Azərbaycan, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) dəstəyi ilə Türkiyə ilə Tərəfdaşlıq Proqramı çərçivəsində həyata keçiriləcək balıqçılıqla bağlı layihəni təsdiqləyib.
Bu barədə FAO-nun Azərbaycandakı nümayəndəliyindən bildirilib.
Məlumatda deyilir ki, bu layihə (FISHCap) Azərbaycan, Türkiyə və Mərkəzi Asiya ölkələrində balıqçılıq, dəniz məhsulları və təbii ehtiyatların dayanıqlı inkişafı yolu ilə istifadəsi, idarə olunması və qorunması üçün imkanları artırmağı hədəfləyir.
Azərbaycan FAO-Türkiyə Tərəfdaşlıq Proqramı (FTPP II) çərçivəsində Mərkəzi Asiyada, Azərbaycanda və Türkiyədə dayanıqlı balıqçılıq və dəniz məhsullarının yetişdirməsi və məhsuldarlığın artırılması (FISHCap) adlı layihəsinə rəsmi olaraq qatıldı. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Melek Çakmak və Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, müvafiq olaraq FAO və Azərbaycan Hökuməti adından layihə sənədini imzalayıblar.
Türkiyə Hökuməti tərəfindən maliyyələşdirilən və 1 milyon ABŞ dollar büdcəsi olan FISHCap layihəsi, 2022-ci ilədək Orta Asiya, Azərbaycan və Türkiyədə balıqçılıq və dəniz məhsullarının və təbii ehtiyatların dayanıqlı istifadəsi, idarə olunması və qorunması üçün imkanları artırmağı hədəfləyir. Azərbaycandan əlavə, FISHCap layihəsində digər iştirakçı ölkələr Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkiyə, Türkmənistan və Özbəkistandır. FISHCap layihəsi tərəfdaş hökumətlərə institusional potensialın gücləndirilməsinə, milli dəniz və su məhsulları istehsalının dayanıqlı inkişafı üçün texniki yardım göstərməklə kənd təsərrüfatının inkişafna, qida təhlükəsizliyinə, iş yerlərinin yaradılmasına, yoxsulluğun azaldılmasına və əsaslı idarə olunmasına kömək edəcək.
Azərbaycan bu layihənin 2009-cu ildən 2015-ci ilədək 16 ölkəni və FAO-Türkiyə Tərəfdaşlıq Proqramını əhatə edən layihənin ilk hissəsində də iştirak edib.