19 C
Baku
Sunday, April 28, 2024

Fərdi və ictimai inkişafda IQ kifayət etməz…EQ, MQ, BQ və digər “Q”-lər də lazımdır!

Müəllif: Embawood: Strateji İdarəetmə Qrupunun rəhbəri və Qafqaz Universiteti Marketinq müəllimi Cəbrayıl Vəliyev

Bir vaxtlar hamıda marağına səbəb ola IQ intellektual zəka əmsalı zəmanəmizdə fərdi inkişaf və toplumun inkişafı üçün kifayət etmir. Artıq həm fərdi, həm də toplumun inkişafında digər zəka növləri də dəyərləndirilməli və hesaba alınmalıdır. Müxtəlif xarici universitetlərdə (MIT-Massachusetts Institute of Technology) və araşdırma mərkəzlərində (Carnegie studies) aparılan araşdırmalarla bunları təsdiqləyən yazılar yayımlamağa (HBR, Forbes) başlayıblar. Nələrdir bu zəka növləri?

Mən bu yazıda IQ -dən əlavə digər əsas 3 zəka faktoru haqqında bəhs edəcəyəm. Gəlin elə IQ-nün özündən başlayaq…

IQ-İntellektual zəka… Məntiqi (logical) təsəvvürün, yanaşmanın və texniki bilgilərin əsas alındığı zəka səviyyəsidir. İntellektual zəkada rasional-məntiqi yanaşma, texniki bacarıqlar kimi faktorlar ön planda olduğu üçün burada fərdilik xüsusiyyəti daha üstündür. İnkişaf nöqteyi-nəzərindən IQ hər bir insanın sırf özünə məxsus olduğu üçün əsasən fərdi səviyyədə qalır və kütlənin inkişafında yetərsiz təsirə malikdir.

Eyni zamanda fərdi səviyyədə də İQ-nün xüsusilə iş həyatında, idarəetmə və korporativ inkişafda önəmli olduğu, amma kifayət etmədiyi müxtəlif araşdırmalarda qeyd edilir. Nümunə olaraq Carnegie Institute of Technology araşdırmasına görə maliyyə uğur qazanmaq baxımından “human enginering”-in yəni kimlik-şəxsiyyət, ünsiyyət bacarığı, liderlik xüsusiyyəti kimi faktorların payı 85%-dir. Texniki biliklərin payının isə cəmi 15% olduğu irəli sürülür. Daha sonralar intellektual zəkanın davamı olaraq və bu çatışmazlıqları tamamlamaq məqsədilə emosional zəka ortaya çıxmış və IQ testləri bərabər EQ testləri də müxtəlif sahələrdə tətbiq edilməyə başlamışdır.

IQ

EQ- Emotional Intelligence-Emosional zəka…özünün və başqalarının emosiyalarının nələr olduğunu anlamaq, özünün və başqalarının emosiyalarını nəzarətdə saxlamaq, idarə etmək, bu emosiyalardan situasiyaya görə istifadə etmək bacarığıdır. EQ idarəetmə və qarşılıqlı əlaqələrdə geniş istifadə edilir. Emosional zəkaya təsir edən başlıca faktor isə stressdir. Ona görə də stresslə mübarizə aparmaqla, stresssiz həyat yollarını öyrənməklə, emosional zəkanın ən üst səviyyədə qalmasına çalışmaq lazımdır. EQ xüsusilə korporativ və dövlət idarəetməsində, komanda işi, liderlik və ictimai fəaliyyətdə çox önəmli təsirə malikdir.

MQ-Moral Intelligence-Mənəvi zəka (idrak)… Emosional zəkadan sonra ortaya çıxan anlayışdır. Mənəvi zəkada əsas faktorlar bütünlük (fikirdə və əməldə), məsuliyyətlilik, simpatiya və bağışlama xüsusiyyətləridir. Öhdəliklər götürmək və bunu məsuliyyətlə həyata keçirmək, xoşməramlı olmaq və səhvləri bağışlamaq, pozitiv və inkişaf meylli düşüncə fəaliyyətlərə üstünlük vermək mənəvi zəkanı gücləndirir. Eyni zamanda başqalarının simpatiyasını və rəğbətini qazanmaq, digər insanların mənfi xüsusiyyətlərinə və çatışmayan cəhətlərinə qarşı tolerant davranmaq, səbirli olmaq və onları olduğu kimi qəbul etmək də MQ-nü qüvvətləndirir.

BQ-Body Intelligence-Bədəni zəka… Öz bədəni quruluşunu (fiziki halını) öyrənmək, qəbul etmək, ona necə davranmağı bilmək və bundan istifadə etmək kimi xüsusiyyətləri əhatə edir. Burada ilk öncə insanın bu istiqamətdə özü ilə barışıq olması, özünü olduğu kimi qəbul etməsi, bundan sonra isə bədəndən gələn siqnallara vaxtında reaksiya verməsi və tədbir görməsi çox önəmlidir. “Sağlam bədəndə sağlam ruh olar” deyimi də buna əsaslanır. Bədəndə baş verən mənfi reaksiyalar insanın mənəvi, emosional halına bilavasitə və ya dolayı təsir edir. Və bu da insanın performansına, digər insanlarla əlaqəsinə və münasibətinə təsir edir.

Bəli IQ önəmlidir, lazımlıdır, amma yetərli deyil. IQ fərdi xarakterdədir, fərdə məxsusdur. Ancaq EQ, MQ, BQ fərdlə bərabər ətrafda olan digər insanların da xeyrinədir. Və buna görə də cəmiyyətin inkişafında da müsbət təsir effektinə malikdir.

Burada bunu da qeyd etmək lazımdır ki, ölkəmizdə həqiqətən müxtəlif sahələrdə fərdi uğurların var olduğunu ancaq bunun ictimai effektinin az və ya yetərsiz olduğunu söyləyə bilərik. Bu elm və idarəetmə sahəsində də özünü daha açıq göstərir. Fərdi uğurların ictimai effektini artırmaq üçün ilk növbədə buna münasibətin dəyişməsi, sistematik istifadəsi və yayılması (müsbət externality) çox önəmlidir. Bu faktorların ictimai effektini əldə etmək üçün idarəetmə sahələrinin (özəl və ya dövlət) hər birində bu faktorların önəmli hesab edilməsi və kadrların bu istiqamətdə məlumatlandırılması və inkişaf etdirilməsi vacibdir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər