7 C
Baku
Thursday, December 12, 2024

FAO may ayında ərzaq qiymətlərinin düşdüyünü bildirib

Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) bu gün verdiyi məlumata görə, beynəlxalq ərzaq əmtəələrinin qiymətlərinin “benchmark” indeksi bu ilin mayında əksər dənli bitkilər, bitki yağları və süd məhsulları üzrə kotirovkaların əhəmiyyətli dərəcədə aşağı düşməsi fonunda azalıb.

Daha çox tələbat olan ərzaq mallarının beynəlxalq qiymətlərində aylıq dəyişiklikləri izləyən FAO-nun ərzaq qiymətləri indeksi mayda orta hesabla 124,3 bənd təşkil edib ki, bu da aprel ayı ilə müqayisədə 2,6 faiz və 2022-ci ilin martında əldə edilən bütün zamanların ən yüksək göstəricisindən 22,1 faiz aşağıdır.

FAO-nun taxıl qiymətləri indeksi azalan idxal tələbi ilə əlaqədar yaranan əlverişli istehsal proqnozu səbəbindən və dünya qarğıdalı kotirovkalarının 9,8 faiz azalması ilə əlaqədar əvvəlki ayla müqayisədə 4,8 faiz azalıb. Dünya buğda qiymətləri də geniş tədarük zənciri və Qara Dəniz Taxıl Təşəbbüsünün yenilənməsi fonunda 3,5 faiz azalıb. Bunun əksinə olaraq, mayda düyünün beynəlxalq qiymətləri Asiyada olan tələbat, habelə Vyetnam və Pakistan kimi bəzi ixracatçı ölkələrdə daha sıx tədarük nəticəsində artmağa davam edib.

Təşkilatın bitki yağı qiymətləri İndeksi mayda 8,7 faiz azalaraq, əvvəlki ilin səviyyəsindən orta hesabla 48,2 faiz aşağı düşüb. Beynəlxalq palma yağı qiymətləri apreldə nəzərəçarpacaq dərəcədə azalıb, çünki uzunmüddətli zəif qlobal idxal göstəriciləri əsas istehsalçı ölkələrdə artan hasilatla üst-üstə düşüb. Dünya soya yağının qiymətləri Braziliyada yüksək soya məhsulu və Amerika Birləşmiş Ştatlarında ehtiyatların gözləniləndən yüksək olması fonunda altı ay ardıcıl müddətdə ucuzlaşıb. Raps və günəbaxan yağının qiymətləri isə geniş qlobal tədarüklər hesabına enməyə davam edib.

FAO süd məhsullarının qiymətləri indeksi apreldən etibarən 3,2 faiz aşağı düşüb və əsasən şimal yarımkürəsində mövsümi yüksək süd istehsalı fonunda geniş ixrac imkanları səbəbindən beynəlxalq pendir qiymətlərinin kəskin azalması ilə nəticələnib. Bununla birlikdə, süd tozları üçün beynəlxalq kotirovkalar kərə yağında olduğu kimi yenidən artıb.

Şəkər qiyməti indeksində dörd ay ardıcıl artım qeydə alınıb. Bu indeks mayda aprelə nisbətən 5,5 faiz artıb və bir il əvvəlkindən təxminən 31 faiz yüksək səviyyəyə çatıb. Bu sıçrayış “El Nino” fenomeninin gələn mövsümün məhsullarına təsiri ilə bağlı artan narahatlıqlar və Braziliyada soya və qarğıdalı ilə güclü rəqabət fonunda tədarük gecikmələri ilə bağlıdır. Eyni zamanda, Braziliyada 2023-cü il şəkər qamışı bitkiləri üçün müsbət proqnoz aylıq daha böyük qiymət artımlarının qarşısını alıb.

Ət qiyməti indeksi də mayda 1,0 faiz artaraq, ilk növbədə, quş əti üçün Asiyadan yüksək idxal tələbi və ABŞ-də iribuynuzlu heyvanların ətinin davamlı tədarükündə sıxlıq səbəbindən yüksəlib.

FAO bildirib ki, qlobal taxıl istehsalında artım müşahidə olunur və dünya miqyasında ehtiyatlar rekord səviyyələrə çatacaq. Təşkilatın bu gün açıqladığı ən son taxıl təchizatı və tələbat üzrə hesabata əsasən, 2023/24 mövsümünün ilkin perspektivləri 2023-cü ildə qlobal taxıl istehsalının 1,0 faiz artaraq 2,813 milyon tona çatacağını göstərir. Proqnozlaşdırılan artım qarğıdalı, düyü üçün də gözlənilir, buğda və arpa istehsalı isə 2022-ci il səviyyəsindən aşağı düşə bilər.

Təşkilatın 2023/24-cü illərdə dünya üzrə dənli bitkilərdən istifadəyə dair ilk proqnozu hazırda 2022/23-cü il səviyyəsindən 0,9 faiz çoxdur və onun artaraq 2,803 milyon ton səviyyəsinə çatacağı təxmin edilir. Bunun səbəbi yemdən, əsasən qarğıdalıdan, daha sonra qida istehlakında, xüsusilə də buğdadan istifadənin artmasıdır.

Proqnozlara əsasən, 2023/24-cü illərdə qlobal taxıl ehtiyatları 1,7 faiz artaraq rekord səviyyəyə -873 milyon tona çata bilər, dünya taxıl ehtiyatının istifadə nisbəti isə cüzi azalaraq 30,4 faiz olacaq.

Bununla yanaşı, 2023/24 marketinq mövsümündə dənli bitkilərin dünya ticarəti 2022/23 səviyyəsinə yaxın – 472 milyon ton səviyyəsində proqnozlaşdırılır, çünki iri taxıl və düyü ticarətinin həcminin artması (2024-cü ilin yanvar-dekabr düyü ticarəti) gözlənilən azalmanı kompensasiya etmək üçün nəzərdə tutulur.

Son xəbərlər
Digər xəbərlər