32 ildir işğalçılıq və təcavüzkarlıq siyasətindən əl çəkməyən Ermənistan yenə qanlı cinayət əməlinə-barbarlıq, vandallıq aktına imza atdı, yenə dünya birliyinə, beynəlxalq hüquq normalarına açıq-aşkar meydan oxudu. Özlərinin əl-ayağa düşməklə, yalvar-yaxarla nail olduqları 11 saatlıq Moskva anlaşmasını, humanitar atəşkəs rejimini üstündən heç saatlar keçməmiş, necə deyərlər, sənədin mürəkkəbi qurumamış açıq-aşkar şəkildə pozdular. Azərbaycanın nəcib, insani, humanist addımın qarşılığında, öz xislətlərinə, mahiyyətlərinə uyğun davrandılar, sözdə, kağız parçası üzərində qalan humanitar atəşkəsin ilk dəqiqilərindən, ilk saatlarından yenidən Tərtəri, Füzulini, Ağdamı, Ağcabədini, digər yaşayış mənqələrini atəşə tutdular, topa, raketə məruz qoydular, mülki, dinc insanlara hər mənada böyük zərərlər, ziyanlar vurdular.
Bunlar azmış kimi, heç bir bəşəri, insani dəyər tanımayan, beynəlxalq hüquq normalarına məhəl qoymayan Ermənistan silahlı birləşmələri cəbhə, təmas xəttindən çox uzaqlarda yerləşən, Azərbaycanın tarixi şəhəri, dünya sivilizasiyasının mərkəzlərindən, ilk müstəqil Cümhuriyyətimizin paytaxtı olan, qəsbkarlar qarşısında baş əyməyən Cavad xanın yurduna – Gəncə şəhərinə, həmçinin, Azərbaycanın enerji damarı olan Mingəçeviri atəşə, raket zərbələrinə məruz qoydular. Evlər, binalar bir andaca yerlə bir edildi, dağıdıldı, 4-ü qadın olmaqla, 11 nəfəri qətlə yetirildi, qadınlar, uşaqlar, qocalar yaralandı, xəsarət aldı. Hazırda 30-dan artıq vətəndaşımız yaralı vəziyyətdə xəstəxanlardadır.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi, Ermənistanın atəşkəs rejimini kobud şəkildə pozması Gəncə şəhərinin dinc sakinlərini raketlə atəşə tutması müharibə cinayətidir və Cenevrə konvensiyalarının kobud şəkildə pozulmasıdır.
Bəli, işğalçı, terrorçu dövlət özünü yenə də beynəlxalq birliyin gözləri qarşısında bir daha qanlı qətliam, terrakt törətməklə, sülhə, təhlükəsizliyə bir daha təhlükə və təhdid yaratdı, sülh, təhlükəsizlik tərəfdarı olmadığını göstərdi. Göstərdi ki, beynəlxalq hüququn normaları, müharibə şəraitində mülki vətəndaşların atəşə, hücuma məruz qalmasını yolverilməz hesab edən Cenevrə konvensiyalarının müddəaları, atəşkəs razılaşmaları onlar üçün adi kağız parçasıdır, onlar üçün əhəmiyyətsiz, keçərsizdir.
Çox təəssüflər olsun ki, beynəlxalq birlik, dünya ictimaiyyəti, xüsusilə, BMT, onun Təhlükəsizlik Şurası, 28 ildir fəaliyyət göstərən ATƏT-in Minsk qrupu, 1997-ci ildən birlikdə vasitəçilik missiyasını həyata keçirən 3 həmsədr dövlət tərəfindən yenə də layiqli cavablarını almadılar. Adları çəkilən qurumlar, həmsədr dövlətlər, Azərbaycanı atəşkəsə, danışıqlara çağıranlar, beynəlxalq birlik yenə də gözləri qarşısında olanlara, baş verənlərə susdular və susmaqdadırlar. Bunlar çox böyük təəssüflər doğurur, bəli, bunlar Haqq savaşı aparan Azərbaycan xalqını incidir, məyus edir. Çünki məhz həmin qurumların, təşkilatların, həmsədr dövlətlərinin vəzifəsi və borcudur ki, terrorçu dövləti qanlı əməllərdən, işğaldan çəkindirsinlər, onu cəzalandırsınlar, ona sanksiyalar tətbiq etsinlər. Amma görünən odur ki, hələ də ikili, üçlü, beşli standartlar ortadadır və bu, hələ çox uzun illər davam edəcək. Bununla belə, yenə də qardaş və dost Türkiyə, Pakistan öz haqq səsini ucaltdı, Ermənistanın qanlı əməllərinə kəskin etirazlarını bildirdi, düşmənə, onun havadarlarına xəbərdarlıqlarını etdilər. Bir daha Azərbaycanla birgə olduqlarını, həmrəyliklərini nümayiş etdirdilər.
Eyni zamanda, düşmənin və onun havadarlarının, olanlar qarşısında səssiz qalan dünya birliyinin nəzərə almadığı və ya gözdən qaçırdığı bir məqam, bir gerçəklik də var. Bu məqam, bu gerçəklik də Azərbaycan xalqının yenilməz, sarsılmaz ruhu, Azərbaycan dövlətinin gücü, qüdrəti, Azərbaycan Ordusunun döyüş əzmi və xüsusilə, Azərbaycan Prezidentinin dəmir siyasi iradəsidir. Dövlət də, Ordu da, Lider də öz xalqından güc-qüvvət alır. Azərbaycanda güclü, sarsılmaz, monolit xalq-Ordu-dövlət-hakimiyyət birliyi var və bu birliyi heç bir addımla, məkrli ssenarilərlə, təxribatlarla, fitnəkarlıqlarla sarsıtmaq mümkün deyil, mümkün olmayıb və bundan sonra da mümkün olmayacaq. Bəli, baş verənlər, yaşananlar çox ağrılı, acılıdır, insan qanı dondurandır, amma bir daha hər kəsə, düşmənə, onun havadarlarına nümayiş olundu ki, belə murdar, insanlıq əleyhinə olan addımlarla Azərbaycan insanının ruhunu, Azərbaycan dövlətinin əzmini sındırmaq, məhv etmək mümkün deyil.
Senyabrın 27-dən Vətən torpaqlarının, Qarabağın, işğal altındakı yurd yerlərinin düşmənapdağından azad olunması uğrunda Qarabağ savaşına, başlayan Azərbaycan dövləti, Azərbaycan Ordusu öz qərarında əzmlidir, dönməzdir. Son iki həftədə addım-addım, qarış-qarış Vətən torpaqları işğaldan azad olunur və olunmaqdadır. Suqovuşan, Talış, Cəbrayıl və Füzulinin onlarla kəndi, Cəbrayıl şəhəri, Hadrut qəsəbəsi, Murov zirvəsi işğalçılardan, yağılardan azad edilib, nəzarətə götürülüb. Ancaq bunlar son deyil, son olmayacaq. Qarabağ və düşmən tapdağında inləyən yurd yerlərimiz son qarışınacan azad ediləcək, bütün Azərbaycan ərazisində ay-ulduzlu, üçrəngli bayrağımız dalğalandırılacaq.
Ali Baş Komandan cənab İlham Əliyevin Azərbaycan xalqına sonuncu müraciətində də deyildiyi kimi, “Biz haqq yolundayıq, biz qalib gəlirik, biz zəfər çalırıq və biz öz torpaqlarımızı geri alacağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik!”
Ziyad SƏMƏDZADƏ,
akademik millət vəkili