Daşınmaz əmlak bazarında aktivlik 2016-cı ilin əvvəlindən dövri olaraq dəyişirdi. Bu da bazara yönələn pul vəsaitlərinin həcmi ilə bağlı idi. Bu il ən aktiv dövr fevral ayında qeydə alınmışdı. Amma mənə belə gəlir ki, qarşıda bizi daha aktiv dövr gözləyir.
Banker.az xəbər verir ki bunu açıqlamasında daşınmaz əmlak bazarı üzrə ekspert, iqtisadçı Rəşad Əliyev deyib.
Ekspertin fikrincə, bu aktivlik lisenziyası ləğv edilmiş “Bank Standart” tərəfindən əmanətçilərə sığortalanmış əmanətlər üzrə artıq verilməsinə başlanmış kompensasiyaların ödənişi ilə bağlı olacaq: “Bu vəsaitlərin bir hissəsinin valyuta bazarına, bir hissəsinin istehlaka, müəyyən hissəsinin də əmlak bazarına yönəldiləcəyi ehtimal edilir. Bu isə milyonlar deməkdir. Ona görə də yaxın müddətdə ev-mənzil bazarında müəyyən fəallığın olacağı istisna edilmir. Amma mən hesab etmirəm ki, bu qiymət artımına səbəb ola bilər”.
R.Əliyev qeyd edib ki, hazırda bazara təsiri vacib olan, lakin hələlik məhdud olan digər amillərdən biri şəhərdəki dövlət planına əsasən sökülmüş evlərin sakinləri ilə bağlıdır: “Məsələn, şəhərin bəzi yerlərində sökülmüş binaların sakinlərinə vətəndaşlara kirayə mənzil tutmaq üçün pul ödənilib. Əgər işlərin həcmi artsa, sözsüz ki, bunun təsiri kirayə əmlak bazarında da özünü göstərməyə başlayacaq. Lakin işlərin həcmi, hələ ki, o qədər də böyük deyil. Ona görə də bu təsir bazarda o qədər hiss olunmur”.
İqtisadçının fikrincə, neftin qiymətlərinin dəyişməsi də vəziyyətə ciddi təsir etməyəcək: “Əmlak bazarına təsir edən üçüncü amil makroiqtisadi sahə olan neftlə əlaqəlidir. Lakin artıq bir müddətdir ki, neftin qiyməti dünya bazarında 50 dollardan yuxarı səviyyədə nisbətən stabil olaraq qalsa da, hələlik daşınmaz əmlak bazarında canlanma yaranması üçün kifayət etmir. Qeyd edim ki, 2009-cu ildə daşınmaq əmlak bazarında durğunluq olanda neftin qiyməti 70 dollar idi. Ona görə də neftin qiymətinin də əmlak bazarına ciddi təsir edəcəyi gözlənilmir”.
Milli.az