18 C
Baku
Thursday, May 1, 2025

Kazımovun son açıqlamaları ardından ABŞ dollarının satış məzənnəsi “exchange”lərdə düşüb

Azərbaycan Mərkəzi Bankının faiz dərəcəsinə dair aprel iclasının ardından əksər “exchange”lər və bir sıra banklar ABŞ dollarının nağd satış məzənnəsini endiriblər.

Banker.az tərəfindən aparılan monitorinqə görə, əsasən valyuta dəyişmə məntəqələri ABŞ dollarının satış kursunu 1.7 manatla təklif edirlər ki, bu da AMB-nin rəsmi məzənnəsi ilə eynidir.

Adətən bu maliyyə təşkilatları valyuta kursundakı fərqdən (spread) qazanaraq əməliyyatdan gəlir əldə etmiş olur. Kursun isə hazırda rəsmi məzənnə ilə eyni rəqəmə düşməsi bazarda bol ABŞ dollarına işarədir. Ümumilikdə Banker.az olaraq illərdir ABŞ dollarının satış həcmlərini araşdırdıqda təqribən apreldən sentyabra qədər banklara dollar axınının satışdan daha çox olması müşahidə edilir.

“A Zuhur” MMC, “Meta Kapital” MMC, “MMK-014” MMC, “Eliko” MMC “Delta Capital” MMC hazırda ABŞ valyutasını nağd şəkildə 1.7 kursu ilə satırlar. Buna qədər satış kursu əksəriyyətində 1.7020 manat idi. Dolları manata dəyişmək istəyənlər üçün isə 1 dollar 1.697 manat ilə qəbul edilir.

Ən ucuz ABŞ dolları satan bank isə “AFB Bank”dır. Bu bank 1 dolları nağd şəkildə 1.7050 manata konvertasiya edir. “Bank Melli İran”, “TuranBank” nağd 1.7010 manata, “Bank BTB” isə 1.7015 manata satır.

Bazarda ümumilikdə ən baha satılan nağd dollar məzənnəsi 1.7025 manatı keçmir.

Keçən həftə Azərbaycan Mərkəzi Bankının sədri uçot faiz dərəcəsinə dair press-konfransda məzənnə ilə bağlı bir sıra açıqlamalar vermişdi. Məsələn, bankların dollarda istiqraz buraxmasını Mərkəzi Banka olan inamla əlaqələndirdi: “Mərkəzi Banka, onun sabit məzənnə rejiminə (1 dollar = 1.7 manat) güvənirlər. İnanırlar ki, AMB uzunmüddətli sabit məzənnə rejimi həyata keçirəcək”.

AMB rəhbərliyi mətbuatdan sonra da bir sıra ölkələrin iqtisad yönümlü ekspertlərini Mərkəzi Bankda bir araya toplayıb və oradan da ekspertlər məzənnə ilə bağlı eyni siqnalı qəbul ediblər.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı artıq valyuta hərraclarının nəticələrini ictimaiyyətə açıqlamır. AMB sədri Taleh Kazımovun sözlərinə görə, sabit məzənnə və ödənilən tələbat fonunda bu məlumatlar bazarda baş verənləri izah etmək üçün kifayət deyil. İndi hər ayın sonunda Mərkəzi Bank ehtiyatları, hər rübdə isə Dövlət Neft Fondu satış həcmini açıqlayacaq. Kazımov qeyd edir ki, bazarda tələb və təklifin öyrənilməsi üçün əsas göstəricilər məzənnə və ehtiyatlardır. Sədr həmçinin diqqətə çatdırıb ki, orta 5 ilə baxsaq ARDNF-nin transferti ümumi valyuta bazarının 30-35%-ni təmin edir. Onun fikrincə, hərrac məlumatlarının həftəlik açıqlanması bəzən əsassız qalmaqallara səbəb olur.

Son xəbərlər
Digər xəbərlər