Azərbaycanın ilk və aparıcı prosessinq mərkəzi olan “Azərikard”, rəqəmli xidmətlər çeşidini artıraraq zamanın nəbzini tutmaqla ölkənin maliyyə bazarının iştirakçılarının etibarını qazanmaqda davam edir.
Ölkənin maliyyə bazarının daha bir iştirakçısı – “Expressbank”ın, prosessinq xidmətləri seçimində “Azərikard” şirkətinin şəbəkəsinə keçid etdi.
“Azərikard” şirkəti, öz müştərilərinə əsasən rəqəmsal bankçılıq çərçivəsində müasir xidmətlərin təqdim olunmasını mütəmadi təmin edir. Bir çox yeniliklər ilə yanaşı Azərbaycanda ilk dəfə olaraq məhz “Azərikard” tərəfindən təqdim olunan Visa Token Service (VTS) layihəsi fiziki kart olmadan müştərilərə mobil telefon vasitəsilə ödəniş etmək imkanı yaratmışdır.
Qeyd edək ki, “Expressbank” son illər beynəlxalq maliyyə bazarında müşahidə olunan tendensiyalara uyğun olaraq nağdsız ödənişlərin inkişafına, maliyyə texnologiyalarının və innovasiyaların tətbiqinə böyük əhəmiyyət verir. “Expressbank” Azərbaycan Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyası tərəfindən 2018-ci ilin nəticələrinə əsasən plastik kartlarla POS-terminal vasitəsilə aparılan ölkədaxili təmassız ödənişlərin ümumi sayına görə “Təmassız ödəniş kartları üzrə lider bank” nominasiyası üzrə birinci yerə layiq görülüb. “Təmassız pos-terminal infrastrukturu üzrə lider bank” nominasiyasında ikinci yerin sahibi olub. “Elektron Ticarətin İnkişafında Lider Bank” nominasiyasında isə üçüncü yeri qazanıb.
“Bankımız kart xidmətlərini daim inkişaf etdirir və bu səbəbdən biz “Azərikard” şirkəti kimi güclü, etibarlı, innovativ və müasir texnologiyaları təqdim edən partnyor ilə əməkdaşlığın uğurlu və uzunmüddətli olduğuna inanırıq” – Azərikard şəbəkəsinə keçidi şərh edərkən “Expressbank”ın İdarə Heyətinin üzvü, Baş əməliyyat inzibatçısı Teymur Ağakişiyev qeyd etmişdir.
“Azərikard”ın Baş direktoru Fərid Quliyev qeyd etmişdir ki: “Ölkənin ən aparıcı banklarından olan “Expressbank”ın “Azərikard” prosessinq mərkəzinə keçidi qürur verici haldır. Bu həcmdə və belə iddialı bazar mövqeyi olan bankın bizim şəbəkəyə miqrasiya etməsi “Azərikard” üçün ilkdir. Biz əminik ki, biz bütün partnyorlarımızın etimadını doğruldaraq və lider mövqeyimizi saxlayaraq sayı artan bank partnyorlarımız ilə birgə daha da çox nailiyyətlər əldə edəcəyik. Həmçinin biz inanırıq ki, təqdim etdiyimiz texnologiyalar sayəsində partnyorlarımız ilə birgə ölkədə nağdsız ödənişlərin payının əhəmiyyətli artımına töhfə verə bilirik.”
Xatırladaq ki, “Azərikard” prosessinq mərkəzi artıq 22 ildir ki, ümumilikdə 21 banka xidmət göstərir. “Azərikard” Azərbaycanda MasterCard, Visa, American Express, Diners Club, UnionPay və JCB Beynəlxalq Ödəmə Sistemləri tərəfindən tamamilə sertifikatlaşdırılmış ilk prossesinq mərkəzidir. “Azərikard” sektorun bir sıra göstəricilərinə görə Azərbaycan bazarında lider mövqeyinə malikdir.