“Facebook” sosial şəbəkəsinin daxili moderatorluq-redaktə qaydaları mətbuata sızıb.
Bu barədə “The Guardian” məlumat yayıb.
Məsələn, şirkətin moderatorlarına ilk növbədə konkret şəxslərə qarşı birbaşa və həyata keçirilməsi mümkün olan zorakılıq çağırışlarını silmək tapşırılıb. Məsələn, moderatorlar “Tramp güllələnməlidir” çağırışlarını dərhal silməlidir. Lakin əgər bir istifadəçi kiminsə ölümünü arzulayırsa və bunu yazırsa, bu cür mesajları silmək məcburi deyil.
Uşaqlar üzərində zorakılığa dair foto və videolar qadağandır. İnsanların lüt fotolarının icazəsiz yayılmasına qarşı da sərt qaydalar var, lakin istisnalar da edilir. Məsələn, tarixi sənəd olan, keçmişə aid bu cür fotolar paylaşmaq olar.
“Facebook” moderatorlarının böyük həcmdə şikayətlərin öhdəsindən çətinliklə gəldikləri bildirilir. Mövcud qaydalar isə heç də bütün halları əhatə etmir. İstifadəçilər tez-tez dəqiq qaydaların olmamasından şikayətlənir.