25 C
Baku
Saturday, April 27, 2024

Fermerlərə böyük zərər vuran 3-cü şəxslər kimdir və zərərə görə ödənişlər necə həyata keçirilir? [müsahibə]

Azərbaycanda bir qədər əvvəl fəaliyyətə başlayan dövlət dəstəkli Aqrar Sığorta mexanizmi əkin sahələri və heyvandarlıq təsərrüfatlarını çoxsaylı risklərdən qoruyur.

Qeyd edək ki, aqrar sığortada fermerə dəstək məqsədilə sığorta haqqının 50%-i dövlət tərəfindən ödənilir.

Qanunvericiliyə əsasən, aqrar sığorta üzrə təsərrüfatlara və fermerlərə təminat verilən risklərdən biri də üçüncü şəxslərin hərəkətləridir. Hazırda əkin sahələrində tez-tez qeydə alınan sığorta hadisələrinin bir hissəsi də məhz 3-cü şəxslərin hərəkətləri nəticəsində baş verir.

3-cü şəxslər kimlərdir, onlar təsərrüfatlara hansı formada zərər vura bilər və bu zərərə görə ödənişlər necə həyata keçirilir?

Bununla bağlı sualları Aqrar Sığorta Fondunun Hüquqi təminat şöbəsinin əməkdaşı Sübhan Şirinov cavablandırır.

– Sübhan müəllim, sığortada üçüncü şəxslər kimlərdir? 3-cü şəxs dedikdə kim başa düşülür?

– Ümumiyyətlə, «Aqrar sığorta haqqında» AR Qanuna, eyni zamanda AR Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş “Aqrar sığorta qaydaları”na əsasən üçüncü şəxslərin hərəkəti dedikdə – aqrar sığortalının, sadə desək, fermerin özü və ailə üzvləri istisna olmaqla, digər şəxslərin hərəkət və yaxud hərəkətsizliyi nəticəsində dəyən zərərlər başa düşülür.

Ailə üzvləri – valideynlər, uşaqlar, həyat yoldaşıdır. Yəni fermerin özü və ya bu şəxslərdən başqa qalan hər kəs 3-cü şəxs sayılır və onun təsərrüfata vurduğu zərər qarşılanır.

– Sübhan müəllim, 3-cü şəxs yalnız fiziki şəxlər ola bilər?

– Xeyr, biz üçüncü şəxs dedikdə yalnız fiziki şəxs deyil, hüquqi şəxsi də başa düşə bilərik. Bu şirkət, müəssisə və təşkilatlar, hətta bəzi dövlət qurumları ola bilər.

– Bəs üçüncü şəxsin hərəkəti nə deməkdir və onlar təsərrüfata hansı zərərlər vura bilərlər?

– Üçüncü şəxslərin hərəkətləri əslində çoxsaylı halları əhatə edir, bu özünü həm hərəkət, həm də hərəkətsizlik formasında göstərə bilər. Məsələn, əkin sahəsinə heyvanların daxil olması, nəqliyyat vasitələri ilə əkin sahələrinə daxil olaraq ziyan vurma, suvarma əkinçiliyində suyun verilməməsi, qrafik üzrə verilməməsi kimi hallar var. Hətta abadlıq işləri aparan təşkilatın əkin sahəsinə daxil olaraq vurduğu zərər də 3-cü şəxsin hərəkətidir. Məsələn, müəyyən qurum əkin sahəsinin yanında iş görür. Traktor və ya yük maşını dönüb gedəndə əkin sahəsindən keçirsə, sahəyə ziyan vurmuş ola bilər.
Eləcə də, 3-cü şəxsin hərəkəti, ağacların kəsilməsi, tinglərin oğurlanması, meyvələrin ağacdan dərilərək oğurlanması da ola bilər. Bir qayda olaraq üçüncü şəxslərin hərəkətləri özündə cinayət və ya inzibati xəta tərkibi də yarada bilər.

1 2

– Belə hadisələrin 3-cü şəxsin vurduğu zərər kimi qeydə alınması üçün onu hansısa qurum təsdiq etməlidirmi?

– Bəli, üçüncü şəxslərin hərəkətlərinin sığorta hadisəsi sayılması üçün onu müvafiq səlahiyyətli dövlət orqanı da təsdiq etməlidir. Məsələn, oğurluq halı varsa, qeyd eləmək olar ki, oğurluqla bağlı polisdən sənəd verilə bilər ki, oğurluq hadisəsi baş verib.

– Əkin sahəsinin yanında aparılan işlər, məsələn yol çəkilişi zamanı taktor bilmədən əkin sahəsindən keçərək ona ziyan vurursa, onu hansı təşkilat təsdiqləyir?

– Burada səlahiyyətli dövlət orqanı dedikdə – Avtomobil Yolları Dövlət Agentliyi ola bilər ki, həqiqətən də yol çəkilişi həyata keçiriblər. Və yaxud həmin hadisə barədə inzibati ərazi dairəsinin nümayəndəliyi, icra hakimiyyəti, icra nümayəndələri, bələdiyyənin ərazisi olduqda isə bələdiyyə təsdiq edə bilər.

– Bəs heyvanlarla bağlı 3-cü şəxsin hansı hərəkətləri ola bilər?

– Bu oğurluq hadisəsi ola bilər, burada heyvanların saxlandığı yerlərə daxil olmaqla oğurluqdan söhbət gedir. Çünki aqrar sığortalının özü həmin heyvanları müəyyən yerdə saxlamağa borcludur. Eləcə də, baytar, zootexniki tədbir görməli olan şəxs tərəfindən heyvanlara düzgün olmayan qulluq nəticəsində heyvan tələf olarsa, bu üçüncü şəxsin hərəkətləri hesab olunur.

– Fermerləri ən çox narahat edən məsələlədən biri kənd sakinlərinin heyvanlarının əkin sahəsinə daxil olaraq zərər vurmasıdır. Qonşunun heyvanlarının əkin sahəsinə zərər vurması üçüncü şəxsin hərəkəti sayılır?

– Təbii ki, üçüncü şəxsin hərəkəti sayıla bilər. Bu zaman sığorta hadisəsi kimi zərər çəkən tərəfə sığorta ödənişi edilir.

– Əkin sahəsinin hasarının olmaması, yəni hər tərəfdən açıq olması, sığorta ödənişindən imtina üçün səbəb ola bilərmi?

– Xeyr, hasarın olmaması sığorta ödənişindən imtina üçün əsas deyil.

– Üçüncü şəxslər əkinə və ya meyvə bağlarına, eyni zamanda heyvanlara qəsdən deyil, bilməyərəkdən zərər vuranda necə, bu hal üçüncü şəxsin hərəkəti sayıla bilər?

– Digər sadaladığımız hallar yerindədirsə bu hal da üçüncü şəxsin hərəkəti hesab oluna bilər. Fərqi yoxdur, şəxs bunu bilərəkdən və ya bilməyərəkdən edib. Üstəlik bu hadisə həmin üçüncü şəxs üçün də məsuliyyətə səbəb ola bilər.

– Üçüncü şəxsin hərəkətləri, yəni sığorta hadisəsi baş verəndə ödəniş prosesi necə olur?

– İstənilən sığorta hadisəsi ilə bağlı olaraq sığortalı, yəni fermer Aqrar Sığorta Fonduna, müştərək sığorta şirkətinə məlumat verir. Bundan sonra müstəqil ekspertlər təyin olunur və ekspertlər sahəyə gələrək dəyən ziyanı müəyyən edir, hesablayır və digər zəruri sənədlər toplanır. Buraya qeyd etdiyimiz arayışlar və sair aiddir. Bu sənədlər təqdim olunduqdan sonra müəyyən olunsa ki, həqiqətən də baş verən sığorta hadisəsidir, bu zaman üçüncü şəxsin hərəkəti kimi təmin olunur və fermerə ödəniş verilir.

– Üçüncü şəxsin hərəkəti nəticəsində zərər baş verəndə Aqrar Sığorta Fondu fermerə ödənişi edir, bundan sonra zərər vuran şəxslə Fondun münasibətləri necə olur?

– Qaydaya görə, üçüncü şəxsin hərəkətləri nəticəsində fermerə ziyan vurulursa, fermerə ödəniş edilir, bundan sonra isə Fond vurulmuş ziyana görə sığorta ödənişini üçüncü şəxsdən məhkəmə qaydası ilə tələb edə bilər.

Diqqət yetirsəniz, gördüyünüz kimi, artıq bu məhkəmə mübahisəsinin fermerə aidiyyəti olmur, fermer Fonddan ödənişini alıb öz fəaliyyətinə davam edir. Aqrar sığortanın üstünlüklərindən biri də odur ki, fermerə dəyən zərəri qarşılamaqla, fermeri məhkəmə prosesindən də azad edir.

– Sübhan müəllim, indiyədək Aqrar Sığorta Fondu tərəfindən üçüncü şəxsin hərəkətlərinə görə ödənişlər edilib?

– Əlbəttə, indiyədək üçüncü şəxsin hərəkətləri ilə bağlı çoxsaylı ödənişlərimiz olub və davam etməkdədir.

– Belə ödənişlər ən çox hansı hadisələrə görə və hansı rayonlarda olur?

– Məsələn, Bərdə, Tərtər, Kürdəmir, Hacıqabul və sair rayonlar üzrə ödənişlər edilib. Məbləğlər fərqlidir, burada 1800 manatdan 5000 manatadək ödənişlər həyata keçirilib. Məsələn, Kürdəmirdə arpa sahəsinə dəyən zərərə görə 1900 manat ödəniş edilib, 2 hektarlıq həmin sahədən 4000 manatlıq məhsul götürüləcəkdi, amma üçüncü şəxsin hərəkəti nəticəsində zərər dəyib və buna görə, fermerə 1900 manat ödəniş edilib. Hacıqabulda yenə də 3 hektar arpa sahəsi üzrə fermerə 3118 manat ödəniş edilib. Hacıqabulda başqa bir fermerə də üçüncü şəxsin hərəkəti üzrə 2000 manatlıq ödəniş edilib.
Ərazidən və vurulmuş ziyanın həcmindən asılı olaraq fərqli ödənişlər həyata keçirilib. Burada təkcə pambıq deyil, burda arpa, buğda kimi nümunələr də var.

– Bu hadisələrdə 3-cü şəxs əkin sahəsinə hansı formada zərər vurub?

– Adətən rast gəlinənlərdən biri sudan istifadə ilə bağlıdır. Yəni suyun vaxtında və ya qrafik üzrə verilməməsi, heyvanların nəzarətsiz buraxılması nəticəsində əkin sahələrinə daxil olması halları var. Hətta belə hadisə olmuşdu – qeyri-sabit hava şəraiti nəticəsində kəndin körpüsü uçub və yol kimi əkin sahəsindən istifadə olunmuşdu, həmin əkin sahəsinin sahibinə dəyən zərərə görə ödəniş edilmişdi.

– Bəzi hallarda fermer ona zərər vuran şəxsin kimliyindən xəbərsiz olur. Bu zaman hadisə üçüncü şəxsin hərəkəti sayılır və ona ödəniş edilir? Yoxsa hökmən həmin şəxsin kimliyi məlum olmalıdır?

– Həmin şəxsin bilinməsi vacib deyil, faktın təsdiqlənməsi kifayət edir ki, ödəniş həyata keçirilsin. Məsələn fermer əkin sahəsinə gəlib görür ki, onun sahəsinə kənd təsərrüfatı heyvnaları tərəfindən zərər vurulub. O həmin heyvanın sahibinin kim olduğunu bilmir. Amma buna baxmayaraq 3-cü şəxsin hərəkəti olaraq ona ödəniş edilir.

– Siz artıq qeyd etdiniz, tutaq ki, suvarma sahələrinə bəzən hansısa səbəbdən qrafikə uyğun su verilmir. Fermer əkinini suvara bilmir və zərərə düşür. Bu hansı halda üçüncü şəxsin hərəkəti sayılır?

– Bu vacib sualdır, suvarma ilə bağlı müəyyən tələblər var. İlk növbədə fermer sudan istifadə birlikləri ilə müqavilə bağlamalıdır. Bu müqavilənin forması Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiqlənib. Həmin müqaviləyə uyğun olaraq da qrafik üzrə əraziyə su verilməlidir.

– Gəlin bu məsələni dəqiqləşdirək, sudan istifadə birlikləri ilə müqavilə bağlamayanda hadisə baş versə də, ödəniş olmur?

– Xeyr. Çünki dediyimiz kimi, burada fermerin özünün məsuliyyəti var ki, ilk növbədə sudan istifadə haqqında müqavilə bağlasın. Bundan sonra isə əgər suvarmadan asılı olaraq hadisə baş verərsə, burada məsuliyyət fermerin deyil, üçüncü şəxsin üzərinə düşür.

– Müqaviləsi olan fermerin sahəsinə ya kiminsə günahı üzündən, ya da sadəcə mühərrik xarab olması səbəbindən su verilmir. Bu halda ödəniş edilir?

– Qəsdən və yaxud da ehtiyatsızlıqdan baş verməsindən asılı olmayaraq burada qarşı tərəfinə müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi var və bu öhdəliyi yerinə yetirməlidir. Əgər yerinə yetirmədisə, deməli, həmin əkin sahəsinə ziyan vurub və ödəniş edilir.

– 3-cü şəxsin hərəkəti üzündən hadisə baş verəndə fermerə ödəniş nə vaxt edilir?

– Sənədlər tam qaydasında toplandıqdan sonra 7 iş günündə sığorta ödənişi həyata keçirir.

– Sığorta hadisələri ilə bağlı fermerlərə nə tövsiyə edirdiniz?

– Əsas tövsiyəmiz odur ki, əkin sahəsinədə baş verən istənilən hadisə ilə bağlı Aqrar Sığorta Fondunu məlumatlandırsınlar, ola bilər ki, baş verən hadisə sığorta hadisəsi sayıla bilər, amma fermer bundan məlumatsız olduğuna görə, Fonda xəbər verməyə ehtiyac görmür və ödənişdən məhrum olur. Ona görə də hadisənin sığorta hadisəsi olub-olmadığı ilə bağlı şübhə olsa da, olmasa da, yenə də hadisə ilə bağlı vaxt itirmədən Aqrar Sığorta Fonuna məlumat versinlər ki bu məlumatlar sistemdə qeydə alınsın ki, bundan sonra zəruri prosedurlar başlansın.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər