Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasına (KƏƏŞ) üzv olan altı ölkə yaxın vaxtlarda vahid turist vizasının tətbiqi ilə bağlı layihəyə start verəcək.
Bu barədə KƏƏŞ-in baş katibi Casem Məhəmməd əl-Budeyvi bildirib. “Khaleej Times” qəzetinin onun sözlərinə istinadən verdiyi məlumata görə, layihə “yaxın vaxtlarda” həyata keçiriləcək.
O qeyd edib ki, vahid vizanın yaradılması “xarici vətəndaşların region ölkələri arasında səfərlərini asanlaşdıracaq”. Layihənin Şengen vizasına bənzəyəcəyi bildirilir.
Bununla yanaşı, əl-Budeyvi belə vizanın tətbiqinə başlanılacağı dəqiq tarixi, qiymətini açıqlamayıb, həmçinin onun alınması proseduru və mümkün qüvvədəolma müddəti barədə məlumat verməyib.
Qəzet daha əvvəl yazıb ki, KƏƏŞ ölkələrinin vahid viza layihəsi bütün üzv dövlətlər tərəfindən təsdiqlənib və onun həyata keçirilməsi ilə daxili işlər nazirlikləri məşğul olur.







