14 C
Baku
Wednesday, April 17, 2024

Fermerlər xarici bazara çıxış yolları axtarırlar: Yerli bazarda məhsul bol, qiymətlər ucuz

İmişlidə “Krım” növü adı ilə tanınan gilasın yığımı davam edir. Ağaclarda bol məhsul yetişib və qiymətlər də ucuzdur.

İmişlidə meyvə bağları ilə tanınan Şahverdili kəndində sakinlər uzun illərdir bağçılıqla məşğuldur. 360 təsərrüfatı olan kəndin əsas məşğuliyyəti meyvəçilikdir. Hazırda kəndin bağlarında “Krım” gilası tədarük olunur.

Şahverdili kəndinin sakini Nazim Həsənov bildirir ki, təsərrüfatı 20 sotdan ibarətdir və bağda 250 ədəd gilas ağacı var. Bu il bol məhsul yetişdiyini söyləyən bağban, qiymətlərin ucuz olduğunu deyir: “Təsərrüfatımızda əsasən 4 növ gilas ağacı mövcuddur. Onlardan “Öküz ürəyi” və “Zəngilan” növü daha tez yetişdiyi üçün bir neçə gün əvvəl yığımı yekunlaşıb. Hər ağac orta hesabla 50-60 kiloqram məhsul verib. Hazırda isə “Krım” gilasının yığımına başlanılıb. Bu növ gilas bərk və daha qalıcı olur, daşınma üçün sərfəlidir”.

Yaxın 10 gün müddətində yığılacaq gilasın hər ağacından 50-100 kiloqram məhsul gözlənilir. Bağın əsas giləmeyvəsi sayılan “ağ gilas” da yetişib və hazırda yığımı davam edir.

Bağban Nazim Həsənov söyləyir ki, qiymətlər çox sərfəlidir, 1 kiloqram gilasın qiyməti 1-1,5 manat arasında dəyişir. “Bizim kəndin məhsulu hər zaman bol olub, baxmayaraq ki, bu il meyvə yetişən vaxt hava yağıntılı keçdi, lakin yenə də ağaclarımızın barı kifayət qədərdir. Ümumilikdə kənddə mövsüm zamanı 300 tondan çox gilas yığılır. Bu məhsulla rayon bazarını tam təmin edirik, məhsulun digər hissəsi isə qalır, çünki xarici bazara çıxışımız yoxdur. Yaxşı olar ki, xarici bazara çıxışımız olsun. Gilas qəbulu, yaxud ondan şirələr hazırlanması məntəqəsi olsun ki, biz də məhsulumuzu həmin məntəqələrə təhvil verə bilək”, – deyə bağban Nazim Həsənov qeyd edib.

Fermerləri narahat edən məsələ ilə bağlı İmişli rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən (DAİM) bildirildi ki, İmişlidə gilas qəbulu məntəqəsi olmasa da, fermerlər İmişlidəki məhsul bazarında topdan və pərakəndə satışdan, eyni zamanda, paytaxt Bakıya, Meyvəli bazarına göndərilməsi imkanlarından yararlana bilərlər. Bundan əlavə, ətraf rayonlarda – Saatlı və Biləsuvarda meyvə emalı məntəqələri var.

Məhsulun xarici bazara çıxarılmasına gəldikdə, İqtisadiyyat Nazirliyindən bildirilib ki, “Made in Azerbaijan” brendinin təşviqi mexanizmi vasitəsilə Azərbaycanda ixracatçılara daim dəstək göstərilir. Bu mexanizm vasitəsilə yerli ixracatçılara bazar araşdırmalarının keçirilməsində, sertifikartların alınmasında və beynəlxalq sərgi-yarmarkalarda vahid stend və digər üsullar vasitəsilə satış yollarının axtarışında kömək göstərilir və fermerlər bundan yararlanaraq öz məhsullarını satmaq imkanı əldə edə bilərlər.

16862221663670531756 1000x669 1

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər