Avropanın Fond birjaları Amerika və Asiyanın ardınca Federal Ehtiyat Sisteminin uçot dərəcəsini artırmasını nikbin şəkildə qarşılayıb.
Banker.azın ANS PRESS-ə istinadən verdiyi məlumata görə, avropalı iqtisadçılara görə, bu qərarla investorlar üçün qeyri-müəyyənlik faktoru aradan qalxıb və ABŞ-da iqtisadiyyatın güclənməsindən xəbər verir.
Dünən Avropa Birliyinin əsas fond birjalarında indekslərdə 2 – 2,5 faiz artım müşahidə olunub. Maliyyə şərhçisi Devid Kol, Federal Ehtiyat Sisteminin açıqladığı qərarın gözləntilərə uyğun olduğunu və onun investorlar tərəfindən əla qarşılandığını söyləyib.
Həmçinin oxuyun: ABŞ-ın dollar qərarı azərbaycanlıları hərəkətə keçirdi (FOTO)
Dollar üzrə uçot dərəcəsinin artırılması Amerika valyutasının digər valyutalarla müqayisədə artımına təsir göstərib. Avronun kursu 1.08 dollara yaxınlaşıb. Moskva birjasında isə dolların kursu 71 rubla qədər qalxıb, bu günə ticarət sessiyasının başlanğıcında Rusiyanın milli valyutasının daha da ucuzlaşaraq dollarla müqayisədə 70.58 rubla düşəcəyi proqnozlaşdırılır.
Amerika Birləşmiş Ştatları mərkəzi bankı kredit faizlərini 0.25 faiz artırıb. Bu, 2006-cı ildən sonra faizlərin ilk artışıdır.
Federal Ehtiyatlar Sistemi, eyni zamanda, ölkə iqtisadiyyatının gələn il üçün inkişaf göstəricilərini də açıqlayıb. Rəsmilərin proqnozuna görə, iqtisadiyyatın 2.3-2.4 faiz inkişaf edəcəyi gözlənilir.
Bankın qərarı Amerikanın səhm bazarına dərhal öz təsirini göstərib. Ekspertlərin sözlərinə görə, faizlərin artması inkişaf etməkdə olan bazarlara mənfi təsir edəcək.
Mərkəzi bankın kredit faizlərini artıracağına dair proqnozlar səhm və istiqraz bazarına da təsirsiz ötüşməyib. İnvestorlar faiz yüksəlişinə hazırlaşdığı bir vaxtda səhm bazarında da qiymətlər artıb.
FES-in rəhbəri Canet Yellen bəyan edib ki, Federal Açıq Bazar Komitəsi faizləri 0.25 faiz artırmağa qərar verdi: “Bununla faiz dəhlizi 0.25-0.5 faiz arasında dəyişəcək. Hökumətin bu addımı faizlərin 0-a yaxın olduğu 7 illik fövqəladə rejimin başa çatdığını güstərir. Hökumət iqtisadi böhrandan sonra inkişafı təmin etmək üçün belə bir addım atmışdı. Bu düvrdə çoxlu sayda iş yerləri açıldı, gəlirlər artdı və milyonlarla amerikalının iqtisadi çətinliyi aradan qaldırıldı. Komitə iqtisadiyyatın artan qrafik üzrə inkişaf edəcəyindən arxayındır. Qəbul olunan qərar da bunu əks etdirir”.
C.Yellen onu da bildirib ki, neftin qiyməti sabitləşəcək, lakin əvvəlki səviyyəyə çatmayacaq. C.Yellen hesab edir ki, elə bir hədd mövcuddur ki, neft qiymətləri bundan aşağı düşməyəcək.
“Dünya bazarları qiymətlərin sabitləşməsini və tədricən artacağını gözləyir. Neftin qiyməti sabitləşəcək, lakin əvvəlki səviyyəyə çatmayacaq”, deyə C.Yellen bildirib.