ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (Federal Reserve System, FED) sonuncu iclası sürprizsiz yekunlaşsa da, maliyyə bazarlarına ciddi təsir göstərib: kotirovkaların enişi cari ilin may ayından etibarən ən güclü səviyyədə olub.
Ümumilikdə, FED uçot dərəcəsinin artırılmasını elan etməsindən və tənzimləyicinin rəhbəri Canet Yellenin bəyanatlarından sonra qlobal səhm və istiqraz bazarları 1 trln. dollar itirib.
Təkcə istiqraz bazarının itkiləri 430 mlrd. dollar həcmində dəyərləndirilir. Çinin istiqraz bazarının çökməsi burada az rol oynamayıb.
Maraqlıdır ki, səhm bazarı bu dəfə daha böyük itki ilə üzləşib – nə az, nə çox 525 mlrd. dollar!
Treyderləri qorxudan uçot dərəcəsinin artırılması deyil. Belə ki, FED-in sonuncu iclasında uçot dərəcəsinin 0,25% artırılması ehtimalı 100% idi. Treyderlərin qanını qaraldan gələn il uçot dərəcəsinin 3 dəfə artırılacağı ilə bağlı səslənən bəyanat olub.