7 C
Baku
Wednesday, December 25, 2024

FED-in uçot dərəcəsini artırması ehtimalı azalır

ABŞ Federal Ehtiyat Sisteminin (FES) sentyabr ayında uçot dərəcəsini artırması ilə bağlı ehtimal 15%-ə geriləyib. “Vestifinance.ru” saytına istinadən xəbərə görə, keçən həftə bu göstərici 33% olub. Dekabr iclasında uçot dərəcəsinin artırılması ehtimalı isə 50% təşkil edib. 

Ehtimalların azalmasına səbəb dünən, sentyabrın 6-da açıqlanan xidmət sektorunda işgüzar fəallıq indeksinin proqnozlaşdırılan 55,5 bənd əvəzində 51,4 bənd olmasıdır. Analitiklərin fikrincə, keçən həftə istehsal sektoru zəif göstəricilər nümayiş etdirmişdisə, bu dəfə xidmət sektoru da zəiflik göstərib. Bazar iştirakçıları ABŞ iqtisadiyaytının lokomotivi hesab olunan xidmət sektorunun zəifləməsini mənfi amil kimi qiymətləndiriblər və nəticədə, dünən ABŞ dolları beynəlxalq valyuta bazarında ucuzlaşmağa başlayıb. Belə ki, göstəricinin açıqlanmasından sonra USD/EUR məzənnəsi 1% artaraq 1,1150 səviyyəsindən 1,1265-ə qədər yüksəlib. ABŞ dolları həmçinin Britaniya funtu və Yaponiya yeni ilə müqayisədə də zəifləyib.

Amerika iqtisadiyyatından gələn zəif göstəricilərə baxmayaraq, ABŞ-ın əsas fond indeksləri artım göstərib. Buna səbəb, uçot dərəcəsinin artırılması ehtimallarının azalması fonunda investisiyaların fond birjalarına yönəlməsi olub. Qeyd edək ki, keçən həftə önəmli göstərici sayılan ABŞ-da kənd təsərrüfatı sektoru istisna olmaqla məşğulluq göstəricisi 180 min proqnoza qarşı 151 min açıqlanıb.

Analitik qrupu “Report”un açıqlanan göstəricilərin gözləntilərə uyğun olmamasına baxmayaraq, ABŞ dollarının möhkəmlənəcəyini proqnozlaşdırır. Buna səbəb isə Avropa, B.Britaniya və Yaponiya kimi inkişaf etmiş ölkələrin iqtisadiyyat və maliyyə sistemlərində yaşanan problemlər göstərilə bilər.

Son xəbərlər
Digər xəbərlər