2016-cı ilin martın 1-i tarixinə olan statistikaya əsasən, cari ilin əvvəli ilə müqayisədə Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 3,71 faiz artıb.
Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr sektorundan verilən məlumata görə, fevral ayı ərzində əlavə olaraq 688 nəfər əcnəbi vətəndaş qeydiyyata alınıb və nəticədə fərdi uçot sistemindəki əcnəbilərin sayı 28 903 nəfərə yüksəlib.
Dövlət sosial sığorta sistemində fərdi şəxsi hesabı olan əcnəbilərin 87,83 faizini (25 385 nəfər) kişilər, 12,17 faizini (3 518 nəfər) isə qadınlar təşkil edir.
Ümumilikdə 118 ölkənin vətəndaşlarını əhatə edən əcnəbilər arasında ən yüksək say göstəricisi Тürkiyə Respublikası vətəndaşları (14 053 nəfər) üzrə müşahidə olunur. Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayına görə ikinci yerdə gələn Gürcüstan Respublikası vətəndaşlarının sayı 3 068 nəfərə, üçüncü yerdə gələn Rusiya Federasiyasının vətəndaşlarının sayı isə 1 749 nəfərə çatıb.
Sonrakı yerlərdə Hindistan (1252), İran İslam Respublikası (992), Çin Xalq Respublikası (870), Banqladeş Xalq Respublikası (661), Birləşmiş Böyük Britaniya və Şimali İrlandiya Krallığı (601), Pakistan İslam Respublikası (555), Ukrayna (483), Özbəkistan (290), Filippin Respublikası (267), Almaniya Federativ Respublikası (259), ABŞ (257), Qazaxıstan Respublikası (226), Türkmənistan Respublikası (219), İtaliya (206) və s. ölkələr qərarlaşıb.
2006-cı il yanvarın 1-dən Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilərin məcburi dövlət sosial sığortası ilə əhatə olunması prosesi həyata keçirilməkdədir.
Lent.az