®Expressbank daha 4 aztəminatlı vətəndaşa özünüməşğulluğun təşkilində dəstək olub.
Layihə çərçivəsində Bankın əməkdaşları İsmayıllı, Ağstafa, Tovuz və Biləsuvar rayonlarında yaşayan ailələrlə görüşüb, onların biznes planlarına uyğun avadanlıqlar təqdim ediblər.
Ağstafa rayon sakini, İkinci Qarabağ müharibəsi iştirakçısı Elmin Qəfərli İsmayıl oğlu və Biləsuvar rayon sakini Əyyub Məcidli Yaqub oğlu avtotəmizləmə xidmətləri üçün lazımi avadanlıqlarla təmin edilib. Həmçinin, qadınların biznesdə rolunu artırmaq məqsədilə İsmayıllı rayon sakini Zenfira Məmmədova Balami qızı və Tovuz rayon sakini Gözəl Yusifova Hüseyn qızına kiçik dərzi sexi üçün zəruri olan alətlər təqdim olunub.
Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyası arasında həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə köməklik göstərilməsi sahəsində əməkdaşlığa dair Memorandum çərçivəsində həyata keçirilir.
Layihə müddətində Expressbank 60-a yaxın vətəndaşı müxtəlif avadanlıqlarla təmin edib. Bank növbəti günlərdə daha 4 şəxsə biznesyönümlü dəstək göstərəcək.
Expressbank Bakı və regionlarda 15 filialı ilə fəaliyyət göstərir. Bankın məhsul və xidmətləri ilə www.expressbank.az saytından, 132 Məlumat Mərkəzindən və ya sosial şəbəkələrdəki rəsmi səhifələrindən tanış ola bilərsiniz.