları. Bir tərəfdə qətiyyət nümayiş etdirən, öz haqlı mövqelərini qətiyyətləvə yüksək ruh yüksəkliyi ilə müdafiə etməyi bacaran, özünə güvənən və kəskin əks hücuma keçib ağır zərbələr vuran, nöqtə atışı xarakterli hər bir söz və cümləsi (atdığı atəşlərlə) ilə qarşı tərəfin mövqelərini sarsıdan İlham Əliyev və Azərbaycan ordusu, digər tərəfdə isə haqsız mövqeyini primitiv və mənasız, qaydalara zidd şəkildə sırımağa (mülki obyektləri bombalamaqla) çalışan, özünü qətiyyətli və məğlubedilməz göstərməyə çalışıb rəngi ağaran, dili topuq çalan, sözünün və atışının kəsəri Azərbaycan tərəfi ilə müqayisə belə olunmayan Nikol Paşinyan və Ermənistan ordusu…
– Bütün bunlara baxmayaraq bir analitik kimi Paşinyanın hakimiyyətdə qalmasının Azərbaycana əli azərbaycanlıların qanına batmış digər erməni liderlərindən (Köçəryan, Sarkisyan) daha çox xeyri olduğunu düşünürəm. Əvvəla bu siyasətdən uzaq siyasətçi öz sərsəm və populist bəyanat və çıxışları, davranışları Azərbaycanın heysiyyətinə açıq-aşkar toxunaraq ölkəmizi öz torpaqlarını azad etməyə təhrik etdi, sövq etdi və bu prosesi sürətləndirdi. İkincisi, praqmatik siyasətçi olmadığı üçün Ermənistanın işğalçı siyasətinin dünyaya bir daha açıq-aşkar bəyan edilməsi, göstərilməsində Azərbaycana töhfəsini vermiş oldu. Üçüncüsü, erməni xislətini, həyasızlığını, yalanını, saxtakarlığını dünyanın gözünə soxdu; dünya gözünü nə qədər yummağa çalışsa da. Dördüncüsü, çiçəkləndirmək və inkişaf vəd etdiyi erməni xalqına ağır məğlubiyyətlər qazandırmaqdadır. Beşincisi, əli azərbaycanlıların qanına bulaşan öncəki liderlərdən fərqli olaraq Paşinyanın əli erməni xalqının qanına daha çox bulaşdı. Özü də ağır məğlubiyyətlərlə. Altıncısı, Ermənistana yeni torpaqlar qazandıracağı vədi ilə erməni xalqının başını aldadan Paşinyan işğal etdiklərini də geri qaytarmağa məcbur olurvə olacaq. Ermənistana dağlar vəd edən lider onu qan çanağına döndərir. Yeddincisi, bəlkə bundan sonra 5-10 il də hakimiyyətdə qalsa Ermənistanın bir dövlət kimi varlığını risk altında qoymaq ehtimalı yaranar. Bu siyahını artırmaq da olar. Hələlik kifayətdir.
– Paşinyan erməni xalqının yaddaşında intibah simvolu kimi qalmağı düşünür və planlaşdırırdı. Amma, ölkəsinin qazandıqlarını, oğurladıqlarını, ən əsası isə həm özünün, həm də Ermənistanın simasını dünyaya açıb göstərən, siyasətdən uzaq populist, məntiqdən uzaq və hisslərinin, hikkəsinin, nifrətinin, milliyyətçiliyinin əsiri olan bir lider kimi tarixə düşəcək. Aslanların olduğu siyasət meydanına atılan həvəskar siyasətçilər gözlərini opponentin gözündən yayındırmaqla, sağa-sola çevrilməklə, dili topuq vurub hərdən həqiqətləri əli-ayağı əsərək zəng vurub kömək istəməyə dayı, əmi axtarmaq yolu ilə sadəcə vurnuxarlar… əksini isbat etmək istəyən Paşinyanı yaxşı tanımağa çalışsın…
Elman Sadıqov